İndiyədək Bakı–Tbilisi–Ceyhan kəməri ilə 3,52 milyard barrel neft daşınıb
Yanvar-sentyabr aylarında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 21,4 milyon ton (162 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 214 tankerə yüklənib.
“BP Azerbaijan” şirkətindən verilən məlumata görə, üç rübdə BTC üzrə əməliyyat xərclərinə təxminən 67 milyon dollar, əsaslı xərclərə isə təqribən 20 milyon dollar sərf olunub.
1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin üçüncü rübünün sonunadək BTC ilə ümumilikdə 469 milyon tondan çox (təxminən 3,52 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 4595 tankerə yüklənərək dünya bazarına göndərilib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
“BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.