14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kimlərə əmlak vergisindən güzəştlər tətbiq edilir?

Mövzunu “vergiler.az”a vergi eksperti İsmayıl Bağırov şərh edir.
 

Vergi Məcəlləsinin 199.1-ci maddəsinə əsasən, aşağıdakı hüquqi şəxslər əmlak vergisini ödəməkdən azaddır:

- Dövlət hakimiyyəti orqanları;

- Büdcə təşkilatları;

- Yerli özünüidarəetmə orqanları;

- Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları;

- Dövlətin adından yaradılan publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan əmlaka görə ödənilməli vergi istisna olmaqla);

- Dövlət fondları;

- Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları.

Vergi Məcələsinin 199.2-ci maddəsində göstərilib ki, misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

Misal 1: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs emalatxanasında misgərlik fəaliyyəti ilə məşğul olur. Bu maddəyə əsasən həmin emalatxana əmlak vergisinə cəlb edilmir.

Qeyd edək ki, göstərilən fəaliyyət növü ilə hüquqi şəxs məşğul olsaydı, emalatxana əmlak vergisinə cəlb olunacaqdı.

Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Bu maddəyə əsasən, pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin, habelə aşağıdakı fiziki şəxslərin (Vergi Məcəlləsi 102.1-1-ci və 102.2-ci) mülkiyyətində olan binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.

- Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının;

- Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;

- Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;

- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;

- müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;

- həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;

- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;

- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;

- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Müddətli hərbi xidmət hərbi qulluqçuları dedikdə kimlərin nəzərdə tutulduğunu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq müəyyən etmək olar. Həmin qanunun 28.2-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq müəyyən etmək olar. Bu qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara bölünür. Vergi Məcəlləsinin 199.3-cü maddəsində pensiyaçılar dedikdə heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Misal 2: Naxçıvan şəhərində yaşayan və oğlu orduda əsgər olan fiziki şəxsin xüsusi mülkiyyətində 230 kvadratmetr sahəsi olan mənzili vardır. Əmlak vergisinin məbləğini hesablayaq.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, yaşayış sahələrinin 30 kvadratmetrindən vergi hesablanmadığı üçün fiziki şəxsin xüsusi mülkiyyətində olan mənzilin 30 kvadratmetrindən vergi tutulmur, 30 kvadratmetrdən çox olan hissəsindən isə hər kvadratmetrinə görə 0,2 manat vergi hesablanır. Belə olan halda əmlak vergisinin məbləği 40 manat olacaq:

230 – 30 = 200 kvadratmetr;
200 x 0,2 = 40 manat.

Fiziki şəxsin övladı müddətli hərbi xidmət hərbi qulluqçusu olduğuna görə ödəməli olduğu əmlak vergisininin məbləği 30 manat azaldılır. Bu halda fiziki şəxs 10 manat əmlak vergisi ödəyəcək:

40 – 30 = 10 manat.

Misal 3: Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan pensiyaçının xüsusi mülkiyyətində 180 kvadratmetr sahəsi olan mənzili kirayəyə verib. Əmlak vergisinin məbləğini hesablayaq:

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, yaşayış sahələrinin 30 kvadratmetrindən vergi hesablanmadığı üçün pensiyaçının xüsusi mülkiyyətində olan mənzilin 30 kvadratmetrindən vergi tutulmur. Ondan çox olan hissəsindən isə hər kvadratmetrinə 0,1 manat vergi hesablanır. Belə olan halda əmlak vergisinin məbləği 15 manat olacaq:

180 - 30 = 150 kvadratmetr;
150 x 0,1 = 15 manat.

Baxmayaraq ki, fiziki şəxs pensiyaçıdır mənzilini kirayəyə verdiyi üçün ona əmlak vergisində 30 manat güzəşt tətbiq olunmayacaq. Deməli, pensiyaçı 15 manat əmlak vergisini ödəyəcək.

Qeyd edək ki, güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində binaları olduqda, 30 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış əmlak vergisi məbləğindən çıxılır.

Misal 4: Müharibə veteranı fiziki şəxsin Bakı şəhərinin Azadlıq prospektində (3-cü zona) yerləşən çoxmənzilli binada sahəsi 120 kvadratmetr olan və Naxçıvan şəhərində sahəsi 70 kvadratmetr olan mənzili vardır. Fiziki şəxsin əmlak vergisini hesablayaq:

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, yaşayış sahələrinin 30 kvadratmetrdən vergi hesablanmadığı üçün müharibə veteranının xüsusi mülkiyyətində olan mənzillərin hər birinin 30 kvadratmetrdən vergi tutulmur. Bundan çox olan hissəsindən Naxçıvan şəhəri üçün hər kvadrat metrinə görə 0,2 manat, Bakı şəhəri üçün hər kvadratmetrinə görə 0,4 manat vergi hesablanır. Nazirlər Kabinetinin Qərarında 3-cü zonanın əmsalı 1,3 müəyyən olunduğundan Bakı şəhəri üçün hesablanan vergi 1,3 əmsala vurulur.

Belə olan halda Bakı şəhəri üçün əmlak vergisinin məbləği 46,8 manat ((120 - 30) x 0,4 x 1,3 = 46,8 manat ) , Naxçıvan şəhəri üçün əmlak vergisinin məbləği isə 8 manat ((70 - 30) x 0,2 = 8 manat) olacaq. Fiziki şəxs müharibə veteranı olduğu üçün cəmi ödəməli olduğu əmlak vergisininin məbləği 30 manat azaldılır. Bu halda fiziki şəxs 24.8 manat əmlak vergisi ödəyəcək:

(46.8 manat + 8 manat) – 30 manat = 24.8 manat

Onu da qeyd edək ki, güzəşt hüququ olan fiziki şəxsin bir neçə mənzili olduqda, 30 manat məbləğində güzəşt hər mənzilə ayrılıqda verilmir, cəmi ödəməli olduğu əmlak vergisi məbləği 30 manat azaldılır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?