5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qismən ödənişli sosial məzuniyyətin verilməsi qaydası

Qismən ödənişli məzuniyyət hüququ Əmək Məcəlləsinin 127-ci maddəsində göstərilib. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Mövzunu “vergiler.az”a əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov şərh edir.

Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər. Hamiləlik və doğuşa görə məzuniyyət dövrü bitdikdən sonra işçi işə çıxmayaraq uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət hüququndan yaralana bilər. Bu məzuniyyət sosial məzuniyyətin bir növüdür və məzuniyyət müddətində qismən ödəniş edilir. Müddəti uşağın üç yaşı tamam olanadək davam edə bilər, tam və ya hissə-hissə istifadə oluna bilər.

Uşağa qulluğa görə sosial məzuniyyətdən təcrübədə daha çox işləyən analar istifadə edir. Lakin maddədə həmin sosial məzuniyyət növündən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvünün də istifadə edə biləcəyi vurğulanıb. Bu o deməkdir ki, ana ilə yanaşı ata, nənə, baba, bibi, xala, dayı, əmi və sair uşağa qulluq edən digər ailə üzvü müvafiq sənəd əsasında bu məzuniyyətdən istifadə edə bilər. Qeyd etmək lazımdır ki, həmin şəxslərin bu məzuniyyət hüququndan istifadə edə bilməsi üçün onların uşaqla eyni ünvanda yaşaması şərtdir. Bununla həmin şəxsin uşağın ailə üzvü hesab olunması mümkündür. Eyni zamanda, onların əmək müqaviləsi əsasında işləməsi də əsas şərtlərdəndir. Qeyd edilənlər müvafiq sənədlərlə öz təsdiqini tapmalıdır.

Uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyət hamiləlik və doğuşa görə məzuniyyətin bitdiyi ilk iş gündən başlayır və işçinin arzusu əsasında tam və hissə-hissə uşağın üç yaşı tamam olanadək davam edə bilər. Məzuniyyət müddəti bəzən təcrübədə 3 il kimi başa düşülsə də bu, uşağın 3 yaşı tamam olana qədərdir. Nəzərə alsaq ki, məzuniyyət hamiləlik və doğuşa göra məzuniyyətin bitməsindən sonra başlayır, deməli, uşağın anadan olmasından 3 yaşına qədər olan dövrdə 126 günlük (bəzi hallarda daha çox) hamiləlik və doğuşa görə məzuniyyət olduğu üçün qismən ödənişli sosial məzuniyyət təxminin 2 il 6 ay davam edir.

Misal 1: 9 iyun 2023-cü il tarixdə hamiləlik və doğuşa görə 126 günlük məzuniyyətə çıxmış işçinin məzuniyyəti 12 oktyabr 2023-cü il tarixdə bitir. 18 avqust 2023-cü il tarixdə uşaq dünyaya gəlib. İşçi müraciəti əsasında uşağın üç yaşı tamam olanadǝk qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmək istəyir. Bu halda qismən ödənişli sosial məzuniyyətin başlama tarixi 13 oktyabr 2023-cü il hesab edilsə də bitmə tarixi uşağın üç yaşı tamam olanədək - 18 avqust 2026-cı il tarixədək davam edəcək.

Misal 2: 9 iyun 2023-cü il tarixdə hamiləlik və doğuşa görə 126 günlük məzuniyyətə çıxmış işçinin məzuniyyəti 12 oktyabr 2023-cü il tarixdə bitir. 18 avqust 2023-cü il tarixdə uşaq dünyaya gəlib. 13 oktyabr 2023-cü il tarixdə işçi işə çıxıb və 3 ay işləyıb. 14 yanvar 2024-cü il tarixdən o, qismən ödənişli sosial məzuniyət hüququndan istifadə etmək istəyir. Bu halda məzuniyyətin başlanma tarixi 14 yanvar 2024-cü il hesab edilsə də qismən ödənişli sosial məzuniyyətin müddəti uşağın anadan olmasından 3 yaşı olmasına qədərki müddəti əhatə edəcək. Məzuniyyət 18 avqust 2026-cı il tarixdə bitəcək.

Göründüyü kimi, qismən ödənişli sosial məzuniyyətin nə vaxt götürülməsindən asılı olmayaraq, uşağın üç yaşı tamam olana qədərki müddəti əhatə edəcək. Uşağın üç yaşı tamam olanadək məzuniyyətə çıxmış işçi istənilən vaxt öz müraciəti əsasında məzuniyyətdən geri qayıda bilər. Bu halda işçinin işə qayıtmaq istəyi işəgötürən tərəfindən təmin edilməlidir. Bu, işəgötürənin müvafiq əmri ilə rəsmiləşdirilməli və işçi öz işinə qayıtmalıdır.

Onu da deyək ki, qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmək üçün işçi uşağın doğum haqqında şəhadətnaməsi və öz ərizəsi əsasında müraciət edir və işəgötürənin müvafiq əmri ilə məzuniyyət rəsmiləşdirilir.

Mənbə: Nüsrət Xəlilov: “Əmək qanunvericiliyinin praktiki izahı-2024” kitabı

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması