9 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisi hansı hallarda ƏDV qeydiyyatını ləğv edə bilər?

Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vergi ödəyicisi, o cümlədən Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər (Vergi Məcəlləsinin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir. Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində göstərilən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Qanunvericiliyin bu tələbini “vergiler.az”a vergi eksperti İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 158.1-ci maddəsinin tələbinə əsasən, vergi ödəyicisi ƏDV qeydiyyatından çıxa bilər, amma burada müəyyən hallar və məhdudiyyətlər var. İlk növbədə, ƏDV qeydiyyatından çıxmaq üçün vergi ödəyicisi vergiyə cəlb olunan əməliyyatlarını dayandırmalıdır. Yəni, vergi ödəyicisi ƏDV ödəyicisi kimi uçota alınıbsa, deməli fəaliyyəti nəticəsində yaranan dövriyyələr də ƏDV-yə cəlb olunacaq. Əgər o, fəaliyyətini müvəqqəti dayandırırsa, artıq bu, fəaliyyəti tam dayandırmaq sayılmır və qeydiyyatın ləğv olunması bu hala şamil olunmur. Deməli, vergi ödəyicisi fəaliyyətini tam dayandırmalıdır ki, vergiyə cəlb olunan əməliyyatları da dayandırsın. Odur ki, ƏDV ödəyicisi vergi ödəyicisi kimi ləğv olunan zaman əməliyyatlar dayandırılmış sayılır və bu zaman qeydiyyatdan çıxmaq üçün ərizə təqdim olunmalıdır.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən 3 il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Misal 1: Müəssisə qərara alıb ki, 01 iyul 2012-ci ildən fəaliyyətini 4 il müddətinə dayandırsın və bununla bağlı vergi orqanına ərizə təqdim edib. Həmçinin, ƏDV ödəyicisi kimi qeydiyyatın ləğvi ilə bağlı ərizə də təqdim edib. Vergi orqanı ərizəni qəbul etməyib. Faktiki olaraq müəssisədə əməliyyatlar dayanıb. Əvvəla, fəaliyyətin dayandırılması müvəqqətidir. İkincisi, vergi orqanı dəqiq bilmir ki, ərizə yazıb fəaliyyətini müvəqqəti dayandırdığını bəyan edən firmanın faktiki fəaliyyəti varmı? Ona görə də bu, qeydiyyatın ləğv olunması üçün əməliyyatların dayandırılması sayılmır. Bu halda firma fəaliyyətinin dayandırılması üçün ərizəni təqdim etməsinə baxmayaraq, ƏDV ödəyicisi kimi uçotda qalacaq.

Misal 2: MMC-nin təsisçiləri 01 avqust 2017-ci ildən müəsssisənin ləğv olunması ilə bağlı qərar qəbul edib, müvafıq sənədləşmələr həyata keçirib və qəzetdə elan verib. Vergi orqanlarının qeydiyyat idarəsində MMC ləğv prosesi aparılan müəssisə kimi qeydiyyata alınaraq bildiriş təqdim olunub. Bu zaman artıq MMC 158.1-ci maddəni əsas götürərək ƏDV qeydiyyatının ləğv olunması barədə ərizə təqdim etməlidir. Ərizədə ləğv tarixi 01 avqust 2017-ci il göstərilməlidir.

Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən ƏDV qeydiyyatı o halda ləğv edilə bilər ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmasın. Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan az olduğu halda vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. Bu halda ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Vergi orqanı şəxsin ƏDV qeydiyyatının ləğv edilməsi barədə məlumatı bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) göndərməlidir.

Misal 3: 2022-ci ilin mart ayında vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata alınıb. Həmin ilin may ayından 2023-cü ilin may ayınadək onun vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 90.000 manat təşkil edib. 2023-cü ilin may ayının 15-də həmin vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyatının ləğv edilməsinə dair ərizə ilə vergi orqanına müraciət edib. Onun ƏDV məqsədləri üçün qeydiyyatının ləğv olunması elə həmin gündən qüvvəyə minir.

Qeyd edək ki, şərti misalda göstərdiyimiz hal Vergi Məcəlləsinin 158.1-ci maddəsində göstərilən hallara şamil edilmir. Məsələn, ƏDV məqsədləri üçün son qeydiyyatı 01 sentyabr 2022-ci il tarixində qüvvəyə minmiş müəssisə 01 may 2023-cü il tarixindən etibarən ƏDV-yə cəlb olunan əməliyyatlar aparmağı tam dayandırırsa (məsələn, hüquqi şəxs olaraq ləğv olunursa), bu halda vergi ödəyicisi qeyd olunan bir il müddəti gözləmədən ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün (bizim misalda 01 may 2023-cü il) qüvvəyə minir.

Vergi Məcəlləsinin 158.3-cü maddəsinə əsasən, vergi orqanı ƏDV-nin məqsədləri üçün qeydiyyatı ləğv edilən şəxsin adını, onun haqqında digər məlumatları ƏDV-nin ödəyicilərinin reyestrindən silməli və verilmiş qeydiyyat bildirişini geri almalıdır.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?