12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Prezident İlham Əliyev “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və “Azəri-Mərkəzi-Şərqi” layihəsinin Baş direktoru Nil Filips dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər.

Bildirilib ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə yekun investisiya qərarı 2017-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.

Bu layihə çərçivəsində dənizdə suyun dərinliyinin təxminən 140 metr olan sahəsində - “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında 48 şaxtadan ibarət yeni hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG “Faza 2” sualtı ixrac kəmərlərinə qoşulacaq.

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressor və suvurma platformasından “Azəri-Mərkəzi-Şərqi” qurğularına nəql etmək məqsədilə “Azəri-Mərkəzi-Şərqi” və “Şərqi Azəri” platformaları arasında suvurma boru xətti olacaq.

Məlumat verilib ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur.

Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində “Azfen” şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqların artıq 95 faizi tamamlanıb.

Üst modulların tikinti işlərinin kulminasiya nöqtəsi Xəzərdə BP-nin ilk dəfə icra etdiyi “qaldırma və sürüşdürmə” əməliyyatı olub. Bu əməliyyat zamanı iki nəhəng qazma modulu təhlükəsiz və səmərəli şəkildə lazımi yüksəkliyə qaldırılaraq relslərlə sürüşdürmə üsulu ilə “Azəri-Mərkəzi-Şərqi” platformasının üst tikililər blokunun üzərinə yerləşdirilib.

Layihənin pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib və onların 90 faizindən çoxu Azərbaycan vətəndaşı olub.

Sonra görülən işlərlə bağlı videoçarx nümayiş olunub.

Platforma Səngəçal terminalından, yəni, uzaq məsafədən idarə ediləcək. İdarəetmə mexanizminə avtomatlaşdırılmış innovativ sistem daxil edilib.

Prezident İlham Əliyev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulları qurğusunun dənizə rəmzi yola salınmasını bildirən düyməni basıblar.

Bildirilib ki, tikinti işlərinin və istismar sınaqlarının 2023-cü ilin ikinci rübündə tamamlanacağı gözlənilir. Həmin vaxt qurğu STB-1 daşıma barjına yüklənəcək, dənizə göndəriləcək və AÇG yatağı sahəsindəki dayaq blokunun üzərinə quraşdırılacaq. Tikinti işlərinin və istismar sınaqlarının dənizdə həyata keçirilən hissəsi tamamlandıqdan sonra “Azəri-Mərkəzi-Şərqi” platformasından ilk neftin 2024-cü ilin əvvəllərində əldə olunması üçün birinci quyunun qazılmasına başlanacaq.

Xatırladaq ki, “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb.

Bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku dənizə yola salınıb və suyun 137 metr dərinliyində öz daimi yerinə quraşdırılaraq üst modulları qəbul etməyə artıq hazırdır.

Qeyd edək ki, “Azəri-Mərkəzi-Şərqi” layihəsi üzrə tikinti işləri 2019-cu ildə başlanıb və iş həcminin 85 faizi artıq tamamlanıb. Layihənin pik dövründə tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.

Sonda xatirə şəkli çəkdirilib.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?