10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilərin məzuniyyət hüquqları

Əmək müqaviləsi əsasında çalışan hər bir işçinin Əmək Məcəlləsində qeyd olunan bütün növ məzuniyyətlərdən istifadə etmək hüququ var. Mövzu ilə bağlı yaranan suallara insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev aydınlıq gətirir.

İşçilərin məzuniyyət hüququ dedikdə, bütün növ məzuniyyətlər nəzərdə tutulur. Həmin məzuniyyət növləri Əmək Məcəlləsinin 112-ci maddəsində qeyd olunub:

a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti;

b) qismən ödənişli sosial məzuniyyət;

c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

ç) ödənişsiz məzuniyyət.

Əmək Məcəlləsinin 111-ci maddəsinə əsasən, məzuniyyətdən istifadə zamanı işçilərin aşağıdakı hüquqi təminatları müəyyənləşdirilib:

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.

Misal 1: Tutaq ki, işçi 1 fevral 2022-ci il tarixdən etibarən 28 fevral 2022-ci il tarixi də daxil olmaqla 28 təqvim günü müddətinə əmək məzuniyyətindən istifadə edib. İşçinin iş yeri mühasib vəzifəsi olaraq baş ofis qeyd olunub. İşəgötürən işçinin əmək məzuniyyətində olduğu dövrə onun iş yerini daimi olaraq müəssisənin Binəqədi filialına dəyişmək istəyir. Bu halda onun iş yeri dəyişdirilə bilməz. Bu, işçi əmək məzuniyyətindən qayıtdıqdan sonra tərəflərin razılığı ilə əmək müqaviləsinə edilmiş dəyişikliklə mümkün ola bilər.

Misal 2: Tutaq ki, işçi 1 fevral 2022-ci il tarixdən 14 fevral 2022-ci il tarixi də daxil olmaqla 14 təqvim günü müddətinə ödənişsiz məzuniyyətindən istifadə edib. İşəgötürən işçinin ödənişsiz məzuniyyətdə olduğu dövrdə bir ay öncə törədilmiş nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, intizam məsuliyyətinə cəlb etmək istəyir. Bu, mümkün deyil. Bu məsələyə işçi ödənişsiz məzuniyyətdən qayıtdıqdan sonra baxılaraq ona intizam tənbehi tətbiq oluna bilər.

Təcrübədə işçilər tərəfindən ən çox istifadə olunan məzuniyyət növü əmək məzuniyyətidir. Bir müəssisədə nə qədər işçi varsa, deməli, bir o qədər əmək məzuniyyəti halı olacaq. Əmək müqaviləsi ilə çalışan hər bir işçinin Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, işə qəbul olduğu tarixdən etibarən əmək məzuniyyəti hüququ yaranır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündəlik 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı 1 dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir.

Misal 3: Tutaq ki, “X” MMC-də ofis meneceri vəzifəsinə qəbul olunan işçi ilə bağlanmış əmək müqaviləsində əmək müqaviləsinin bağlanma tarixi 21 fevral 2022-ci il, işə başlama tarixi isə 1 mart 2022-ci il qeyd olunub. Sual yaranır: bu halda işçinin əmək məzuniyyəti hüququ əmək müqaviləsinin bağlanması, yoxsa işçinin işə başlaması tarixindən yaranır? işçinin əmək məzuniyyəti hüququ işə başlama tarixindən yaranır. Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti işçinin istirahət etməsi, əmək qabiliyyətini bərpa etməsi və sağlamlığını möhkəmləndirməsi məqsədilə nəzərdə tutulan istirahət vaxtıdır. Yəni işçi ilk növbədə, iş yerində işə başlamalıdır ki, daha sonra iş qabiliyyətini, bu dövr ərzində itirdiyi sağlamlığını bərpa etsin. Yuxarıda qeyd olunan halda, əmək müqaviləsinin bağlanma tarixi 21 fevral 2022-ci il olsa da, işçi işə 1 mart 2022-ci il tarixdən başladığı üçün onun əmək məzuniyyəti hüququ həmin tarixdən yaranır.

Bəs eyni müəssisə işçinin həm əsas, həm də əlavə iş yeri olarsa, bu zaman hər 2 iş yeri üzrə əmək məzuniyyəti hüququ yaranırmı? Qısaca olaraq deyək ki, bəli.

Misal 4: “X” MMC-də əsas iş yeri olaraq mühasib vəzifəsində çalışan işçi işəgötürənlə razılaşma əsasında eyni müəssisədə əlavə iş yeri kimi yeni əmək müqaviləsi bağlayaraq insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə təyin olunub. Bu halda həmin işçinin bir iş ili üçün mühasib vəzifəsinə görə 30 təqvim günü, insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə görə də 30 təqvim günü əmək məzuniyyəti hüququ yaranacaq.

Əmək məzuniyyətində olan işçi işdən azad olunmaqla bağlı öz ərizəsi ilə müraciət etdikdə onu ərizəsi əsasında əmək məzuniyyəti dövründə işdən azad etrmək olarmı? Bununla bağlı fərqli yanaşmalar mövcuddur. Ancaq birmənalı olaraq bildirmək istərdim ki, bəli, olar. Bu halda işçinin özü təşəbbüs göstərdiyinə görə onun əmək müqaviləsinə Əmək Məcələsinin 69.3-cü maddəsinə əsasən əmək məzuniyyətində olduğu dövrdə xitam verilə bilər.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?