19 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Kənd təsərrüfatı məhsulu istehsalçısından mal aldıqda rəsmiləşdirmə və verginin hesablanması

vergiler.az” mövzu ilə bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.

Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir.

Vergi ödəyicisi kənd təsərrüfatı məhsullarının istehsalçısı olan vergi ödəyicisindən məhsul alarsa, ödəniş sənədi olaraq, mədaxil qəbzi və hesab faktura, qarşı tərəf isə elektron qaimə-faktura təqdim etməlidir. Əgər kənd təsərrüfatı malları istehsalçısı vergi orqanında uçotda olmayan şəxsdirsə, o zaman rəsmiləşdirmə aşağıdakı ardıcıllıqla olacaq:

- vergi ödəyicisi malların tipindən asılı olmayaraq “Malların alış aktı” tərtib edərək, onu malları təqdim edən şəxsə imzalatdırır. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir.

- malları təqdim edənin şəxsiyyət vəsiqəsinin sürəti alınaraq, “Malların alış aktı” sənədinin arxasına əlavə edilməlidir.

- nağd ödəniş zamanı ödənişin olunmasını təsdiq edən sənəd kimi kassa məxaric orderi hazırlanaraq malları təqdim edən şəxsə imzalatdırılır.

Qeyd edək ki, etibarən Vergi Məcəlləsinin 11-2-ci maddəsinə əsasən, 1 yanvar 2020-ci ilən vergi ödəyicisi malların alış aktı ilə mal aldıqda 5 gün müddətində elektron alış aktı da tərtib etməlidir.

Malların alış aktı sırf vergi ödəyicisi olmayan şəxslər tərəfindən mallar alındıqda tərtib olunur. Əvvəllər Vergi Məcəlləsinin 73-cü maddəsinə əsasən, ödəmələr haqqında məlumatların verilməsi nəzərdə tutulsa da, amma bu haqda vergi orqanına məlumatın verilməsi ilə bağlı hər hansı konkret forma və vaxt müəyyən edilməmişdi. 1 yanvar 2020-ci il tarixdən tətbiq edilən elektron alış aktlarının vergi orqanlarına təqdim olunması nəticəsində isə artıq vergi orqanı elektron bazada malların alış aktı vasitəsilə belə şəxslər haqqında məlumat toplayaraq emal etmək imkanına malik olacaq.

Qeyd etdiyimiz kimi, vergi ödəyicisi elektron alış aktı ilə yanaşı, həm də malların alış aktını da tərtib etməlidir. Amma bir halda kağız üzərində malların alış aktının tərtib edilməsiə ehtiyac qalmır. Vergi Məcəlləsinin 71-2.3-cü maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağızda alış aktı tərtib edilmir.

Misal 1: Vergi ödəyicisi öz obyektində şüşə məmulatlarını vergi ödəyicisi olmayan şəxsdən qəbul edir. Malların təqdim edilməsi vergi ödəyicisinin ərazisində baş verdiyi üçün vergi ödəyicisi elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Bu proses zamanı malların alış aktının tərtibinə ehtiyac yoxdur.

Bəs vasitəçidən alınan məhsulun rəsmiləşdirilməsi və verginin hesablanması necə həyata keçirilir?

Vergi sahəsində çalışan mütəxəssislərin ən çox müzakirə etdiyi məsələlərdən biri də kənd təsərrüfatı məhsulları istehsalçısı olmayan, həmçinin vergi orqanında uçotda durmayan şəxsdən ödəmə mənbəyində verginin tutulması məsələsidir. Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Göründüyü kimi, burada söhbət kənd təsərrüfatı məhsullarının kənd təsərrüfatı məhsullarının istehsalçılarından qəbul edilməsindən yox, ümumilikdə təqdim edənin kimliyindən asılı olmayaraq qanunun 3.5-ci maddəsindəki malların təqdim olunmasından gedir.

