25 Oktyabr 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ötən il muxtar respublikanın dövlət büdcəsinin gəlirləri 103,1 faiz icra olunub

Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2020-ci ildə gəlirləri 113 milyon 200 min manat təyinata qarşı, 116 milyon 718 min 58 manat və ya 103,1 faiz icra olunmaqla, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait daxil olub.
Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib.
İclasda maliyyə naziri Rafael Əliyev çıxış edərək bildirib ki, ötən ildə büdcə gəlirlərinin 76 faizi və ya 88 milyon 685 min 886 manatı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin, 21,4 faizi və ya 24 milyon 956 min 167 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 2,3 faizi və ya 2 milyon 740 min 408 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,3 faizi və ya 335 min 597 manatı isə digər mənbələr hesabına daxil olub.
Dövlət büdcəsinin xərcləri isə 540 milyon 993 min 222 manat təyinata qarşı 538 milyon 916 min 476 manat və ya 99,6 faiz icra edilib.
Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin gəlirləri 128 milyon 400 min manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilin büdcəsi ilə müqayisədə 15 milyon 200 min manat və ya 13,4 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri isə 506 milyon 531 min manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsində sosialyönlü xərclərin xüsusi çəkisi 71 faiz səviyyəsində və ya 359 milyon 825 min 809 manat məbləğində nəzərdə tutulur. Bu da 2020-ci illə müqayisədə 5,8 faiz və ya 19 milyon 916 min 182 manat çoxdur.
Sonra çıxışlar dinlənilib.