10 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı – Riçard Stoun

Britaniya iqtisadçısı Riçard Stoun (Richard Stone) 30 avqust 1913-cü ildə Londonda anadan olub. İlk təhsilini Vestminster məktəbində alıb, Kembric Universitetinə daxil olub, 1935-ci ildə oranı və bitirib.

1936-cı ildə Kembric Universitetinin məzunu Uinifred Meri Cenkins ilə ailə qurub və həyat yoldaşı ilə birlikdə bir sıra iqtisadi tədqiqatlarda iştirak edib. Onlar 1937-ci ildə Kolin Klark tərəfindən təsis edilmiş “Trends” adlanan aylıq iqtisadi və biznes jurnalını nəşr ediblər. Jurnalda məşğulluq, istehsal, istehlak, kapital qoyuluşu, qiymətlərin hərəkəti, xarici ticarət haqqında iqtisadi göstəricilər dərc edilirdi. Onlar vaxtaşırı öz nəşrlərinə regional məşğulluq və ya digər ölkələrdəki iqtisadi vəziyyətlə bağlı xüsusi məqalələr də daxil edirdilər.

R.Stoun İkinci Dünya müharibəsi illərində Böyük Britaniyanın Müdafiə Nazirliyində İqtisadi İnformasiya Departamentində, eləcə də Nazirlər Kabineti yanında Mərkəzi Statistika Bürosunda çalışıb. Müharibədən sonra Kembric Universitetinin Tətbiqi İqtisadiyyat Departamentinin direktoru təyin edilib, daha sonra bir sıra Avropa ölkələrinin (o cümlədən Marşal Planı çərçivəsində) milli büdcələrini hesablayan qrupa rəhbərlik edib. Büdcə məsələləri ilə bağlı inkişaf etməmiş ölkələrin hökumətlərinə məsləhətlər verib, ekspertlər komitəsinin rəhbəri və 1952-ci ildən BMT-nin eksperti olub.

1955-ci ildə Kembric Universitetində maliyyə professoru dərəcəsini alıb. A.Braun ilə birlikdə Britaniya iqtisadiyyatının ekonometrik modelinin qurulması üzərində işləyib. 1974-cü ilə qədər nəşr olunan “İnkişaf proqramı” (“Growth Program”) seriyasının baş redaktoru olub. 1980-ci ildə Kemric Universitetindən təqaüdə çıxandan sonra fəal elmi fəaliyyətini davam etdirib.

1978-ci ildə ona zadəgan rütbəsi verilib. O, zadəgan kimi incəsənətə himayə göstərib və yaxşı şərabların, eləcə də siqarların bilicisi kimi tanınıb. Dostlarından biri onu "tənhalığı sevən" və "qapalı şəxsiyyət" kimi qiymətləndirib.

R.Stounun əsərləri ilk növbədə milli gəlirin hesablamalarına (milli hesablar sistemi), demoqrafik hesablamalar sisteminə, istehlakçı davranışına, Britaniya iqtisadiyyatının ekonometrik modelinə həsr edilib.

Milli hesablar sisteminin banisi hesab olunan R.Stounun “Milli gəlir və dövlət xərcləri” (1944, C. Mid ilə birlikdə); “Milli gəlirin ölçülməsi və milli hesabların qurulması” (1947); Birləşmiş Krallıqda 1920–1938-ci illərdə istehlakçı xərclərinin və istehlakçı davranışının ölçülməsi (1954–1966, D. Rouv ilə birlikdə); “İqtisadi artımın hesablana bilən modeli” (1964, A. Braun ilə birlikdə); “Sosial elmlərdə riyaziyyat və digər esselər” (1966); “İqtisadiyyatda riyazi modellər və digər esselər” (1970); “Sosial və demoqrafik statistika sisteminə doğru” (1975); “İqtisadi və sosial modelləşdirmənin bəzi aspektləri” (1981) və s. kimi əsərləri müasir dünya iqtisadiyyatına təsir göstərmiş elmi mənbələr kimi qiymətləndirilir.

R.Stoun 1984-cü ildə “İqtisadiyyat elminin inkişafına mühüm töhfə verdiyinə görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb. İsveç Kral Elmlər Akademiyasının üzvü Erik Lundberq laureatın təqdimat mərasimindəki çıxışında R.Stounun hazırladığı milli hesablar sistemini “siklik və struktur təhlili üçün vacib alət” adlandıraraq qeyd edib ki, "milli hesablar iqtisadi proqnozların milli büdcələr şəklində əsaslandığı sistematik sənədli bazanı təşkil edir".

R.Stoun 6 dekabr 1991-ci ildə Kembricdə vəfat edib.

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?