22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat üzrə Nobel mükafatçısı - Kennet Cozef Errou

Amerikalı iqtisadçı Kennet Cozef Errou Nyu-Yorkda anadan olub, Nyu-York Şəhər Kollecində oxuyub, 1940-cı ildə sosial elmlər ixtisası üzrə məzun olub.

1940-cı ildə Kolumbiya Universitetinə daxil olan Errou riyaziyyat təhsili almağa başlayıb və növbəti il magistr dərəcəsi alıb. Sonra iqtisadçı Harold Houtlinqin məsləhəti ilə iqtisadiyyata üz tutub.

İkinci Dünya Müharibəsi Errounun universitetdəki təhsilini yarımçıq kəsib: o, 1942-ci ildən 1946-cı ilə qədər ABŞ Hərbi Hava Qüvvələrində zabit kimi xidmət edib, oradan kapitan rütbəsi ilə təqaüdə çıxıb. 1946-1949-cu illərdə Kolumbiya Universitetində təhsilini davam etdirib.

1949-cu ildən Stenford Universitetində iqtisadiyyat üzrə köməkçi professor vəzifəsində çalışıb, burada iqtisadiyyat, statistika və əməliyyat tədqiqatları professoru dərəcəsinə yüksəlib. 1968-ci ildən Harvard Universitetinə keçib. 1974-1979-cu illərdə Harvarddakı Ceyms Brayan Konant Universitetinin professoru olub. 1980-ci ildən Stenforda qayıdıb.

1950-ci illərin əvvəllərində iqtisadi nəzəriyyənin bir çox sahələrinə əhəmiyyətli töhfələr verib. Onun “Klassik rifah iqtisadiyyatının əsas teoremlərinin genişləndirilməsi” (1951) əsəri həm rəqabətli bazarda tarazlığın Pareto-səmərəlilik yaratdığını, həm də istənilən Pareto-səmərəli bölgünün bazar qüvvələri tərəfindən həyata keçirilə biləcəyini sübut edib. Bu nəzəriyyə sayəsində siyasətin yürüdülməsi ilə bağlı mürəkkəbliklər aydınlaşırdı: Errounun nəzəriyyəsinə əsasən, gəlirləri yenidən bölüşdürmək istəyən hökumətlər bazar mexanizminin fəaliyyətinə birbaşa (məsələn, qiymətlərə nəzarət vasitəsilə) müdaxilə etməməlidirlər. Onlar bazar qüvvələrinin sərbəst fəaliyyət göstərməsinə imkan vermək üçün daha çox başqa vasitələrdən (məs., ümumi vergilər, transfertlər) istifadə etməlidirlər.

Errou “Təlimin təcrübəyə təsirinin iqtisadi nəticələri” əsərində (1962) göstərirdi ki, işçi qüvvəsi təcrübə qazandıqca, ümumi məhsul artdıqca istehsal daha səmərəli olur. Əsərdə bazar iqtisadiyyatının bu sahədəki innovasiyaların qeyri-kommersiya xarakterli olması səbəbindən tədqiqat və inkişafa kifayət qədər sərmayə qoymağa meylli olduğu iddia edilirdi. Onun “Risk daşıma nəzəriyyəsi” (1963) haqqında esseləri hələ də qeyri-müəyyənlik iqtisadiyyatının ən yaxşı mənbələrindən biri sayılır. Errounun bu əsəri bazar mexanizminin həm imkanları, həm də məhdudiyyətləri haqqında anlayışı xeyli genişləndirib.

Errounun iqtisadçı M.Kurz ilə birgə yazdığı “Dövlət investisiyaları, gəlir dərəcəsi və optimal fiskal siyasət” (1970) kitabının mövzusu dövlət sərmayəsi üçün uyğun meyarlara həsr olunub. Bundan əlavə, alimin səyləri iqtisadi inkişaf və urbanizasiya böhranı, idarəetmə elminin problemləri, diskriminasiya iqtisadiyyatı kimi müxtəlif istiqamətlərdə tədqiqatlara yönəldilib.

Errou Con Hicks ilə birlikdə 1972-ci ildə "ümumi tarazlıq nəzəriyyəsi və rifah nəzəriyyəsinə innovativ töhfələrə görə" iqtisadiyyat üzrə Nobel memorial mükafatına layiq görülüb.

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?