13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsulları satan fiziki şəxslərdən hansı halda vergi tutulmur?

Vətəndaşlardan kənd təsərrüfatı məhsulları alan vergi ödəyiciləri bir çox hallarda vətəndaşlara ödədikləri məbləğlərdən vergi tutur, bunu ödəmə mənbəyində vergi hesabatlarında əks etdirirlər. Sərbəst auditor Altay Cəfərov belə əməliyyatların rəsmiləşdirilməsi prosesini “vergiler.az”a şərh edib.

Vergi Məcəlləsinin 101.6.-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5.-ci maddəsində isə göstərilib ki, vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

- kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsulları;

- əlvan və qara metal qırıntıları;

- utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları;

- utilizasiya məqsədləri üçün işlənmiş şinlər;

- xam dəri.

Qanunvericiliyin bu müddəalarına əsaslanarkən 101.6-cı maddədəki “bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla” ifadəsi nəzərdən qaçırılmamalıdır. Bundan əlavə, Vergi Məcəlləsinin 102.1.11-ci maddəsində göstərilib ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azaddır. Deməli, Məcəllənin 101.6-cı maddəsində ödəmə mənbəyində 5% vergi tutulması müddəası yazılsa da, 102.1.11-ci maddəyə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları gəlir vergisindən azad edildiyinə görə onlara ödənilən gəlirlərdən 5% vergi tutulmur.

Məsələ ilə bağlı iki sual meydana gəlir:

1. Hansı növ kənd təsərrüfatı məhsullarının istehsalı mövcuddur?

2. Fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarını alan şəxslər həmin fiziki şəxslərin alıb-satan yox, istehsalçı olduqlarını necə müəyyənlədirə bilər?

İstehsal olunan kənd təsərrüfatı məhsulları dedikdə, adətən, heyvandarlıq və bitkiçilik məhsulları, məsələn, diri heyvanlar, meyvə, buğda, dənli bitkilər, süd, qatıq və s. nəzərədə tutulur.

İkinci suala gəldikdə, nə hər hansı qaydalara, nə də birbaşa təcrübədə kənd təsərrüfatı məhsullarını istehsal edən fiziki şəxslərin istehsalçı olub-olmadığının müəyyənləşdirilməsi prosedurları yoxdur.
Praktiki olaraq kənd təsərrüfatı məhsullarını istehsal edən fiziki şəxslərin bu məhsulları istehsal etmək üçün torpaq sahəsi, heyvanları, meyvə ağacları kimi aktivləri olmalıdır ki, o, istehsalçı kimi tanınsın. Kənd təsərrüfatı məhsulunu alan şəxs isə kənd təsərrüfatı məhsulunu satan şəxsdən qeyd edilmiş aktivlərinin olub-olmaması haqqında hər hansı sənəd tələb edə bilməz. Bu, qanunsuz tələb olardı.

Misal: “AA” MMC ictimai iaşə xidməti göstərən hüquqi şəxsdir və fiziki şəxslərdən mütəmadi olaraq hər ay 10.000 manatlıq kənd təsərrüfatı məhsulları alır. Şirkət ilkin olaraq fiziki şəxsdən məhsulları aldığını malların alış aktı (elektron) ilə rəsmiləşdirməlidir. Bu halda məhsul alan MMC məhsul satan fiziki şəxsin birbaşa istehsalçı olduğuna əmindirsə, ödəmə mənbəyində 5% vergini tutmayacaq.
Bəs MMC məhsul satan fiziki şəxsin birbaşa istehsalçı olmasına əmin deyilsə, 5% vergi tutumalıdırmı?

Vergi Məcəlləsinin 101.6.-cı maddəsi və “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5.-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilir, kənd təsərrüfatı məhsullarını alıb-satan, vergi ödəyicisi olmayan fiziki şəxlərə isə tətbiq edilmir. Odur ki, “AA” MMC hər iki halda kənd təsərrüfatı məhsulları ilə bağlı vergi ödəyicisi olmayan fiziki şəxlərə ödənilən məbləğdən heç bir vergi tutmayacaq.

Sadəcə, alıcı şirkət məhsulların alışını malların alış aktları ilə rəsmiləşdirdiyindən vergi orqanlarında bununla bağlı mənbəyi məlum olan məlumatlar formalaşdığına görə vergi orqanları müvafiq daxili prosedurlar aparmaqla kənd təsərrüfatı məhsulları alıb-satan vergi ödəyicisi olmayan fiziki şəxləri vergiyə cəlb edəcəklər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?