30 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də “BakuBus” MMC-nin Gəncə Avtoparkının açılışında iştirak edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlətimizin başçısına avtoparkda yaradılan şərait barədə məlumat verdi.

Üç yüz yerlik avtobus parkının inşasına bu ilin yanvarında başlanılıb. Ümumi sahəsi 10 hektar olan parkda texniki baxış və təmir postları, avtomatlaşdırılmış uçot sistemli yanacaq təsərrüfatı, saatda 60 avtobusun yuyulması gücünə malik kompleks inşa edilib. Avtobus parkının yaradılması ilə 675 nəfər işlə təmin olunub. Onlardan 553 nəfəri sürücü, 122 nəfəri isə inzibati və texniki heyətdir.

“BakuBus” MMC Gəncə şəhərində 18 mövcud və 2 yeni marşrut xətti üzrə fəaliyyət göstərəcək. Şəhərə yüksək ekoloji standarta - EURO6-ya cavab verən 280 avtobus gətirilib ki, onlardan da 45-i 54, 186-sı 63, 49-u isə 102 sərnişin tutumuna malikdir.

Bu layihənin həyata keçirilməsi, ilk növbədə, paytaxt Bakıdan sonra respublikanın ən böyük şəhəri olan Gəncənin nəqliyyat-sərnişin daşıma infrastrukturunun müasirləşdirilməsi baxımından çox mühüm rol oynayır. Bu, eyni zamanda, sərnişinlərin rahat, təhlükəsiz şəkildə mənzilbaşına çatmasına imkan yaradır, şəhərin nəqliyyat parkının yenilənməsinə böyük töhfə verir. Həmçinin yeni iş yerlərinin açılmasında da belə layihələrin rolu önəmlidir.

Gəncə şəhəri üzrə aparılan genişmiqyaslı təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Mövcud 32 marşrut xəttində optimallaşdırma aparılıb, 22 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyən olunub.

Əhəmiyyətli yeniliklərdən biri də ictimai nəqliyyatda qabaqcıl rəqəmsal texnologiyaların tətbiqidir. Gəncədə fəaliyyət göstərən bütün avtobuslarda gedişhaqqını “CityCard” nağdsız ödəniş sistemi, istənilən bank kartları, həmçinin mobil ödəniş vasitələri ilə ödəmək mümkündür.

Sərnişindaşıma sahəsinin optimallaşması çərçivəsində Dəmiryol Vağzalının qarşısında Nəqliyyat Mübadilə Məntəqəsi yaradılıb. Burada dəmir yolu ilə avtomobil nəqliyyatının qarşılıqlı əlaqəsi öz əksini tapıb.

Əhalinin gediş-gəlişi və sıxlığın çox olduğu ərazilərdə 34 müasir dayanacaq pavilyonu quraşdırılıb.

Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində 97 küçədə asfalt örtüyünün yenilənmə işləri aparılıb, 128 kilometr xətlənmə işləri icra olunub. Şəhərdə təhlillər aparılaraq mikromobillik zolaqlarının salınması üçün uyğun yerlər müəyyənləşdirilib.

Taksi nəqliyyat vasitələri üçün cəlbetmə məntəqələrinin müəyyən edilməsi istiqamətində də işlər aparılıb və 10 ünvanda taksi duracağı üçün yer təyin olunub.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə, bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların göstəricisidir.

AZƏRTAC

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?