14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir?

"İcarə haqqında" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə əməliyyatının bütün şərtləri məhz icarə müqaviləsi ilə tənzimlənir. Vergi ödəyicisi olmayan fiziki şəxslərin icarə verdikləri əmlaklarla bağlı öhdəliklərinə dair “vergiler.az”ın suallarına maliyyə mütəxəssisi Vüqar Mirheydərov aydınlıq gətirir.

İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur:

  • İcarəyə verilən əmlakın tərkibi və dəyəri,
  • icarə haqqının məbləği,
  • icarənin müddətləri,
  • əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət,
  • icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü,
  • icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi,
  • icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək,
  • icarə haqqını ödəmək,
  • müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

Fərz edək ki, vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs mülkiyyətində olduğu qeyri-yaşayış sahəsini fərdi sahibkara və ya hüquqi şəxsə icarəyə verir. Bu halda icarə müqaviləsinin bağlanmaması nəticəsində hər iki tərəfin üzləşə biləcəyi riskləri nəzərdən keçirək.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Digər tərəfdən, Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində gəlirdən (mənfəətdən) vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Beləliklə, aydın olur ki, icarə üzrə gəlirlərdən ödəmə mənbəyində verginin tutulmaması üzrə məsuliyyət həmin gəliri ödəyən şəxsin - yəni, icarəçinin üzərinə düşür.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, bu pozuntuya yol verən vergi ödəyicisi (icarəçi) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Əlavə olaraq, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.

Nəhayət, icarə müqaviləsi olmadan vergi ödəyicisi öz təsərrüfat subyektini (obyektini) vergi orqanında uçota ala bilməyəcək və buna görə də Vergi Məcəlləsinin 58.2-1 maddəsinə əsasən 400 manata qədər sanksiya ilə üzləşə bilər.

Əmlakı icarəyə verən tərəfin məsuliyyətinə gəlincə, təəssüf ki, bu hallarda ona qarşı qanunda heç bir sanksiya nəzərdə tutulmayıb. Əslində icarə müqaviləsinin tərtib edilməməsinin özü icarəyə verən tərəf üçün ən böyük cəza olduğunu demək olar. Çünki onun hüquqlarını icarə əməliyyatında qoruyan yeganə sənədi imzalamaqdan imtina edərək, o həmin hüquqların icra edilməsini böyük bir risk altına qoyur. İcarəçi onun obyektini yararsız hala gətirdikdə, aylarla ona icarə haqqını ödəmədikdə, onun tələbi ilə obyekti boşaltmadıqda həmin icarəyə verənin müraciət edəcəyi istənilən qurum ondan birinci növbədə icarə müqaviləsini tələb edəcək. Belə müqavilə mövcud olmadıqda isə onun icarəçiyə qarşı irəli sürdüyü iddianın da heç bir əsası olmayacaq.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?