Fransa Aİ-də rəqəmsal verginin tətbiqi üçün təkid edir
Avropa ölkələrində son vaxtlar ən çox müzakirə edilən, gündəliyə gətirilən məsələlərdən biri də rəqəmsal sahədə fəaliyyət göstərən nəhəng transmilli şirkətlərin vergiyə cəlb edilməsidir.
Bu sahə cavan olduğuna və burada daim dinamik dəyişmələr baş verdiyinə görə qanunun şərtlərini real proseslərə uyğunlaşdırmaq lazım gəlir. Avropa İttifaqında (Aİ) rəqəmsal verginin tətbiqi ilə bağlı ardıcıl mövqe nümayiş etdirən ölkələrdən biri Fransadır. Fransanın maliyyə naziri Brüno le Mer "Google" və "Facebook" kimi böyük şirkətlərin rəqəmsal fəaliyyətlərdən gələn gəlirlərinin vergiyə cəlb edilməsi üçün Aİ səviyyəsində ümumi bir anlaşma əldə edilməsə, gələn ildən bu şirkətlərə Fransanın ölkə səviyyəsində vergi tətbiq edəcəyini bildirmişdir. "France 2" televiziya kanalına müsahibə verən Brüno Le Mer 2019-cu ilin mart ayına qədər rəqəmsal şirkətlərlə əlaqəli ortaq bir Avropa vergi razılaşmasının əldə edilməsi üçün hökumət tərəfindən ona müddət verildiyini açıqlamışdır. "Əgər Aİ üzrə ümumi saziş əldə olunmazsa, həmin vergini Fransada ölkə səviyyəsində tətbiq edəcəyik", - deyə nazir bildirmişdir. Analitiklər isə diqqəti Fransa maliyyə nazirinin açıqlamalarının hökumətin iqtisadi siyasətinə qarşı ölkəni bürüyən etiraz aksiyalarından sonra verməsinə yönəltmişlər.
Qeyd edək ki, Aİ ölkələri hazırda gəlirlərini İttifaqdan kənardakı vergilərin aşağı olduğu ölkələrə daşıyaraq vergi qaçaqlığında ittiham edilən böyük şirkətlərin rəqəmsal fəaliyyətlərdən əldə etdikləri gəlirlərə 3 faizlik vergi tətbiq etməyi planlaşdırır. Bu vergi gəlirləri beynəlxalq səviyyədə 750 milyon avroya, internet vasitəsilə satışlarının həcmi isə 50 milyon avroya çatan şirkətlər üçün nəzərdə tutulur. Hazırda bu kateqoriyaya daxil olan ən azı 115 transmilli şirkət mövcuddur. Aİ ölkələrinin maliyyə nazirlərinin bu günlərdə Brüsseldə keçirilmiş son iclasında rəqəmsal şirkətlərdən illik dövriyyələri əsasında vergi tutulması barədə ümumi razılaşma əldə edilməmişdi. Rəqəmsal sahədə fəaliyyət göstərən şirkətlərin əksəriyyəti ABŞ-a məxsus olduğuna görə Aİ ölkələrinin hökumətləri ABŞ-ın öz şirkətlərinin mənafeyini müdafiə etmək üçün oxşar addımlar atacağından, yeni maliyyə gərginliklərinin yaranacağından çəkinirlər. Fransanın uzun müddətdən bəri irəli sürdüyü və dəstəklədiyi plana isə İrlandiya mane olur - həmin planın qüvvəyə minməsi üçün Aİ ölkələrinin hamısının yekdilliklə dəstək verməsi tələb olunur. Planda tənqid olunan əsas məsələlərdən biri orada gəlirin deyil, satışın hədəf kimi götürülməsidir.
Aİ-nin İqtisadiyyat və Maliyyə Şurasının (ECOFIN) informasiya xidmətləri ilə bağlı korporativ verginin tətbiq edilməsinin həllinə dair razılığa gələ bilməməsinə İqtisadiyyat və maliyyə məsələləri üzrə Avropa komissarı Pyer Moskovisi öz Twitter səhifəsində mğnasibət bildirmişdir: "Ecofin" razılığa gəlmədi, lakin mən ümidimi itirmirəm, vergi ədalətsizliyi mövcuddur və bu məsələ həllini tapmalıdır. Aİ-nin tələbi hələ də qüvvədədir və yerinə yetirilməlidir. Danışıqları davam etdirmək zərurəti var və növbəti ilin mart ayına qədər razılığa gəlməliyik!" Aİ-nin rəqəmsal fəaliyyətlərə vergi tətbiq edəcəyi təqdirdə hər il İttifaq miqyasında beş milyard avroya yaxın əlavə vergi yığılacağı gözlənilir.