12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Jerar Debre

Dünyada Amerika iqtisadçısı kimi tanınan Jerar Debre (Gerard Lucien Victor Debreu) 1921-ci ildə Fransanın Kale şəhərində anadan olub. Paris Universitetində riyaziyyat təhsili alıb və universiteti 1946-cı ildə bitirib.
Təhsilini 1948-ci ildən Rokfeller Fondunun təqaüdü ilə ABŞ-da davam etdirib. 1948-ci ildə Çikaqo Universitetində Couls Komissiyasının üzvü olub və Kennet Arrou ilə əməkdaşlıq etməyə başlayıb. Onlar birlikdə iqtisadçılara o vaxta qədər məlum olmayan topoloji metodlardan istifadə etməklə ümumi tarazlığın mövcudluğunun ciddi riyazi sübutunu təqdim edən “Rəqabətli iqtisadiyyatda tarazlığın mövcudluğu” (1954) adlı fundamental əsəri nəşr etdiriblər.
J.Debre 1955-1956-cı illərdə altı ay Parisdə Fransa Elektrik Xidmətində çalışıb. 1956-cı ildə Paris Universiteti ona elmlər namizədi elmi dərəcəsi verib. 1955-1961-ci illərdə Yel Universitetinin professoru kimi fəaliyyət göstərib, 1962-ci ilə qədər Kouls Fondunda və Stenford Universitetində çalışıb. Oradan iqtisadiyyat professoru kimi Kaliforniya Universitetinə keçib. 1975-ci ildə o, həm də riyaziyyat professoru vəzifəsinə təyin edilib.
J.Debrenin elmi maraqları ilk növbədə müasir iqtisadi nəzəriyyənin mərkəzi sahələrindən birinin - əsasları A.Smit tərəfindən qoyulmuş ümumi tarazlıq nəzəriyyəsinin inkişafı ilə bağlıdır. A.Smit mərkəzləşdirilməmiş bazar sistemində ayrı-ayrı istehlakçılar və firmalar səviyyəsində müstəqil qəbul edilən qərarların necə əlaqələndirilməsi problemini qoymuşdu ki, nəticədə satıcılar öz məhsulları üçün bazar tapsınlar, alıcılar isə öz ehtiyaclarını ödəsinlər.
J.Debre 1959-cu ildə “Dəyər nəzəriyyəsi: İqtisadi tarazlığın aksiomatik təhlili” adlı şah əsərini nəşr etdirib. İqtisadçıların mənimsəyə biləcəyi ən yüksək riyazi incəlik səviyyəsini göstərən bu kitabçada diferensial hesablamalar və matrislər əvəzinə çoxluqlar nəzəriyyəsi və topologiyasından istifadə edilməklə minimal səy və maksimum dəqiqlik sayəsində rəqabətqabiliyyətli qiymət nəzəriyyəsinin ənənəvi nəticələri uğurla əldə edilib.
O vaxtdan sonra J.Debre, rəqabət şəraitində ümumi tarazlığın mövcudluğunu sübut etmək üçün tələb olunan ciddi fərziyyələri yüngülləşdirməyə yönələn "mövcudluq teoremi" adlı çoxlu sayda sırf riyazi məqalələr nəşr etdirib. Bu məqalələrində o, “real iqtisadiyyatlar ümumi tarazlığa hansı sürətlə gəlirlər?” sualına da cavab verməyə çalışıb.
J.Debrenin əsərləri mücərrədliyi, mürəkkəb riyazi quruluşu ilə seçilir ki, bu da onların hətta iqtisadçılar arasında başa düşülməsini və istifadəsini çətinləşdirir. Buna baxmayaraq, J.Debre və onun davamçılarının əsərləri iqtisad elminin tərəqqisinə çox böyük töhfələr verib.
J.Debre 1969-1971-ci illərdə Ekonometrik Cəmiyyətin prezidenti, 1970-ci ildən Amerika Elmin İnkişafı Assosiasiyasının üzvü və 1990-cı ildən Amerika İqtisadiyyat Assosiasiyasının prezidenti olub. 1976-cı ildə Fransanın “Fəxri legion” ordeninə layiq görülüb.
J.Debre 1983-cü ildə "ümumi tarazlıq nəzəriyyəsinin inkişafına verdiyi töhfəyə görə" Nobel Mükafatına layiq görülüb. İsveç Kral Elmlər Akademiyasının üzvü K. G. Möhlerin fikrincə, J.Debrenin ümumi tarazlıq nəzəriyyəsinə dair əsərləri “qiymətlərin mexanizmi haqqında məlumat verməklə yanaşı, yeni analitik metodlar, yeni təhlil alətləri təqdim edir”.
J.Debre 2004-cü ilin yeni il gecəsində - dekabrın 31-də doğma vətəninin paytaxtı Paris şəhərində vəfat edib.
VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?