14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ezamiyyə xərcinin günlük norma əsasında hesablanması

Bəzən işçinin əsas iş yeri ilə ezam olunduğu müəssisənin iş rejimləri fərqli olur. Yaxud işçi ezamiyyət zamanı qaldığı mehmanxanadan təsdiqedici sənəd gətirə bilmir. Bu cür hallarda işçiyə ezamiyyə xərcinin hesablanmasında müəyyən suallar yaranır. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

İşçi ezam olunduğu təşkilatın iş rejimi ilə çalışır. Yəni əsas iş yerində 5-günlük iş rejimi ilə çalışan işçinin ezam oldunduğu müəssisənin iş rejimi 6-günlükdürsə, həmin işçi ezam olunduğu müəssisədə 6-günlük iş rejimi ilə çalışa bilər və buna görə qarşı tərəfin məlumatı əsasında əsas iş yerində ona əməkhaqqı hesablanmalıdır. İşçi ezam olunduğu müəssisədə istirahət günündə işləyirsə, bu zaman Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, ona əlavə əməkhaqqı ödənilməlidir.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1-günlük norması Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarı ilə tənzimlənir. Həmin qərara əsasən, 1-günlük norma üç kateqoriyaya bölünür:

- Bakı – 90 manat;

- Naxçıvan, Gəncə və Sumqayıt – 70 manat;

- digər (şəhər, rayon, qəsəbə, kənd və s.) – 65 manat.

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1-günlük normasının 80 faizini mehmanxana xərcləri, 20 faizini isə gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. Gündəlik xərc işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir. Təcrübədə 20 faizlik gündəlik xərcin ödənilməsi üçün hər hansı sənəd tələb olunmur. Lakin əvvəllər 80 faiz təşkil edən mehmanxana xərci üçün sənəd təqdim etmək lazım gəlirdi. Sənəd təqdim olunmadığı təqdirdə işçiyə gündəlik xərcin 50 faizə qədəri ödənilirdi.

Nazirlər Kabinetinin 7 yanvar 2021-ci il tarixli, 13 saylı qərarı ilə “Ezamiyyə xərclərinin normaları haqqında” 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik ediləndən sonra təsdiqləyici sənəd olmasa belə, gündəlik normanın mehmanxana xərci olan hissəsi, yəni 80 faizi tam ödənilir.

Misal: Ezamiyyətdə olan işçi mehmanxanada 5 təqvim günü qalmasına baxmayaraq, iş yerinə yalniz 3 günün sənədini təqdim etmişdir. Bu halda hesablama belə aparılacaqdır:

90 x 20% x 5 = 90 manat,

90 x 80% x 5 = 360 manat,

90 + 360 = 450 manat.

Beləliklə, işçiyə 5 təqvim günü üçün ümumilikdə 450 manat ezamiyyə xərci ödəniləcəkdir.

Qeyd edək ki, ezamiyyə normaları, Vergi Məcəlləsinin 102-ci maddəsinə və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmur. İşçiyə qanunvericilikdə göstərilmiş normadan (90, 70 və 65 manat) artıq ezamiyyə məbləği ödənilərsə, həmin məbləğ təsdiqləyici sənəd olduqda işçinin gəliri hesab edilmir və fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunmur. Lakin artıq ödənilmiş ezamiyyə xərclərinin təsdiqləyici sənədi olsa da-olmasa da, istənilən halda, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, onu gəlirdən çıxılan xərcə aid etmək olmaz. Ezamiyyə normaları əməkhaqqı anlayışına daxil olmadığı üçün işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına cəlb olunmur.

Son olaraq bildirmək istərdim ki, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən sonra 1-günlük ezamiyyə normasının mehmanxana xərclərinə aid hissəsinin (80%-nin) təsdiqləyici sənədi olmadığı halda, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, yalnız həmin hissənin (80%-in) 50%-i gəlirdən çıxılan xərcə aid edilir. Bütün ezamiyyə xərclərini dəvət edən tərəf öz üzərinə götürdüyü hallarda isə işçiyə ezamiyyə xərci ödənilmir.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?