12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hansı xidmət sahələrində nəzarət-kassa aparatının quraşdırılması mütləqdir?

Ötən ildən nəzarət-kassa aparatı tətbiq edilməsi məcburi olan vergi ödəyicilərinin siyahısı genişləndirilib. “vergiler.az” iqtisadçı ekspert Anar Bayramovun mövzuya dair şərhini təqdim edir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloyi mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergi ödəyicilərinin vəzifəsidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 575 nömrəli qərarı ilə “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin” siyahısı aşağıdakı kimi təsdiq edilib.

Yerləşmə vasitələrinin növləri:

1. Mehmanxanalar və motellər;
2. Sanatoriyalar;
3. Pansionatlar;
4. Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri;
5. İstirahət evləri;
6. İstirahət bazaları;
7. İstirahət mərkəzləri;
8. Qonaq evləri;
9. Sağlamlıq düşərgələri;
10. İdman düşərgələri;
11. Ovçu (balıqçı) evləri;
12. Turist bazaları;
13. Turist evləri;
14. Kempinqlər;
15. Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.);
16. Çoxmənzilli binalarda mənzillər (otaqlar);
17. Hostellər;
18. Dağ sığınacaqları;
19. Uşaq sağlamlıq düşərgələri.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsində “yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər” məfhumundan istifadə edilsə də, təsdiq olunan siyahının adı “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri” adlanır. Fikrimizcə, Nazirlər Kabinetinin 21 dekabr 2017-ci il tarixli, 575 nömrəli qərarı ilə təsdiq edilən siyahıdakı obyektlərdə kənar şəxslərin yaşayışı üçün şərait yaradıldığı halda nəzarət-kassa aparatı quraşdırılmalıdır.

1 yanvar 2022-ci ildən tibb müəssisələri də nəzarət-kassa aparatı quraşdırılması məcburi hesab edilən obyektlər hesab edilir. Qeyd edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna əsasən, tibb müəssisələrinin dövlət qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada aparılır. Təcrübədə rast gəlinən suallardan biri apteklərin tibb müəssisəsi hesab olunub-olunmaması ilə bağlıdır. Apteklər lisenziya əsasında fəaliyyət göstərsə də, dərmanların pərakəndə satışını həyata keçirir, yəni hər hansı tibbi xidmət göstərmir. Bu səbəbdən də, apteklər pərakəndə satış fəaliyyəti ilə məşğul olduğundan nəzarət-kassa aparatının tətbiqi öncədən məcburi xarakter daşıyırdı.

Digər bir sual stomatoloji xidmət göstərən mərkəzlərdə nəzarət-kassa aparatının tətbiqinə aiddir. Fikrimizcə, stomatoloji xidmət göstərən vergi ödəyiciləri də 1 yanvar 2022-ci ildən nəzarət-kassa aparatı tətbiq etməyə borcludurıar. Cünki onlar tibbi xidmət göstərdikləri üçün tibb müəssisələri hesab edilirlər.

Bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatları tətbiq etməlidir. Bərbərxanaların vergi öhdəliklərini misallar əsasında nəzərdən keçirək.

Misal 1: Vergi ödəyicisi 3 bərbəri işə qəbul edərək bərbərxana xidməti göstərir. Bu halda vergi ödəyicisi 1 yanvar 2022-cü il tarixdən nəzarət-kassa aparatı tətbiq etməlidir. Həmin tarixə qədər isə nağd əməliyyatlar kassa mədaxil qəbzləri ilə rəsmiləşdirilirdi.

Misal 2: Vergi ödəyicisi fərdi qaydada, sabit qəbzlə bərbər xidməti göstərir. Bu halda həmin vergi ödəyicisinin 1 yanvar 2022-ci ildən nəzarət-kassa aparatı tətbiq etməsinə ehtiyac yoxdur. Cünki Vergi Məcəlləsinin 16.1.8.6-cı maddəsinə əsasən, Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fərdi qaydada göstərilən bərbər fəaliyyətinə nəzarət-kassa aparatının tətbiq etməsi istisna olunan hallara aid edilib.

Misal 3: Eyni obyektdə iki vergi ödəyicisi ayrı-ayrı icarə müqaviləsi ilə bərbər fəaliyyəti göstərir. 50 kvadratmetrlik obyektin 20 kvadratmetri bir, 30 kvadratmetri isə digər vergi ödəyicisinin istifadəsindədir. Belə olduqda vergi ödəyicilərinin nəzarət-kassa aparatı tətbiq etməsi mütləq tələb sayılmır.

Bərbər xidməti ilə bağlı bir məsələni də qeyd edək ki, Vergi Məcəlləsinin 221.8.10-cu maddəsinə əsasən, Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya bu Məcəllənin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir.

Maddədən göründüyü kimi, sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi də nağd hesablaşmalar zamanı müvafiq qəbzi təqdim etməlidir. Sabit qəbzlə fəaliyyət göstərən şəxslərin dövriyyəsi onların vergi öhdəliyinin müəyyən edilməsində rol oynamasa da, qanunvericilik bunu tələb edir. Sabit qəbzlə fəaliyyət göstərən vergi ödəyicisi aylıq olaraq sabit məbləğdə sadələşdirilmiş vergi ödəyir.

Qadın gözəllik salonlarına gəlincə, həmin salonlarda vergi ödəyiciləri bərbər xidməti ilə yanaşı, manikür, pedikür, dırnaq qaynağı, üz-qaş baxımı və s. kimi digər fəaliyyətlər də həyata keçirirlər.

Misal 4: Fərdi qaydada gözəllik salonu kimi fəaliyyət göstərən vergi ödəyicisi 1 yanvar 2022-ci ildən nağd hesablaşmaları nəzarət-kassa aparatı vilə aparmağa borcludur.

Kosmetoloji mərkəzlər də 1 yanvar 2022-ci il tarixdən nəzarət-kassa aparatı tətbiq etmək vəzifəsi olan vergi ödəyicilərinə aid edilib. Kosmetoloji mərkəzlərdə, adətən, dəriyə kosmetoloji maddələrlə qulluq göstərilməsi və dərialtı infeksiyaların terapiyası kimi xidmətlər göstərilir.

Misal 5: Kosmetoloji xidmətlə məşğul olan vergi ödəyicisi vətəndaşın dərisinə kosmetoloji maddələrlə qulluq müqabilində 50 manat ödəniş alıb. Vergi ödəyicisi müştəriyə nağd hesablaşmalar zamanı nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Təbii ki, bu xidmətin rəsmiləşdirilməsi vergi orqanının elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı ilə həyata keçirilir.

Yekunda bir məsələni də bildirək ki, nəzarət-kassa aparatı tətbiq edən vergi ödəyiciləri təqdim etdiyi mala (iş, xidmətə) görə ödənişi POS-terminalla aldığı halda da qarşı tərəfə nəzarət-kassa aparatının çekini təqdim etməlidir.

Mənbə: Anar Bayramov. “Vergi uçotu” kitabı.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?