İnvoys üzrə xarici ölkələrə ödənişlər necə həyata keçirilir?
Vergi Məcəlləsinə əsasən, malların idxalı dedikdə, idxal malları hesab olunan məhsulların ölkə ərazisinə gətirilməsi başa düşülür. Qanunvericiliyə uyğun olaraq, mallarla yanaşı, xidmət və işlərin idxalı üzrə əməliyyatlar da həyata keçirilir. Bəs bu zaman xarici ölkələrdəki şirkətlərə edilən ödənişlər necə reallaşdırılır? Gecikmə hallarında hansı tədbirlər görülür? Mövzu ilə bağlı “vergiler.az”ın suallarına iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir:
Təcrübədə ən çox istifadə olunan ödəniş - avans ödənişidir. Həm alğı-satqı müqaviləsində, həm də gömrük bəyannamələrində avans ödənişlər barədə mütləq qeydlər aparılmalıdır.
Mərkəzi Bankın 45/1 saylı 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qaydaların 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır.
Qaydalarda həmçinin qeyd edilir ki, müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmir yolu və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlərlə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox təşkil etdikdə müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir.
Misal: “AA” MMC 5 iyun 2021-ci ildə malların ölkəyə idxalı ilə bağlı xarici kontragentə 20.000 dollar məbləğində avans ödənişi edib. Amma 2 il müddət keçməsinə baxmayaraq, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməyib. Həmin müddət ərzində mallar və ya xidmətlər idxal olunmur. Bu zaman “AA” MMC avans məbləği geri qaytarmazsa, ona Mərkəzi Bank tərəfindən inzibati cərimə tətbiq oluna bilər. Çünki İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər isə inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Ödənişin digər forması akkreditiv formasında rəsmiləşdirməklə həyata keçirilən ödənişlərdir. Bu zaman proses aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:
- idxal edən sahibkar qarşı tərəflə bağladığı müqavilədə akkreditiv formada ödəniş üsulunu nəzərdə tutan müqavilə imzalayır;
- idxalçı sahibkar bankda geri çağırıla bilməyən akkreditiv hesab açır və bank da həmin məlumatı ixrac edən sahibkarın bankına (avizo edən) göndərir;
- avizo edən bank akkreditivi aldıqdan sonra onun etibarlılığını yoxlayır və təsdiq edərək ixracatçıya məlumat verir;
- şirkət ixrac əməliyyatlarını həyata keçirdikdən sonra avizo edən bankı məlumatlandırır. Bank da öz növbəsində akkreditivlə bağlı sənədləri idxalçı sahibkarın bankına yönləndirir;
- idxalçı sahibkar aldığı sənədlərin akkreditivin şərtlərinə uyğunluğunu təsdiqlədikdən sonra vəsaitin ödənişini avizo edən bank vasitəsilə həyata keçirir;
- avizo edən bank vəsaitləri qəbul etdikdən sonra onu satıcının hesabına köçürür.
Qeyd edək ki, geri çağırıla bilməyən akkreditiv dedikdə, vəsait alanın razılığı olmadan ləğv edilə və ya dəyişdirilə bilməyən akkreditiv nəzərdə tutulur. Geri çağırıla bilməyən akkreditiv emitent bankın qəti öhdəliyidir, bankın razılığı olmadan dəyişdirilə və ya ləğv edilə bilməz.
Digər bir ödəniş növü isə konsiqnasiya formasında həyata keçirilən ödənişlərdir. Əgər ödənişlər konsiqnasiya formasında aparılacaqsa, mütləq müvafiq şərtlər müqavilədə öz əksini tapmalıdır. Şərtlərə görə, konsiqnasiya sahibkara (tapşırana) malları (konsiqnasiya mallarını) çatdırmaq məqsədilə başqa şəxsin anbarında saxlamaq hüququ verir. İkinci tərəf konsiqnasiya mallarını saxlamağı öhdəsinə götürür və konsiqnasiya müqaviləsinin şərtlərinə əsasən bu mallara dair sərəncam vermək hüququna malikdir. Mallar idxal olunandan sonra ödənişin aparılması kimi hesablaşmalar da müqavilədə öz əksini tapmalıdır. Adətən, bu tip ödənişlər uzun müddət əməkdaşlıq edən tərəflər arasında aparılır. Təbii ki, bu zaman iddia müddəti real olmalıdır. Çünki Mülki Məcəlləyə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.