Xəzərin sahilboyu ərazilərində dövlət idarəetməsi təkmilləşdirilir
Prezident İlham Əliyev “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb.
Davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və nəzarət funksiyalarının icrasında iştirak edən dövlət orqanlarının (qurumlarının) koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə fəaliyyətin səmərəliliyinin və çevikliyinin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiqi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınıb ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazisində (adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər istisna olmaqla) torpaqların idarə olunması, istifadəsi və onların mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq sahilboyu ərazidə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilsin.
Sahilboyu ərazidə idarəetmənin təşkili məqsədilə Xidmətin işçilərinin say həddi 40 ştat vahidi artırılıb.