Vergi Məcəlləsinin 150.1.14-cü maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa borcludurlar.

Misal 2: Vətəndaş yaşadığı ərazidə qonşularının yetişdirdiyi müxtəlif meyvə və tərəvəzi alaraq hansısa mağazaya satır. Fərz edək ki, mağazaya təqdim olunan kənd təsərrüfatı mallarının dəyəri 4.000 manat təşkil edib. Bu zaman vergi ödəyicisi aldığı kənd təsərrüfatı məhsullarına görə ödənməli məbləğdən 5 faiz dərəcə ilə vergi tutur:

4.000 x 5% = 200 manat

Bu halda vətəndaşa 3.800 manat ödəyir.

4.000 - 200 = 3.800 manat.

Bununla da kənd təsərrüfatı məhsulunu satan şəxsin vergi orqanında qeydiyyata alınmaqla bəyannamə təqdim etmək öhdəliyi yaranmır. Bu halda malların vətəndaşdan alınması ciddi hesabat blankı olan “Malların alış aktı” tərtib edilməklə rəsmiləşdirilməlidir. “Malların alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Vergi ödəyicisi 5 gün ərzində elektron arayış tərtib edərək vergi orqanına məhumat göndərməlidir.

Misal 3: Həmin vətəndaş 300 manatlıq eyni üsulla əldə etdiyi kənd təsərrüfatı mallarını səyyar qaydada əhaliyə satır. Bu zaman vətəndaşın vergi orqanında uçota alınaraq VÖEN əldə etməsi mütləq şərtdir. Əgər sadələşdirilmiş vergi ödəyicisi olarsa, əldə etdiyi gəlirdən 2 faiz dərəcə ilə vergi ödəməlidir. Gəlir vergisi ödəyicisi (mükro sahibkar) olarsa, əldə olunan gəlirdən çəkdiyi xərclər çıxılmaqla, fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Mikro sahibkarlıq subyektinə aid olduğu halda 20 faizlik verginin 75 faizinə güzəşt tətbiq edilir.

Bəs vergi ödəyicisi kənd təsərrüfatı istehsalçısını necə müəyyən etməlidir?

Kənd təsərrüfatı məhsullarını təqdim edən şəxsin kənd təsərrüfatı istehsalçısı olub-olmadığını müəyyənləşdirmək üçün onlardan şəxsiyyət vəsiqəsi ilə yanaşı, aşağıda qeyd olunan sənədləri də tələb etmək lazımdır:

- ailə kəndli təsərrüfatı olduğu halda - bələdiyyənin təqdim etdiyi ailə kəndli təsərrufatı vəsiqəsinin sürəti;

- vergi ödəyicisi olduğu halda - meyvə və tərəvəz satırsa, mülkiyyətində olan torpaq sahəsinin mülkiyyət sənədi, heyvan satarsa, bələdiyyə və ya icra numayəndəsinin arayışı.

Bu tip təsdiqləyici sənədlər olmadığı halda, vergi orqanı vergi ödəyicisinin məhsulları aldığı şəxsin kənd təsərrüfatı istehsalçısı olduğunu qəbul etməyə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 3 may 2019-cu il tarixli, 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilən “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarına əsasən, ailə kəndli təsərrüfatlarının başçıları və torpaq mülkiyyətçiləri yalnız məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınır.
Ailə kəndli təsərrüfatları və torpaq mülkiyyətçiləri müvafiq olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra bir ay müddətində vergi orqanlarına ərizə ilə müraciət etməlidir.

Ərizəyə ailə kəndli təsərrüfatının başçısının şəxsiyyətini təsdiq edən sənəd, təsərrüfatın bələdiyyədə uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə verilən vəsiqələrin surətləri əlavə edilməlidir. Torpaq mülkiyyətçiləri isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və "Torpaq sahəsinin planı və ölçüsü"nün surətini ərizəyə əlavə etməlidir.

Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb