14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanlı sahibkarların yeni imkanları ilə tanışlıq REPORTAJ

İyun ayının 8-də “Baku Crystal Hall”da yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim olunduğu sərgi öz işinə başlayıb. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Marsol Group”un birgə təşkilatçılığı, Kapital Bankın rəsmi tərəfdaşlığı ilə keçirilir.

Sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, tikinti, logistika, tekstil və digər sənaye sahələrində fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş etdirilir.

Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərini daha geniş təbliğ etmək, onların bazarlara çıxış imkanlarını genişləndirmək, iş adamları arasında işgüzar tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək və yeni əməkdaşlıq əlaqələri qurmaqdır. Sərginin əsas üstünlüyü iqtisadiyyatın bütün sahələrində məhsul və xidmətlərin təqdim edilməsidir.

KOBİA sərgidə ayrıca stendlə təmsil olunur. Agentlik 13 qida, kənd təsərrüfatı, nəşriyyat, sənaye, İKT və xidmət sahələrində fəaliyyət göstərən KOB subyekti, o cümlədən Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü olan 2 qadın sahibkarın məhsul və xidmətlərini təqdim edir. Sərgi Bakı sakinləri və şəhərin qonaqları üçün iyunun 10-u saat 18.00-dək açıqdır, giriş pulsuzdur.

Beləliklə, oxucularımızı sərgidə təklif olunan xidmətlərlə tanış etməyin vaxtıdır. Əvvəlcə mebel nümunələrinin təqdim olunduğu stendə yaxınlaşırıq. Şirkət nümayəndələri bizə bütün mövcud məhsulların nümunələrini göstərdilər, onların sözlərinə görə, yayda bağ üçün hörmə kreslolar və masalara olan maraq artır.

Yaxınlıqda parlaq stend yerləşir, burada reklam işlərinin nümunələri təqdim olunur: çox rəngli plastik hərflər, yanan lampalar və s. Hər bir reklamçı, reklam kampaniyasının məqsədindən asılı olaraq, müxtəlif dizaynlar seçə bilər.

Növbəti stenddə bizi poliuretan məmulatların istehsalı və təmiri xidmətləri ilə tanış edirlər. Stenddə təmsil olunan şirkət rulonların, təkərlərin, ştampların, ayırıcı lövhələrin istehsalı və bərpası ilə məşğuldur. Yeri gəlmişkən, poliuretanlar ilk dəfə 1937-ci ildə alman alimi Otto Bayer tərəfindən sintez edilmiş və disiyanatın diol ilə reaksiyası nəticəsində əldə edilib.

Burada isə optik xidmətlər göstərilir, stend müştərilərə dünyanın ən qabaqcıl “Free-Form” texnologiyası ilə hazırlanmış optik və gün eynəklərini nümayiş etdirir.

“Əsas məqsədimiz insanları göz sağlamlığı ilə bağlı maarifləndirmək, təcrübəli optik məsləhətçilərin və oftalmoloqların nəzarəti altında müştərilərə onların ehtiyaclarına uyğun məhsulları təqdim etməkdir”, - deyə stend nümayəndələri bildiriblər.

Növbəti pavilyonda bizi səhranın ortasındakı vahə kimi bulaq suyu olan stend qarşılayır. Bu stenddə məhsulları nümayiş olunan sahibkarların sözlərinə görə, təqdim etdikləri su minerallarla zəngindir, tərkibində olan metasel turşusu böyrəklər və öd yolları üçün faydalıdır.

Növbəti küncdə ziyarətçilər konteyner məhsulları, hamam şkafları, zibil qutuları və digər məhsulları görə bilərlər. Sərgidə Azərbaycanda ilk sement və gips əsasında məhsul istehsalçısı da iştirak edir.

Ön stend sahibkarları Rusiya, Türkiyə, Ukrayna, İtaliya və İspaniya da daxil olmaqla, dünyanın bir çox tanınmış şirkətlərinin istehsal etdiyi istilik izolyasiya lövhələri və tikinti materiallarını idxal edərək onları daxili bazarda satırlar.

Sonra bizi kənd təsərrüfatı suvarma sistemləri və avadanlıqlarının satışı ilə məşğul olan şirkət qarşılayır. “Məqsədimiz innovativ həllər təklif etmək, kənd təsərrüfatının inkişafı üçün əvəzsiz vasitə sayılan suvarma sistemlərinin ölkəmizdə geniş tətbiqinə dəstək vermək və hətta ən ucqar regionlarda belə istehlakçıların tələbatını qısa zaman ərzində ödəməkdir”, - stendin nümayəndəsi deyir.

Bu stend ətrafına xeyli insan toplaşıb, görəsən burada nə təqdim olunur? Yaxınlaşıb öyrənirik ki, bu şirkət dünyanın aparıcı maşın və avadanlıq istehsalçılarının liftlərini və digər qaldırıcı avadanlıqlarını nümayiş etdirir. Növbəti stend də ziyarətçilərin heyranedici baxışlarını cəlb edir, onun divarlarında dəbdəbəli dizayn obyektləri var. Stend nümayəndələri Azərbaycanda ipək tərkibli dekorativ divar kağızı məhsullarının topdan və pərakəndə satışını həyata keçirirlər.

