Mənfəət vergisindən azad olunan əməliyyatlarda diqqət yetirilməli məqamlar
Mövzunu “vergiler.az”a vergi eksperti Azər Qənbərov şərh edir.
Məlum olduğu kimi, kommersiya fəaliyyəti ilə məşğul olan müəssisələr eyni zamanda sponsorluq müqaviləsi və yaxud ianə (yardım) məbləğinin verilməsi ilə bağlı kənar təşkilatlarla və müəssisələrlə müqavilələr bağlaya və ödənişlər edə bilər. Bu halda, sponsorluq müqavilələrində reklam xidmətlərinin göstərilməsi halları istisna olmaqla, ödəniş məbləğləri üzrə çəkilən xərclər gəlirdən çıxılmayan xərclərə aid edilərək mühasibat yazılışlarında qeyd olunur. Lakin bəzən elə hallar olur ki, müəssisə dövlət xəstəxanalarına, elm və mədəniyyət sahələrinə, idman federasiyalarına bu tipli ianə (yardım) ödənişləri edir. Bu zaman ödənişlər nağdsız qaydada həyata keçirildiyi təqdirdə, müəyyən limit çərçivəsində xərclər nəzərə alına və mənfəətdən azaldıla bilər.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu maddəsinə əsasən, dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna edilməklə, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara (Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondu və “Yaşat” Fondu) nağdsız qaydada köçürülən hissəsi 2024-cü il yanvarın 1-dən 5 il müddətinə mənfəət vergisindən azad edilib. Bu səbəbdən, belə ödənişlər zamanı müəssisələr vergiyə cəlb olunan mənfəəti həmin məbləğin 15%-i qədər azalda bilərlər. Lakin bu zaman vergi ödəyicisi müvafiq tələblərə riayət etmədikdə vergi orqanı tərəfindən yoxlamalar zamanı əlavə vergi riskləri və maliyyə sanksiyaları ilə üzləşə bilər.
Nazirlər Kabinetinin 12 mart 2020-ci il tarixli 88 nömrəli Qərarına əsasən, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları” təsdiq edilib. Meyarlara əsasən, hər bir sahə üzrə (idman, mədəniyyət, səhiyyə, elm, təhsil səhələri) ayrı-ayrılıqda tələblər nəzərdə tutulsa da, ümumi tələblər də qeyd olunub. Bu tələblərə riayət edilmədikdə isə qeyd edilən əməliyyat üzrə mənfəət vergisindən güzəşt və azadolmaya əsas olmayacaq.
Mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:
- Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərgilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziumların təşkilini, nəşr məhsullarının hazırlanmasını və yayımını həyata keçirən, habelə film istehsal edən hüquqi şəxslər (kommersiya hüquqi şəxsləri istisna edilməklə) olması;
- Teatr, kitabxana və ya muzey kimi fəaliyyət göstərməsi.
Elm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların meyarları aşağıdakılardır:
- Təsis sənədlərində “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsi ilə müəyyən edilmiş elmi fəaliyyət sahəsində fəaliyyət göstərməsinin nəzərdə tutulması;
- “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, akkreditasiyadan keçməsi;
- “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində göstərilən elm sahəsində dövlət siyasətinin əsas prioritetləri üzrə tədqiqat aparması;
- Ən azı 5 (beş) nəfər elmi işçisinin olması.
Təhsil sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlar aşağıdakı meyarlardan hər hansı birinə cavab verməlidir:
- Dövlət orqanlarının, dövlətin adından yaradılmış publik hüquqi şəxslərin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısilə dövlətə məxsus hüquqi şəxslərin tabeliyində olması;
- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya alması.
Səhiyyə sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:
- Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olması;
- Köçürülən vəsaitin nizamnaməsində nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə əhalinin sağlamlığının qorunması ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədləri üçün istifadə edilməsi.
İdman sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları aşağıdakılardır:
- “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş ictimai birlik formasında yaradılan respublika idman federasiyaları (assosiasiyaları) və ya idman klubları olması;
- Köçürülən vəsaitin idman federasiyaları (assosiasiyaları) və ya idman klublarının təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün sərf edilməsi.
Ödənişi qəbul edən müəssisə, idarə və təşkilat aid olduğu fəaliyyət sahəsi üzrə meyarlarda müəyyən edilmiş aşağıdakı tələblərə cavab verməlidir:
- Meyarlarda nəzərdə tutulan şəxslərə ödəniş edilərkən, ödənişin təyinatı ödəniş sənədində düzgün, tam və aydın şəkildə qeyd olunmalıdır və ödəniş nağdsız qaydada vəsaiti köçürən şəxsin bank hesabından vəsaiti alan şəxsin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. Təyinatı qeyd olunmayan (düzgün və ya tam qeyd olunmayan) ödənişlər, habelə nağd qaydada ödənilən məbləğlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 106.1.18-ci maddəsində nəzərdə tutulmuş vergidən azadolmaya əsas vermir.
- Ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 (bir) ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alğı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, bank çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim edir.
Göründüyü kimi, ödənişlər edilərkən təyinatı düzgün qeyd olunmasa, müəssisə vergidən azadolma əldə edə bilmir. Məsələn, kommersiya müəssisəsi futbol federasiyasına qeyd olunan əsaslarla müqavilə üzrə ianə (yardım) ödənişi edirsə, təyinatda “Futbolun inkişafı üçün” və ya “Təsis sənədlərində nəzərdə tutulan məqsədlər üçün” sözlərini qeyd etməli və həmin ödənişlərin təyinatı üzrə xərclənməsini təsdiq edən sənədləri (müqavilələr, təhvil-qəbul aktları, invoyslar, YGB-lər, e-qaimələr, ödəniş sənədləri) federasiyadan tələb etməlidir.
Misal 1. “AA” MMC rezident hüquqi şəxsin hesabat ili üzrə gəlirləri 3.000.000 manat, gəlirdən çıxılan xərcləri isə 1.200.000 manat olub. Hesabat ili ərzində müvafiq qaydada qeydiyyatdan keçmiş Elmi-Tədqiqat Layihə İnstitutuna 100.000 manat yardım olaraq nağdsız qaydada vəsait ödəyib və ödənişin təyinatı üzrə xərclənməsini təsdiq edən sənədlərin surətlərini alıb. İnstitutun 50-yə yaxın işçisi olsa da, elmi işçilərin sayı 4 nəfər olub. Bu zaman vergiyə cəlb olunan mənfəətin 1.800.000 x 15% = 270.000 manatlıq hissəsi, o cümlədən misalda qeyd edilən halda ödənilən 100.000 manat vəsait azadolmaya aid edilsə də, “AA” MMC həmin məbləği güzəşt olaraq istifadə edə bilməyəcək.
Misal 2. “YY” MMC rezident müəssisəsi mənfəət vergisinin ödəyicisidir. Gəlirləri 5.000.000 manat, gəlirdən çıxılan xərcləri 2.000.000 manat olub. Hesabat ili ərzində müvafiq qaydada qeydiyyatdan keçmiş özəl klinikaların birinə 400.000 manat yardım olaraq nağdsız qaydada vəsait ödəyib və ödənişin təyinatı üzrə xərclənməsini təsdiq edən sənədlərin surətlərini alıb. Bu halda, bütün sənədlərin qaydasında olmasına baxmayaraq, vergiyə cəlb edilən mənfəətin 15%-i qədər, yəni 3.000.000 x 15% = 450.000 manat, o cümlədən misalda qeyd edilən halda, ödənilən 400.000 manat vəsait vergiyə cəlb edilən mənfəətdən azaldıla bilərdi. Lakin klinika dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisəsi olmadığı üçün həmin güzəştdən istifadə edə bilməyəcək.
Misal 3. “XX” MMC rezident müəssisəsi mənfəət vergisinin ödəyicisidir. Gəlirləri 6.000.000 manat, gəlirdən çıxılan xərcləri 4.500.000 manat olub. Hesabat ili ərzində müvafiq qaydada qeydiyyatdan keçmiş ictimai birlik formasında yaradılmış futbol federasiyasına 250.000 manat yardım olaraq nağdsız qaydada vəsait ödəyib. Lakin ödənişin təyinatı üzrə xərclənməsini təsdiq edən sənədlərin surətini almayıb. Bu halda da bütün sənədlər qaydasında olmasına baxmayaraq, vergiyə cəlb edilən mənfəətin 15%-i qədər, yəni 1.500.000 x 15% = 225.000 manat vəsait vergiyə cəlb edilən mənfəətdən azaldıla bilərdi. Lakin “XX” MMC həmin sənədləri alıb özündə keçiriləcək növbəti səyyar vergi yoxlamasına qədər saxlamadığı təqdirdə, həmin güzəştlərdən istifadə edə bilməyəcək.
Yuxarıda qeyd edilən hallarda, güzəşt və azadolmalar vergi ödəyiciləri tərəfindən müvafiq prosedurlara uyğun olaraq, düzgün şəkildə tətbiq edilməlidir. Əks halda, vergi ödəyicisi yoxlamalar zamanı vergi riskləri ilə üzləşə və əlavə maliyyə itkilərinə məruz qala bilər.



