İqtisadiyyat üzrə Nobel mükafatçısı -Tyallinq Kupmans
Amerika iqtisadçısı Tyallinq Kupmans 28 avqust 1910-cu ildə Hollandiyanın Qravlend şəhərində anadan olub.
Onun iqtisadçı kimi yetişməsində XX əsrin böyük alimləri Yan Tinberqenin və Raqnar Frişin (sonradan bu alimlərin hər ikisi Nobel mükafatına layiq görülüb) ciddi təsiri olub.
Tyallinq Kupmans 1927-ci ildə hələ 17 yaşında olarkən Utrext Universitetinin riyaziyyat bölməsinə qəbul olunub, 1930-cu ildən isə həmin universitetin nəzəri fizika bölməsinə keçib. 1933-cü ildə riyaziyyat və fizika ixtisasları üzrə təhsilini tamamlayandan sonra iqtisadçı Yan Tinberqenlə tanış olub və onun rəhbərliyi altında riyazi iqtisadiyyat sahəsində təhsil almaq üçün Amsterdama gedib. Kupmans riyazi iqtisaddan başqa, statistika və ekonometrika sahələrində də tədqiqatlar aparıb. Xüsusən 1935-ci ilin payızında Norveçdə Raqnar Frişin yanında işləməkdən çox təsirlənib. Müəllimi Leyden şəhərinə təyin olunduğu üçün T.Kupmans magistr diplomunu 1936-cı ildə Leyden Universitetində alıb.
Rotterdamdakı Hollandiya İqtisadiyyat Məktəbində, Cenevrədəki Millətlər Liqasında, 1940-cı ildən sonra Prinston Universitetində və Vaşinqtondakı Britaniya Ticarət Dəniz Missiyasında, Çikaqodakı Coulz Fondunda çalışıb. 1946-cı ildə ABŞ vətəndaşlığını qəbul edib. 1955-ci ildən ABŞ-nin Yel Universitetində iqtisadiyyat professoru kimi fəaliyyətə başlayıb və 1981-ci ildə bu universitetin fəxri professoru seçilib. 1961-1967-ci illərdə “Cowles Fondu”nun direktoru olub.
Kupmansın əsərləri rəqabətli bazarlarda resursların bölüşdürülməsinə, mikroiqtisadi nəzəriyyəyə tətbiq edilən xətti proqramlaşdırma metoduna, optimal artım meyarına, inkişafın proqramlaşdırılmasına həsr edilmişdir. O, “Fəaliyyətin təhlili” konsepsiyasının müəllifi kimi tanınır. Əsərləri arasında “Tanker yük tarifləri və tank gəmisinin tikintisi” (1939); “Müxtəlif marşrutlar üzrə yüklər arasında mübadilə nisbətləri” (1942); “Dinamik iqtisadi modellərdə statistik nəticə” (1950); “Məhsulların istehsalı və bölüşdürülməsi üzrə fəaliyyətlərin təhlili” (1951); “İqtisadiyyat elminin vəziyyəti haqqında üç esse” (1957) daha məşhurdur. 1970–1985-ci illərdə və elmi məqalələrinin ikicildliyi nəşr edilib.
Maraqlıdır ki, onunla eyni zamanda, lakin onun işi haqqında heç nə bilmədən eyni məzmunda araşdırmanı Sovet iqtisadçısı Leonid Kantoroviç də aparmışdı və bu iki alim iqtisadiyyat sahəsində tamamilə eyni elmi nəticələr əldə etmişdit.
Tallinq Kupmans 1975-ci ildə Leonid Kantoroviçlə birlikdə "resursların optimal bölgüsü nəzəriyyəsinə verdiyi töhfəyə görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüb.
T.Kupmans 26 fevral 1985-ci ildə Nyu-Heyvendə vəfat edib.