13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bələdiyyə və QHT-lər gəlir vergisini hesablayarkən hansı qaydanı seçməlidirlər?

Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı qərarı ilə “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları” təsdiq edilib. Sənədin 2.2-ci bəndinə əsasən, qeyri-dövlət sektoru – dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna edilməklə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslərdir. Bəs bələdiyyələr, qeyri-hökumət təşkilatları (QHT-lər), eləcə də dövlət qurumlarının sifarişlərini yerinə yetirən podratçı şirkətlər qeyri-dövlət sektoruna aiddirmi?

Sərbəst auditor Altay Cəfərov “vergiler.az” vasitəsilə vergi ödəyicilərinin suallarına aydınlıq gətirir:

“Bələdiyyələrin statusu haqqında” Qanunda qeyd olunub ki, bələdiyyələr yerli özünüidarəetmə formasıdır (qurumudur). Yəni onlar özünəməxsus hüquqi statusa malikdirlər və dövlət qurumu deyildirlər. Ancaq bəzən belə sual səslənir ki, bələdiyyələr dövlət büdcəsindən dotasiya alırlar. Belə olan halda bunu dövlət büdcəsindən maliyyələşmə kimi qəbul etmək olarmı? Əgər belə olsa, bələdiyyələr də bu meyarlara uyğun gəlmiş sayılmalıdır və gəlir vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 101-ci maddəsinin 1-ci cədvəlini tətbiq etməlidirlər. Çünki meyarlara uyğun olaraq, neft-qaz fəaliyyəti və dövlət sektorunda vergi hesablanarkən gəlirlərə, daxilolmalara tətbiq olunan nisbətlər, faizlər qeyri-dövlət qurumları üçün tətbiq edilmir. Bələdiyyələrin gəlirlərində vergi yığımı və digər gəlirlərin məbləği daha çox, dotasiyanın məbləği isə az ola bilər.

İlk baxışda bələdiyyələrin dövlət sektoruna aid ediləcəyi görünür. Lakin bələdiyyələrə ayrılan dotasiyalar büdcədən maliyyələşmə kimi görünsə də, onlar dövlət sektoruna aid qurum deyillər. Belə ki, hər hansı bir iqtisadi subyekt təşkil olunanda, yaradılanda ilkin məqsəd onun əmlakının formalaşması, gəlirlərin əldə edilməsi və maliyyələşmə mənbələrinin müəyyənləşdirilməsidir. Bələdiyyələrin isə maliyyə mənbələri çoxşaxəlidir və onun əsas gəlirləri dövlət büdcəsindən yox, yerli vergilər, ödənişlər hesabına formalaşır. Dotasiyalar gəlirlərinin və xərclərinin müəyyən hissəsinin kəsirlərinin bağlanması üçün dövlət büdcəsindən ayrılan vəsaitdir. Bundan əlavə, bələdiyyələr illik olaraq kəsirlərinin bağlanması üçün konkret smeta təqdim etmirlər. Yəni dolayısı ilə maliyyələşmə əvvəlcədən planlaşdırılmır və məqsədyönlü deyil. Ona görə də bələdiyyələrdə gəlir vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 101.1-1.-ci maddənin 2-ci cədvəli tətbiq edilməlidir. Yəni 8000 manata qədər olan gəlirlərə tətbiq olunan vergi güzəştindən istifadə edilməlidir.

QHT-lərlə bağlı məsələlər isə “Qeyri-hökumət təşkilatları haqqında” Qanunla tənzimlənir. Qanunda QHT-lərin iki formada iqtisadi subyekt kimi təşkil olunması nəzərdə tutulub - ictimai birliklər və fondlar. Hər iki qurumun gəlirlərinin, əmlakının, maliyyələşməsinin mənbələri əsasən ianələr, qrantlar, üzvlük haqları, həmçinin, kommersiya fəaliyyətindən əldə olunan gəlirlərdən ibarətdir. Göründüyü kimi, qurumun yaradılmasında nizamnamədə maliyyələşmənin mənbələrində konkret dövlət qurumlarından, büdcə vəsaitlərindən (dolayısı və birbaşa) formalaşması əks olunmayıb. QHT-lər hər hansı xarici və ya yerli donorlardan da qrantlar ala bilərlər. Bununla yanaşı, qeyd olunduğu kimi, QHT-lərin gəlirləri təkcə qrantlardan yox, digər mənbələrdən və hətta kommersiya fəaliyyətindən də ola bilər. Çünki QHT yaradılanda məqsəd təkcə qrantdan gəlirlərin əldə olunması deyildir.

Bundan əlavə, büdcə qurumlarının nizamnamə və ya əsasnamələrində kommersiya fəaliyyətindən gəlirlərin əldə olunması kimi müddəalar öz əksini tapıb, həmçinin bir çox büdcə təşkilatları vardır ki, onlar kommersiya fəaliyyətindən müəyyən gəlirlər əldə edirlər. Bu məsələdə yenə də payların 51 faiz hissəsinə sahib olmaq, həmçinin, büdcə təşkilatının yaradılması zamanı ilkin məqsədin onun maliyyələşməsinin büdcədən olması kimi faktorlar əsas rol oynayır. QHT-lərdə isə yanaşma yuxarıda qeyd etdiyimiz kimidir və gəlir vergisinin hesablanması məqsədləri üçün Vergi Məcəlləsinin 101.1-1.-ci maddəsinin 2-ci cədvəli tətbiq edilməlidir.

Bu gün xeyli kommersiya qurumları podratçı kimi dövlət qurumlarının, büdcə təşkilatlarının sifarişlərini yerinə yetirirlər. Məsələn, “AA” MMC icraçı kimi “SS” MMC-nin 300.000 manatlıq sifarişini və büdcə təşkilatının da 200.000 manatlıq sifarişini yerinə yetirir. Bu zaman “AA” MMC Vergi Məcəlləsinə görə hansı maddəni tətbiq etməlidir?

Belə çıxır ki, “AA” MMC büdcədən maliyyələşən qurum kimi sayılmalıdır və 8000 manata qədər gəlirlərə tətbiq eidlən güzəşt ona da şamil olunmamalıdır. Ancaq belə deyil. Yəni, “AA” MMC kommersiya qurumudur və yaradılanda ümumiyyətlə büdcədən maliyyələşmə anlayışı olmayıb. Həmçinin, büdcədən maliyyələşmək üçün hər hansı bir illik xərclər smetasi büdcə qurumlarına təqdim edilməyib. Aldığı 200.000 manat digər qurumlardan əldə etdiyi kommersiya fəaliyyətindən gəlirlərdir.

Qeyd edək ki, bu kimi məsələlərdə maliyyələşmə anlayışı diqqət yetiriləcək ən vacib məqamdır. Yəni, büdcədən maliyyələşməsi dedikdə, gəlir yox, maliyyələşən qurumun saxlanması xərclərinin örtülməsi nəzərdə tutulur. Qurumun əsas məqsədi də kommersiya fəaliyyətindən gəlirlərin əldə olunması deyil. Qurumun saxlanması üçün müvafiq xərclərin maliyyələşməsi büdcə hesabına həyata keçirilir. Ancaq bələdiyyələrin əldə etdiyi dotasiyaların, QHT-lərə ayrılan qrantların və büdcə təşkilatlarının sifarişlərini yerinə yetirən kommersiya qurumlarının gəlirlərinin büdcədən maliyyələşmə kimi qəbul olunması düzgün deyil. Ona görə də həmin qurumlar gəlir vergisinin hesablanması zamanı Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinin 2-ci cədvəlini tətbiq etməlidirlər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?