19 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xalqa həsr edilən ömür…


 

"Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı
zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını
müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır".

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Tarixdə şəxsiyyətlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin gələcək əks-sədaları, uzun illər hadisələrin axarına təsiri ilə müəyyənləşir. Tarixən zamanın nəbzini tutmağı, hadisələrə obyektiv qiymət verməyi, siyasi potensialını düzgün dəyərləndirməyi bacaran liderlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər.

Ümummilli lider Heydər Əliyev də Azərbaycan tarixinin keşməkeşli dönəmində xalqın iradəsinə istinad edərək ortaya qoyduğu dövlətçilik konsepsiyası, uzaqgörən lider mövqeyi ilə xalqımızın xilaskarlıq simvoluna, dövlətçiliyimizin memarı statusuna yüksəldi. Ona görə də ulu öndər Heydər Əliyevi bu gün həm də müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu, çağdaş tariximizə möhürünü vuran dahi dövlət xadimi kimi ehtiram və rəhmətlə anırıq.

Ulu öndər siyasi hakimiyyətə gəlmədən öncə - 1969-cu ildən əvvəl də çalışdığı müxtəlif vəzifələrdə daim azərbaycançılıq təəssübkeşliyi nümayiş etdirmiş, xalqımızın sahib olduğu milli-mənəvi dəyərlərimizin qorunmasına çalışmışdır. Biz bu fəaliyyəti xüsusilə erməni millətçilərinin məqsədyönlü şəkildə Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasətin qarşısının alınmasında, torpaqlarımıza qarşı əsassız iddiaların reallaşmasına qarşı apardığı qətiyyətli mübarizədə görürük.

Ötən əsrin 60-cı illərində, hələ sovet imperiyasının gələcək taleyi ilə bağlı hər hansı təhlükə görünmədiyi bir dövdə - 1967-ci ildə erməni millətçiləri və Ermənistandan xüsusi tapşırıqla göndərilən emissarların təhriki ilə o zamankı Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan azərbaycanlı və erməni əhalisi arasında milli zəminli gərginlik formalaşdırılır, bununla da növbəti dəfə DQMV-nin Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi kampaniyasına başlanılır. Erməni canilər tərəfindən məqsədli şəkildə milliyyətcə erməni olan şəxs qətlə yetirilir və bu hadisənin azərbaycanlılar tərəfindən törədilən etnik zəminli hadisə kimi təbliğatı aparılır. Lakin Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri vəzifəsində çalışan Heydər Əliyevin qətiyyətli mövqeyi, cinayət işinin istintaqının birbaşa nəzarətə götürülməsi nəticəsində hadisənin mahiyyəti tamamilə açılır, əsl günahkarlar cəzalandırılır və bununla da erməni millətçilərinin Dağlıq Qarabağda milli zəminli qarşıdırma və toqquşmalar törətmək planları baş tutmur. Dağlıq Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi planları növbəti dəfə iflasa uğrayır.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra da Azərbaycanın və xalqımızın maraqlarının təmin olunması, ittifaq respublikaları arasında mövqeyi və nüfuzunun yüksəlməsi istiqamətində yorulmadan fəaliyyətini davam etdirib. Xalq, millət yolunda durmadan, usanmadan göstərilən fəaliyyət Heydər Əliyev SSRİ-yə rəhbər vəzifəyə irəli çəkiləndən sonra da davam edir. Çox az insanlarımızın bildiyi tarixi hadisələri xatırlamaqla həmin şərəfli fəaliyyətin bir anına işıq tutmağa çalışacağıq.

Mixail Qorbaçovun SSRİ-yə rəhbər seçilməsindən sonra erməni millətçiləri daha da aktif fəaliyyətə keçərək bir çox istiqamətlərdə Azərbaycana qarşı əks-təbliğat aparırlar. Yenidən Qarabağın Ermənistana birləşdirilməsi, guya Azərbaycanda anti-erməni əhval-ruhiyyənin hökm sürməsi barədə açıq fəaliyyətə keçilir. Hətta vəziyyət o həddə çatır ki, 1985-ci ildə Ermənistan rəhbəri Dəmirçiyan sovet rəhbərliyi qarşısında türklərin və azərbaycanlıların guya ermənilərə qarşı törətdiyi saxta “erməni soyqırımı”nın 70 illiyinin bütün ittifaq ərazisində matəm elan olunması məsələsini qaldırır. Yenə də məhz Heydər Əliyevin uzaqgörən və cəsarətli müdaxiləsinin nəticəsində hətta Qorbaçovun belə razılıq verdiyi bu iddia Siyasi Büro tərəfindən rədd edilir və artıq neçənci dəfə erməni cinayətkarlarının məkrli planları xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən pozulmuş olur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində də Azərbaycanda cərəyan edən mürəkkəb və ziddiyyətli ictimai-siyasi proseslərə biganə qalmayan Heydər Əliyev hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtlarda əsl vətənpərvərliklə, lider təəssübkeşliyi ilə müstəqilliyin qazanılması və milli özünüdərkin təmin olunması prosesində yaxından iştirak edir.

