Rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
Rəqəmsal hökumətin artan rolunu, rabitənin vacibliyini, qlobal və regional əməkdaşlığa ehtiyacı müzakirə etmək məqsədilə “BMT-nin Elektron Hökumət Sorğusu kontekstindəki region ölkələrində elektron hökumətin inkişafı yönündə nailiyyətlər və problemlər” mövzusunda onlayn konfrans təşkil edilib.
Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənayesi Nazirliyinin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti ilə birgə və “Zerde Milli İnfokommunikasiya Holdinq” ASC və Astana Dövlət Xidməti Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov spiker qismində iştirak edib. O, Azərbaycanda elektron hökumətin inkişafı mərhələləri, vətəndaşlara rəqəmsal formada təqdim edilən elektron xidmətlər və rəqəmsallaşma ilə bağlı mövcud çağırışlar barədə məlumat verib. Bundan əlavə, tədbir iştirakçıları “ASAN xidmət”, COVID-19 pandemiyası dövründə ölkəmizdə aparılan qabaqlayıcı tədbirlər və mövcud vəziyyətin idarə edilməsi üçün EHİM tərəfindən hazırlanan “İcazələrin Alınması və Monitorinqi Sistemi” haqqında geniş təqdimatla tanış olublar.
Sonda 30 ilə yaxındır Ermənistanın işğalı altında olan torpaqlarımızın hazırda müzəffər Azərbaycan ordusu tərəfindən azad edildiyi qürur hissi ilə tədbir iştirakçılarının diqqətə çatdırılıb, işğaldan azad olunan torpaqlarda tezliklə “ASAN xidmət” mərkəzlərinin açılacağına və rəqəmsal hökumət qurucululuğun davam etdiriləcəyinə ümid edildiyi bildirilib.