Sonra yerli geyim şirkətinin stendi gəlir. Nümayəndələrinin sözlərinə görə, onların həm kişi, həm də qadın geyimlərinin keyfiyyəti və qiymətləri çox münasibdir. “Fəaliyyətinə qadın geyimlərinin istehsalı ilə başlayan şirkətimiz 1996-cı ildən kişi geyimlərini istehsal edir. Hazırda şirkətimiz Almaniya, Çin, Türkiyə, Rusiya, Hindistan və s. ölkələrin toxuculuq sənayesi müəssisələri ilə əməkdaşlıq edir və dünyanın müxtəlif ölkələrində keçirilən tekstil sərgilərində iştirak edərək bu sahədə ən son texnologiyaları ölkəmizə gətirir”, - deyə onlar qeyd ediblər.

Ekskursiyamıza davam edirik. Elektron ticarəti müasir dövrümüzün və gələcəyimizin əsas biznes modeli adlandırmaq olar. Artıq öz brendini yaratmaq və komissiya ödəmədən satış etmək istəyən bir çox sahibkar elektron ticarət saytı yaratmağa üstünlük verir. Növbəti stend bu mövzuya həsr olunub.

Ölkəmizdə fəaliyyət göstərən ən qabaqcıl şirkətlərdən birinin iş geyimləri, əməyin mühafizəsi vasitələri və təhlükəsizlik ayaqqabılarının istehsalı və satışı üzrə məhsulları da ziyarətçilərə təqdim olunur.

Uzaqdan tanış şüşə yuyucu vasitələrə diqqət yetirirəm, bu şirkətin əsas fəaliyyəti insanlar və ətraf mühit üçün təhlükəsiz olan dezinfeksiyaedici, maye yuyucu və ağardıcıların istehsalıdır. “Məhsullarımız istehsal olunduqdan sonra onların keyfiyyəti texnoloqlarımız tərəfindən yoxlanılır və satışa çıxarılır. Bizim missiyamız ölkə iqtisadiyyatını gücləndirmək, cəmiyyət və ətraf mühit üçün faydalı olan parlaq gələcəyi təmin etməkdir”, - şirkət nümayəndəsi deyir.

Qeyd edək ki, sərgidə təhsil sahəsində fəaliyyət göstərən şirkətlər də iştirak edir. Onların əsas məqsədi Azərbaycanda (ilk növbədə Bakıda) məktəbəqədər təhsildən başlayaraq bütün yaş qrupları üçün təlim də daxil olmaqla, müasir standartlara cavab verən tədris mərkəzi yaratmaqdır.

Sonra kompüter avadanlıqları, printerlər satan və onlara xidmət göstərən şirkətlərlə, beynəlxalq yükdaşıma xidmətləri göstərən sahibkarlarla, istehsal, xidmət, ticarət, tikinti və fərqli iqtisadi fəaliyyət növləri ilə məşğul olan peşəkarlar komandası ilə tanış oluruq.

Başqa bir stenddə yaşlı ziyarətçi alüminium qapı və pəncərələrin, silikon fasadların, ofis arakəsmələrinin, sürüşmə sistemlərinin, şüşə məhəccərlərin, şüşə torların keyfiyyəti ilə maraqlanır.

Sərgidə təmsil olunan növbəti şirkət isə 4 ilə yaxındır ki, Sumqayıt şəhərində turizm agentliyi kimi fəaliyyət göstərir və bütün səyahət xidmətləri üzrə bir çox şirkətlərlə əməkdaşlıq edir.

Növbəti şirkət tərəfindən istehsal olunan kağız və plastik fincanlar, “fast food”, tibbi və təmizlik məhsulları, streç polietilen və digər birdəfəlik istifadə olunan məhsullar gündəlik həyatımızda çox vacibdir.

Təzə hazırlanmış un məmulatlarının ətirli qoxusu ətrafa yayılıb. Təəccüblü deyil, çünki qarşımızda paxlava cənnəti uzanır. Bu mağazanın menyusunda 60-dan çox paxlava növü (südlü, şərbətli, qaymaqlı paxlava, püstə və qoz, düyü pudinqi, kadaif, soyulmuş püstə, bulka və türk lokumu, qəhvə, şokolad paxlavası və s.) var.

Sərginin iştirakçıları olan digər sahibkarlar bizi istehsal etdikləri xalçalar və döşəmə örtükləri ilə tanış etdilər. Sonda biz qapaqlı mis (Cu) və alüminium (Al) naqillərin istehsalı, qaz, su məhsulları və 5-ci nəsil radiatorların və qızdırıcıların satışı və texniki xidməti ilə məşğul olan şirkətlərin nümayəndələri ilə söhbət etdik.

Sərgidə təmsil olunan növbəti birlik çox vacib bir işlə məşğuldur: onların məqsədi psixi sağlamlığı inkişaf etdirmək, psixi pozğunluğu olan insanlara, o cümlədən uşaqlara kömək etməkdir.

Nəhayət, videomüşahidə və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlığının, kompüter aksesuarlarının və digər İT məhsullarının topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış şirkətin nümayəndələri maraqlı faktlarla bağlı bizə məlumat verirlər.

Bununla bugünkü səyahətimiz yekunlaşır. Şəhərimizin bütün sakinlərinə və qonaqlarına bu sərgini ziyarət etməyi tövsiyə edirəm. Çünki sərgini ziyarət etməklə özünüz üçün çoxlu maraqlı faktlar öyrənməklə yanaşı, həm də yerli şirkətlərimizin geniş çeşidli xidmət və məhsulları ilə tanış olacaqsınız.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?