ATİB sədri: “Türkiyə-Azərbaycan dostluğunu bir daha bütün dünyaya göstərəcəyik”
Azərbaycanla-Türkiyə əməkdaşlığı və strateji tərəfdaşlığı günü-gündən genişlənir, xüsusən regionun biznes cəmiyyətləri arasında əlaqələr daha dadərinləşməkdədir. Bu günlərdə keçirilmiş Türk Ticarət və Sənaye Palatasının növbədənkənar görüşündə tədbir iştirakçıları Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar hərəkətləri kəskin pisləyib, Azərbaycanın haqq mübarizəsində onun yanında olduqlarını bildiriblər. Bu, Türk Şurasına daxil olan dövlətlərin açıq mövqeyidir.
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yanğın ölkələrimiz arasındakı dostluq, qardaşlıq və birgə əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, bildiribki, Qarabağ Azərbaycanın təbiəti, yeraltı, yerüstü sərvətləri ilə zəngin dilbər bir guşəsidir: “Uzun illər işğalaltında qalan, yeraltı sərvətləri, xüsusilə qızıl yataqları ilə tanınan Kəlbəcər rayonu bu qəbildən olan ərazilərdəndir. Bu illər ərzində həmin yataqları qanunsuz şəkildə istismar edən, talançılıqla məşğul olan əcnəbi şirkətlər əldə etdikləri haram qazancın bir hissəsini işğalçı dövlətəhədiyyə ediblər, digər hissəsini isə satıblar. Əgər dünyanın bir ədalət qərarı varsa, həmin şirkətlərin çox böyük bir təzminata məhkum edilməsi gərəkdir. Çünki başqasının torpağından bir başqasının icazəsi ilə qızıl çıxarıblar, bu haqqı onlara heç kim verməyib. Ölkələrarası ticarətdə, dünyanın ticarət haqqında qanunlarında, BMT qərarlarında belə icazə yoxdur. Amma təəssüf ki, sıra türk dünyasına gəlincə, dünya susur”.
ATİB sədri qeyd edib ki, ilkin hesablamalara görə, işğaldan azad edilmiş torpaqların yenidən bərpasına milyardlarla vəsait xərclənməlidir: “Bu baxımdan, biz, - qardaş ölkədə fəaliyyət göstərən iş adamları, - bütün dünya türklərini həmin ərazilərə investisiya yatırmağa, iş qurmağa çağırırıq. Amma yatırımın əvəzində pul qazanmağa deyil, oraların abadlaşdırılmasına və həmin bölgələrə köçürüləcək insanların rahat yaşamaları üçün dəstək verməyə hazır olduğumuzu bir daha söyləmək istəyirəm. Qardaşlığımızı, dostluğumuzu bir daha bütün dünyaya göstərmək üçün bunu etməliyik. Azərbaycan iqtisadiyyatı ilk dəfə deyil ki, belə sınaq qarşısında qalır. Bu gün, Azərbaycan iqtisadiyyatı güclüdür. Hər hansı bir investisiya ilə bağlı, ticarət, ixracat əlaqələrimizdə əngəl, sıxışdırılma yoxdur. Bu dövrdə ölkədə heç bir maliyyə sıxıntısının, bank, ödəmə sahəsində problemlərimolmadığını müşahidə etdik. Mərkəzi Bankın rezervlərində minimum azalma belə görünmür. Sosial, turizm və s. sahələrdə yatırımlar davam edir”.
Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı ekspert Fikrət Yusifov qeyd edib ki, işğaldan azad olunmuşrayonlarımızın xüsusi bir iqtisadi zonaya çevrilməsi olduqca vacibdir: “Bölgənin sürətli inkişafının təmin olunması, əsasən, oraya xarici və daxili investisiyaların cəlb edilməsindən keçəcəkdir. Xarici investorlar sırasında türk iş adamlarının daha çox olacağı isə tam gözləniləndir. Həmin ərazilərdə yeni müəssisələrin və ilk növbədə yerli xammal əsasında fəaliyyət göstərəcək emal müəssisələrinin qurulması imkanları kifayət qədər böyükdür. Bu bölgələrdə turizm sektoruna da investisiya yatırmaq istənilən iş adamı üçün maraqlı olacaqdır. Hesab edirəm ki, Azərbaycan hökuməti xarici investisiyaların bölgəyə cəlb olunmasını stimullaşdıran xüsusi güzəşt zərfləri işləyib hazırlamalıdır”.