1993-cü ildə böhranlı və ağır vəziyyətdə olan xalqın çıxış yolunu yenə də müdrik rəhbərinin - ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bir sıra obyektiv reallıqlarla şərtlənirdi. Mütləq əksəriyyət başa düşürdü ki, yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qiyamı yatırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə - alternativsiz lider məhz Heydər Əliyevdir!

Bu gün əminliklə demək olar ki, müstəqil Azərbaycan hazırkı böyük və həlledici uğurlarında Heydər Əliyevin dövlətçilik və siyasi idarəçilik konsepsiyasına istinad edərək yeni-yeni zirvələrə doğru irəliləyir.

2003-cü ildən ölkəyə inamla rəhbərlik edən Prezident İlham Əliyev mütərəqqi inkişaf strategiyasını davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Dövlət başçısı İlham Əliyevin prezidentliyi dövründə məhz bu istiqamət əsas götürülmüş və Azərbaycan vətəndaşı sosial rifah və iqtisadiyyatda həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Sürətli inkişaf və tərəqqi prosesində Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, dövlətinin taleyini cənab İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir.

2020-ci ilin sonlarında müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi altında Azərbaycan Ordusunun düşmənin növbəti təxribatlarına qarşı başlatdığı əks-hücum və düşməni sülhə məcburetmə əməliyyatı nəticəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu, dövlət suverenliyi və sərhəd bütövlüyü təmin edildi. Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək 28 ildən sonra BMT TŞ-nin məlum qətnamələrinin, beynəlxalq hüququn prinsiplərindən irəli gələn tələblərin və illərdir işğalçı qüvvə və havadarları tərəfindən pozulan Azərbaycan qanunlarının təmin olunmasına nail oldu.

2023-cü ilin sentyabr ayına kimi səbr və təmkinlə Ermənistanın üzərinə götürdüyü öhdəliyi nəhayət icra edəcəyini gözləyən Azərbaycan dövləti və onun Lideri mövcud vəziyyətdən, havadarlarının dəstəyindən və Azərbaycanın humanist yanaşmasından istifadə edərək öz qoşunlarını, terrorçuları və erməni separatizmini bölgədən çıxarmaq istəməyən, tam əksinə, mövcud vəziyyətdən bölgəni yenidən qarışdırmaq üçün istifadə etməyə çalışanlara, onların məkrli planlarına və qanunsuz silahlı birləşmələrə qarşı antiterror tədbirləri həyata keçirməklə tutarlı cavab verdi. Beləliklə, Azərbaycan müzəffər sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə daha bir tarixi qələbəyə imza atdı, ərazi bütövlüyü və dövlət suverenliyimiz təmin edildi, kənar güclərin 100 illərdir məqsədli şəkildə yaratdıqları separatizmin kökü əbədi olaraq kəsildi.

Bu gün qürur və fəxrlə deyə bilirik: Azərbaycan bütövdür, Azərbaycan tamdır və dövlət suverenliyimiz, ərazi bütövlüyümüz təmin olunub!

Əminik ki, Azərbaycanın xoşbəxt və bütöv gələcəyini həyatının və şüurlu fəaliyyətinin amalına çevirmiş həmişəyaşar liderimiz Heydər Əliyevin ruhu işğaldan azad olunmuş müqəddəs Qarabağ səmasında həyata keçirilən quruculuq işlərimizin ən böyük şahididir və şaddır!

Anar ƏLİYEV,
tarix üzrə fəlsəfə doktoru

VergiHüquqi şəxsin ünvan dəyişikliyi VergiƏfqanıstan müharibəsi veteranının həyat yoldaşına vergi güzəşti tətbiq olunurmu? Vergiİpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması VergiRepetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır? VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması