3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisi hansı halda Vergi Məcəlləsinin 151.5-ci maddəsindəki metodu seçməlidir?

Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra - əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri bir neçə üsulla həyata keçirilir. İqtisadçı ekspert Anar Bayramov həmin üsullar və qaydaları “vergiler.az”a şərh edir:

Öncə kimlərin həmin metodu seçmək hüququnun, daha doğrusu, vəzifəsinin olmasını aydınlaşdıraq. Vergi Məcəlləsinin 151.5-ci madddəsini seçmək aşağıdakı kateqoriyadan olan vergi ödəyicilərinin vəzifəsidir:

Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyiciləri

Misal 1: Vergi ödəyicisi 2018-ci ildə mənfəət (gəlir) vergisi ödəyicisi kimi qeydiyyata alınıb, 2019-cu ildə 20.000 manat vergi ödəsə də, 2020-ci ildə fəaliyyətini ikiillik müddətə müvəqqəti dayandırıb. Həmin vergi ödəyicisi 2022-ci ildə fəaliyyətini bərpa etdikdə artıq cari vergi ödəmələrini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun olaraq həyata keçirməlidir.

Əvvəlki vergi ilində mənfəət (gəlir) vergisi ödəyicisi olmayan vergi ödəyiciləri

Misal 2: Vergi ödəyicisi 2021-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olub, 2022-ci ildə isə məcburi və ya könüllü olaraq mənfəət (gəlir) vergisi mükəlləfiyyətçisinə çevrilib. Bu halda vergi ödəyicisi 2022-ci ildə cari vergi ödəmələrini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun olaraq həyata keçirməlidir.

Misal 3: Vergi ödəyicisi 2020-ci ildə mənfəət (gəlir) vergisi ödəyicisi olsa da 2021-ci ildə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərib. Son 12 aylıq dövriyyəsi 200.000 manatdan çox olduğundan ƏDV qeydiyyatına alınıb. Bu halda o, 2022-ci ildə mənfəət (gəlir) vergisi ödəyicisinə çevrildiyi halda cari vergi ödəmələrini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən hesablamalıdır.

Misal 4: Pərakəndə satış fəaliyyəti həyata keçirən vergi ödəyicisi 2022-ci ilin birinci rübündə sadələşdirilmiş vergi ödəyicisi olsa da, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli əməliyyatlarının həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olduğu üçün Vergi Məcəlləsinin 218.6.1-ci maddəsinin tələblərinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirir. Bu halda, vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı Vergi Məcəlləsinin 151.5-ci maddəsinin tələblərinə uyğun olaraq təqdim etməlidir.

Misal 5: Sadələşdirilmiş vergi ödəyicisi olan hüquqi şəxş tədris kurslarının keçirilməsi ilə məşğuldur. 2022-ci ilin II rubundə vergi ödəyicisinin elektron qaimə-faktura əsasında təqdim etdiyi kurslar üzrə xidmətlərin məbləği rüblük dövriyyəsinin 30 faizindən çox olduğu üçün sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən məhdudlaşdırılır. Bu halda da vergi ödəyicisi cari ödəmələrini Vergi Məcəlləsinin 151.5-ci maddəsindəki metoda uyğun həyata keçirməlidir.

Maraqlı bir hala baxaq. Tutaq ki, vergi ödəyicisi 2021-ci ildə mənfəət (gəlir) vergisi ödəyicisi olub, vergini də hesablayıb, amma 2022-ci ildə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edib. Vergi ödəyicisi 2022-ci ilin 2-ci rübündə yenidən mənfəət (gəlir) vergisi ödəyicisi olarsa, hansı maddəni təqdim etməlidir: 151.1, 151.2, yoxsa 151.5-ci?

Fikrimizcə, bu halda vergi ödəyicisinin Vergi Məcəlləsinin 151.5-ci maddəsini tətbiq etmək hüququ olmayacaq, çünki 2021-ci ildə mənfəət (gəlir) vergisi ödəyicisi kimi verginin hesablanmasını həyata keçirib, o səbəbdən də Vergi Məcəlləsinin 151.1-ci və ya 151.2-ci maddəsini tətbiq edəcək.

Vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri

1 yanvar 2022-ci il tarixdən Vergi Məcəlləsinin 151.5-ci maddəsinə edilən əlavənin məqsədi də maraqlıdır. Son əlavəyədək əvvəlki vergi ilini zərərlə başa vuran vergi ödəyicisi növbəti ilin rüblərində mənfəətlə işləsə də ondan cari vergi ödəmələrin həyata keçirmək tələb edilmirdi. Çünki vergi ödəyicisi Vergi Məcəlləsinin 151.1-ci maddəsi üzrə cari vergi ödəməsini seçərsə, ötən il zərərlə işlədiyi üçün rüblük ödənişdə mənfəətin 1/4-ni müəyyənləşdirmək mümkün olmur. Vergi ödəyicisi Vergi Məcəlləsinin 151.2-ci maddəsini seçdikdə isə ötən vergi ili üzrə mənfəət vergisi olmadığından xüsusi çəki müəyyənləşdirmək alınmır.

Göründüyü kimi, həm Vergi Məcəlləsinin 151.1-ci, həm də 151.2-ci maddələri üzrə cari vergi ödəmələrini hesablayarkən rüb üzrə cari vergi ödəməsi formalaşmır. Bu səbəbdən də vergi orqanı ötən il zərərlə işləyən ödəyicilərin cari vergi ödəməsini Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun hesablamaq tələbini müəyyən edib.

Misal 6: Kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisi 2021-ci ili 20.000 manat məbləğində zərərlə bitirib. 1 yanvar 2022-ci ildən etibarən, Vergi Məcəlləsinin 151.5-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisi “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”da gəlirlərini hər rübdə artan yekunla qeyd etməlidir.

Hesabat ilində yeni yaradılmış vergi ödəyiciləri

Misal 7: Vergi ödəyicisi 2022-ci ildə yaradıldıqda mənfəət (gəlir) vergisi ödəyicisi kimi qeydiyyata alınıb. Bu halda vergi ödəyicisi ötən ildə fəaliyyəti olmadığı, yəni hesabat ilində yeni yarandığı üçün cari vergi ödəmələrini Vergi Məcəlləsinin 151.5-ci maddəsinin tələblərinə uyğun həyata keçirməlidir.

Sonda qeyd edək ki, Vergi Məcəlləsinin 151.5-ci maddəsinin tələblərinə uyğun olaraq “Cari vergi ödəmələrinin hesablanması haqqında Arayış”ı tətbiq edən vergi ödəyicilərinin həmin Məcəllənin 151.1-ci və ya 151.2-ci maddələri üzrə metodu tətbiq etmək hüququ məhdudlaşdırılıb. Yuxarıda qeyd etdiyimiz kriteriyalara uyğun olaraq, vergi ödəyiciləri yalnız Vergi Məcəlləsinin 151.5-ci maddəsində qeyd edilmiş hesablama üzrə cari vergi ödəmələrini həyata keçirə bilərlər.

Mənbə: Anar Bayramov : “Vergi uçotu” kitabı

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması