13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi orqanı icra məmurunun iştirakı olmadan malların satılmasını həyata keçirə bilərmi?

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsi yeni redaksiyada təsdiq olunmamışdan öncə borclu vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz və daşınar əmlakının satışı icra məmurları tərəfindən həyata keçirilirdi. Təbii ki, prosesin icra məmurları tərəfindən həyata keçirilməsi vergi borclarının dövlət büdcəsinə ödənilməsi zamanı effektli hal kimi qiymətləndirilmirdi. Bu səbəbdən məhkəmədən sonrakı proses, yəni məhkəmə qərarı ilə müəyyən edilən vergi borcunun vergi ödəyicisinə əmlakının satışı hesabına ödənilməsi mərhələsi icra məmurları deyil, vergi orqanı tərəfindən həyata keçirilməsinə qərar verildi.

Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsində qeyd edilir ki, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququna aid edilib.

İndi isə Vergi Məcəlləsinin həmin müddəasında 3 vacib məqama diqqət yetirək.

Birinci məqam odur ki, əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia üzrə əmlakın satışının həyata keçirilməsi səlahiyyəti vergi orqanına verilib. Təcrübədə məhkəmələr tərəfindən əmlakı mövcud olmayan vergi ödəyicilərinə qarşı ümumi qaydada borcun tələbi ilə bağlı iddia qaldırılması qəbul edilmirdi. Maddənin yeni redaksiyada verilməsi nəticəsində siyahıya alınmalı əmlakı olmayan vergi ödəyiciləri üçün ümumi qaydada iddia ilə qərarlar çıxarılacaq.

İkinci məqam odur ki, artıq daşınmaz əmlakın məbləğindən asılı olmayaraq, satışı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə həyata keçirilir. Qeyd edək ki, həm Dövlət Vergi Xidməti, həm də Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi İqtisadiyyat Nazirliyinin tabeliyində olan qurumlar olduğu üçün siyahıya alınmış əmlakın satışı daha operativ surətdə həyata keçirilir.

Bir məsələni də vurğulayaq ki, vergi ödəyicisinin siyahıya alınmış əmlakını da artıq Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi satır.

Üçüncü məqam ondan ibarətdir ki, daşınar əmlakın satışına yanaşmalar fərqlidir. Belə ki, dəyəri 5.000 manatdan artıq olan daşınar əmlakın satışı Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi vasitəsilə, 5.000 manatdan artıq olmayan daşınar əmlakın satışı isə ticarət şəbəkələrində həyata keçirilir.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?