14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi qaydası

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli qərarı ilə vergi ödəyicisi tərəfindən bank hesabından çıxarılan vəsaitin rəsmiləşdirilməsi qaydaları müəyyən edilib. “Business Service Center” MMC şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşad Əhmədli həmin qaydaları “vergiler.az”a şərh edib.

Nazirlər Kabinetinin 365 nömrəli qərarının 2.4-cü bəndinə əsasən, pul vəsaiti vergi ödəyicisinin səlahiyyət verdiyi şəxs və ya fərdi sahibkarın özü tərəfindən bank hesabından nağd qaydada çıxarıldığı halda, həmin vəsait həmin gün ərzində vergi ödəyicisi tərəfindən kassa mədaxil orderi tərtib olunmaqla kassaya mədaxil edilir. Mədaxil orderində əks etdirilən bank hesabından nağd çıxarılmış pul vəsaitinin məbləği pulun alınmasında istifadə olunan çek və bank hesabının çıxarışında göstərilən məbləğlə uyğun olmalıdır. Vergi ödəyicisi bankdan çıxardığı vəsaiti həmin gün də kassaya mədaxil etməlidir.

Misal 1: Vergi ödəyicisi 25 may 2024-cü il tarixində bank hesabından çıxardığı 19.000 manatı 25 may 2024-cü il tarixində kassaya mədaxi edib. Vəsaitin həmin gün yox, növbəti gün kassaya mədaxil olunması uçot qaydalarının pozulması kimi qəbul edilə bilər. Bu zaman Vergi Məcəlləsinin 58.8.1-ci maddəsinə əsasən, vergi orqanının maliyyə sanksiyası tətbiq etmək hüququ vardır. Bu hal təqvim ili ərzində ilk dəfə olarsa həmin vəsaitin 1.000 manatdan çox olan hissəsinə 10 faiz, il ərzində belə hala təkrar yol verildikdə 1.000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:

19.000 – 1.000 = 18.000 manat;

18.000 x 10% = 1.800 manat;

18.000 x 20% = 3.600 manat.

Bank hesabından çıxarılan vəsait kassa mədaxil orderində qeyd olunmaqla kassaya mədaxil edilməlidir. Yəni vergi ödəyicisi bank hesabından çıxarılan vəsaitin birbaşa təhtəlhesab şəxsdə qalmaqla xərclənməsinə qərar verə bilməz. Fərdi sahibkar bank və digər ödəniş hesabından nağd qaydada çıxarılan pul vəsaitini şəxsi məqsədlər üçün istifadə etmək niyyətindədirsə, əvvəlcə həmin pul vəsaiti sahibkarın kassasına mədaxil edilir və pul vəsaitlərinin təsərrüfat əməliyyatlarından kənar fəaliyyəti üçün götürülməsi ilə bağlı kassa məxaric orderi tərtib olunur.

Misal 2: Vergi ödəyicisi bankdan təsərrüfat xərcləri üçün 5.000 manat çıxartmağa qərar verir. Bu halda həmin vəsait mütləq kassaya mədaxil olunmalı, sonra isə kassa məxaric orderi ilə təhtəlhesab şəxsə ödəniş edilməlidir. Bank hesabından çıxarılan vəsaitin qeyd olunan qaydada həyata keçirilməməsi uçot qaydalarına ziddir.

Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Kassaya nağd pul vəsaitləri vergi ödəyicisinin və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onun səlahiyyətli nümayəndəsi, habelə xəzinədarı tərəfindən imzalanmış ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə mədaxil edilir və pulu kassaya verən şəxsə xəzinədar tərəfindən möhürlə təsdiqlənmiş kassa mədaxil orderinin qəbzi verilir. Kassa mədaxil və məxaric orderləri üzrə məbləğlər gün ərzində kassa kitabında (3 nömrəli Əlavə) qeydə alınır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?