Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Fevralın 20-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Sercio Mattarellanın bəyanatı
- Prezident İlham Əliyevi Kuirinaledə qarşılamaq mənim üçün çox böyük məmnunluqdur və böyük şərəfdir. Bu, onun İtaliyaya ilk dövlət səfəridir. Çox məmnunam ki, mənim Bakıya təqribən iki il bundan əvvəlki səfərimdən sonra cənab Prezidentin buraya səfəri baş tutur. İki il bundan əvvəlki səfərdən mənim çox gözəl xatirələrim var. Bu gün cənab Prezidentin Romaya səfəri bir daha İtaliya ilə Azərbaycan arasındakı əlaqələrin nə qədər güclü olduğunu göstərir.
Biz artıq apardığımız danışıqlar nəticəsində bir neçə məsələni qeyd etdik. Burada İtaliya ilə Azərbaycan arasında olan əlaqələri xüsusilə vurğuladıq. Yalnız enerji sahəsində deyil, həmçinin digər sahələrdə, həm siyasi, həm mədəni sahələrdə olan əlaqələri vurğuladıq. Burada müxtəlif sahələrdə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı Birgə Bəyannamə qeyd olundu. Cənab Konte və cənab Prezident tərəfindən imzalanan bu bəyannamə əlaqələrimizin demək olar ki, bütün sahələrdə inkişafına təkan verəcək.
İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir. Burada mən, həmçinin Qoşulmama Hərəkatına Azərbaycanın üçillik sədrliyini qeyd etmək istəyirəm. Azərbaycan bu öhdəliyi öz üzərinə götürmüşdür və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək. Mən bu işdə cənab Prezidentə uğurlar arzulayıram.
Biz iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə malikik, çox böyük inkişafla irəli gedirik. İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri də bu sahəyə cəlb olunacaqlar.
Bundan başqa, cənab Prezident və bütün hökumət ölkənin iqtisadi-siyasi həyatının şaxələndirilməsi ilə bağlı bir çox planlar reallaşdırır. Biz bu işə dəstək olmaq üçün hər zaman hazırıq. Bugünkü görüşlər zamanı bir neçə sahə üzrə imzalanmış sazişlər mübadilə olunacaq. Bu, bizim iqtisadi, siyasi sahələrdə inkişaf edən əməkdaşlığımızın bariz göstəricisidir. Bundan əlavə, Cənub Qaz Dəhlizi layihəsini qeyd etmək istərdim. Artıq TAP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. Bu, İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına yardımçı olacaq.
Mən Azərbaycanın beynəlxalq məsələlərə müsbət baxışını qeyd etmək istərdim. Azərbaycan enerji sahəsində hər zaman hamı ilə əməkdaşlıq etməyə açıq bir ölkədir. Mən bir daha qeyd etməliyəm ki, Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır. Bundan başqa, bir qədər öncə biz cənab Prezidentlə qeyd etdik ki, ölkələrimiz arasında mədəni sahədə də inkişaf gedir. Bugünkü görüşlər zamanı bu sahədə də bir çox sazişlərin imzalanması gözlənilir və bütün bu sazişlər çox mühümdür. Lakin mən onların içərisində ən mühümlərindən birini xüsusi qeyd etmək istərdim. Azərbaycanın Azərkosmos şirkəti ilə İtaliyanın tərəfdaş şirkəti arasında gələcək əməkdaşlıq və yüksək texnologiyanın tətbiqi ilə bağlı saziş mübadilə olunacaq.
Mən artıq cənab Prezidentə bu barədə bildirdim ki, 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub. Bu, bizim əlaqələrimizi, dostluğumuzu, əməkdaşlığımızı artırmağa kömək edəcək və iki ölkə arasında münasibətləri daha da intensivləşdirəcək. Bundan başqa, biz, həmçinin Dağlıq Qarabağla bağlı müəyyən bir sabit nəticənin əldə olunması haqqında danışdıq. Biz bu məsələyə İtaliya tərəfindən hər zaman dəstək olduğumuzu bildiririk. Biz ümid edirik ki, bu məsələ üzrə siyasi danışıqlar sayəsində qısa bir zamanda müəyyən nəticələr əldə olunacaq.
İtaliya Azərbaycanla Avropa İttifaqı arasında da əlaqələrə hər zaman dəstək olmağa hazırdır. Biz Avropa İttifaqı və Azərbaycan arasındakı əlaqələrə stimul olmaq üçün bu sahədə də çox geniş formada əməkdaşlıq etməyə hazırıq. İtaliya Azərbaycanı, həmçinin Avro-Atlantik Tərəfdaşlıq üzrə də ən əsas tərəfdaş kimi görür. Əfqanıstanda terrorizmə qarşı mübarizədə və gördüyünüz kimi, hər bir sahədə bizim ölkələrimiz arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Azərbaycan hər zaman bu əməkdaşlıqda İtaliyanın dostluğuna və dəstəyinə əmin ola bilər. Bir daha xoş gəlmisiniz.
Prezident İlham Əliyevin bəyanatı
- Təşəkkür edirəm, hörmətli cənab Prezident.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Prezident, məni İtaliyaya dövlət səfərinə dəvət etdiyinizə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam. Bu gün həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir daha əmin oldum ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir.
Cənab Prezident, Sizin Azərbaycana rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermişdir və səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır.
Bu gün çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Onların hər biri çox önəmlidir, bir çox sahələri əhatə edir. Ancaq mən xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda, İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir.
İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq.
O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Biz bu gün, cənab Prezidentin dediyi kimi, mədəniyyət sahəsində əməkdaşlığa da toxunduq. Biz bu sahədə əməkdaşlığı dərinləşdirmək istəyirik. Azərbaycanın İtaliyada Mədəniyyət Mərkəzinin açılışı nəzərdə tutulur. Bir neçə il bundan əvvəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi Villa Borgeze parkında ucaldılıb.
Bizim təhsil sahəsində çox yaxşı əməkdaşlığımız var və bu sahədə də sənədlərin imzalanması nəzərdə tutulur. Hazırda Azərbaycanın 1500-dən çox tələbəsi İtaliyanın ali məktəblərində təhsil alır.
O ki qaldı, energetika məsələlərinə, Azərbaycan İtaliya üçün bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan İtaliyaya xam neft ixrac edir və bu müddət ərzində heç bir problem, heç bir fors-major hadisəsi olmamışdır. Yəni, Azərbaycan etibarlı tərəfdaş kimi özünü təsdiqləyib.
O ki qaldı, təbii qazın ixracına, bu layihə də yekunlaşmaq üzrədir. TAP layihəsinin icrası 92 faizə çatıbdır və TAP layihəsi Cənub Qaz Dəhlizinin dördüncü və sonuncu layihəsidir. Bundan əvvəl üç layihə icra edilmişdir. Cənub Qaz Dəhlizinin bir tərəfində Azərbaycan və o biri tərəfində İtaliya dayanır. Bizim aramızdakı daha beş ölkə, bütövlükdə yeddi ölkə arasında əməkdaşlıq yaranır. Bu əməkdaşlıq enerji və bütün başqa sahələrə də müsbət təsir göstərəcək. Çünki bu ölkələr artıq bir-biri ilə sıx bağlı olan ölkələr olurlar. Bundan sonra bu ölkələr arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı da təbii ki, daha sürətlə gedəcək.
Cənub Qaz Dəhlizi tarixi layihədir və mən xüsusilə Prezident Mattarellaya onun göstərdiyi səylərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki 2018-ci ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olarkən Prezidentlə bizim bu barədə söhbətimiz olub. Bu söhbətdən sonra TAP-ın icra edilməsi daha sürətlə getmişdir və hazırda biz layihənin son mərhələsindəyik.
Biz, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş gedir. Hesab edirəm ki, bu gün imzalanacaq çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə bu saziş üçün də gözəl əsas təşkil edə bilər.
NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz qoşunlarımızı Əfqanıstana uzun illər bundan əvvəl göndərmişik. Sülhməramlı əməliyyatlarda Azərbaycan fəal iştirak edir və NATO qoşunları üçün çox önəmli logistik və nəqliyyat xidmətləri göstəririk. Nəzərə alsaq ki, Azərbaycanın coğrafi yerləşməsi və nəqliyyat infrastrukturu çox əlverişlidir, biz bu sahədə də uğurlu əməkdaşlıq edirik.
Yəni, səslənən bu məsələlər və fikirlər artıq aydın göstərir ki, iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələri vardır və bu əlaqələr bundan sonra da uğurla inkişaf etdiriləcəkdir. Sağ olun.