8 Sentyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı aylarda məzuniyyətə çıxmaq daha sərfəlidir? (I hissə)

Məzuniyyəti planlaşdırmağınızdan asılı olaraq, hesablanmış məzuniyyət haqqı bəzən çox, bəzən isə az ola bilər. Əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov məzuniyyətin fərqli vəziyyətlərdə götürülməsinin məzuniyyət haqqının artması və ya azalmasına necə təsir göstərdiyini izah edir.

Məzuniyyəti planlaşdırdığınız zaman onun hansı tarixlərdə sizə görə daha sərfəli hesab edilə biləcəyini bilməlisiniz. Bunu iki şəkildə sərfəli hesab etmək olar. Birincisi, bəzi şəxslər məzuniyyət haqqının daha çox olmasını, bǝzi şəxslər isə məzuniyyət günlərinin daha çox olmasını sərfəli hesab edir.

Əvvəlcə qeyd edək ki, Əmək Məcəlləsində məzuniyyətin başlanmasının və ya bitməsinin qeyri-iş günlərinə düşməsini məhdudlaşdıran hər hansı bir norma müəyyən edilməyib. Bu baxımdan, işçinin ərizəsi əsasında məzuniyyətin ilk və son günü qeyri-iş günü ola bilər. Məzuniyyətin qeyri-iş günündən başlaması həftəsonu günləri işçinin onsuz da istirahət günləri olduğundan məntiqli hesab edilməsə də qanunvericilik bunu qadağan etmədiyi üçün tətbiq edilə bilən haldır. Məzuniyyətin son gününün qeyri-iş gününə düşməsi halında isə işçinin işə başlama tarixi qeyri-iş günündən sonrakı ilk iş günü olacaq. Məzuniyyət günləri təqvim günləri üzrə verildiyi üçün başlama və bitmə tarixlərinin hansı vaxta düşməsi ilə bağlı hər hansı qadağa müəyyən edilməyib. Qeyd edilənlərə əsasən, fərqli nüanslara nəzər yetirək.

- Məzuniyyət gününün az istifadə edilməsi üçün

Əgər az məzuniyyət günlərindən istifadə edərək, çox istirahət etmək istəyiriksə, bu halda məzuniyyəti həftənin ilk günündən həftənin sonuna kimi götürmək lazımdır. Bu zaman həftəsonları məzuniyyət gününə daxil olmasa da siz 5 günlük məzuniyyət dövründə 9 gün istirahət etmək şansı əldə edəcəksiniz. Eyni zamanda bir məsələni də qeyd edək ki, Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərina daxil edilmir və ödənilmir. Buna görə də əgər siz az məzuniyyət günü ilə daha çox dincəlmək istəyirsinizsə, bu zaman məzuniyyətinizi bayram günləri daha çox olan aylara, yəni yanvar və mart aylarına sala bilərsiniz. Belə olan halda məzuniyyətin müddəti bayram günlərinə təsadüf edən məzuniyyət günləri qədər uzanacaq.

- Məzuniyyət haqqının çox olması üçün

Məzuniyyət götürərkən məzuniyyət haqqının çox olması üçün məzuniyyəti istirahət günlərinə salmaq lazımdır. Yəni məzuniyyəti həftənin son günündən və ya istirahət günündən başlayaraq götürmək və məzuniyyətin bitmə vaxtının da həftənin əvvəlinə düşməyini planlaşdırmaq lazımdır. Çalışmaq lazımdır ki, məzuniyyət günlərinə uyğun olaraq həftəsonları da məzuniyyət günlərinə daxil olsun. Bu halda məzuniyyət günləri təqvim günlərinə əsasən hesablandığı üçün istirahət günlərinə görə də ödəniş hesablanacaq. Amma bu halda daha çox məzuniyyət günündən istifadə edəcəksiniz.

- Bayram günlərinin az, iş günlərinin çox olmasına diqqət edilməsi

Məzuniyyət zamanı çox vacib məqamlardan biri də məzuniyyət götürülən ayda bayram günlərinin az, iş günlərinin çox olmasına diqqət edilməsidir. İşçinin maaşı aylar üzrə eynidir, amma aylardakı iş günlərinə görə fərqlidir. İş günlərinin bəzi aylarda çox və az olması səbəbindən bir iş gününə düşən əməkhaqqı müvafiq olaraq çox və az ola bilər.

Misal 1: İşçi sabit olaraq aylıq 1.500 manat əməkhaqqı alır. Müqayisə üçün mart və avqust ayları üzrə məzuniyyət zamanı iş günlərinə düşən əməkhaqqı məbləğinə diqqət edək.
2021-ci ilin istehsalat təqviminə əsasən, mart ayında 17, avqust ayında isə 22 iş günü var. 1.500 manatlıq əməkhaqqı ilə mart ayında hər iş gününə 88.24 manat əməkhaqqı düşürsə, avqust ayında bu rəqəm 68.18 manat olur:

1.500 : 17 = 88.24 manat;

1.500 : 22 = 68.18 manat.

İşçi məzuniyyətə çıxmayıb işlədiyi halda iş gününə düşən əməkhaqqı dəyişsə də nəticədə yekun əməkhaqqı eyni olur. İşçinin orta aylıq əməkhaqqının da 1.500 manat olduğunu düşünsək, bir günə düşən orta məzuniyyət haqqı 49.34 manat olacaq:

1500 : 30.4 = 49.34 manat.

Ardı var...

Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiQeyri-rezidentə göstərilən xidmət ƏDV-yə cəlb olunurmu? VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiXaricə elektron kitab satışı üçün vergi öhdəlikləri VergiVəsaitlər əvəzləşdirilən zaman məbləğlərin gəlir və xərc kimi göstərilməsi VergiƏlilliyi olan şəxslərin hansı vergi güzəştləri mövcuddur? VergiYemək xərclərinə görə hesablanan sığorta haqları gəlirdən çıxılırmı? VergiHansı halda nağd ödəniş etmək mümkündür? VergiMusiqi əsərini xaricə satan fiziki şəxsin vergi öhdəlikləri Vergiİlin bəzi aylarında fəaliyyətini dayandıran vergi ödəyicisi 75 faizlik güzəştdən yararlana bilərmi?