14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi 13 il ərzində ölkəmizin iqtisadi mənzərəsi tamamilə dəyişdi

Bu il müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

1969-1982-ci illərdə sovet Azərbaycanına, 1993-2003-cü illərdə isə müstəqil dövlətimizə rəhbərlik edən ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövr ərzində ölkə iqtisadiyyatında genişmiqyaslı islahatlar aparılıb, sənaye sahələrinin inkişaf etdirilməsinə, səmərəli ticari-iqtisadi əlaqələrin qurulmasına, milli neft strategiyasının uğurla reallaşdırılmasına nail olunub. Ulu Öndərin qətiyyətli iradəsi və bacarığı sayəsində Azərbaycan iqtisadiyyatındakı gerilik qısa müddətdə aradan qaldırılıb və ölkənin sürətli iqtisadi inkişafının əsası qoyulub.

vergiler.az” ümummilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatındakı rolu ilə bağlı iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadənin İqtisadiyyat Nazirliyində keçirilmiş konfransda söylədikləri fikirləri paylaşır.

Heydər Əliyevin sahibkarlarla görüşündən sonra mühüm qərarlar qəbul edildi

İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov bildirib ki, ulu öndər Heydər Əliyev hər iki dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrlərdə bütün sahələrdə ölkə böhran vəziyyətində olub: “1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən təxminən bir ay sonra Mərkəzi Komitənin avqust plenumu keçirildi. Həmin plenumdakı çıxışında Heydər Əliyev insanların özünə inamının qaytarılması, cəmiyyətin qanunlara əməl etməsinin vaciblyi, haqsızlığa son qoyulması, ədalətin bərpası, sənaye və kənd təsərrüfatında olan ciddi problemlərin aradan qaldırılması kimi məsələləri ön plana çəkdi. Heydər Əliyevin rəhbər kimi ən yüksək məziyyətlərindən biri onun insanları, xüsusilə mütəxəssisləri dinləmək bacarığı idi. O, hər hansı bir qərarı verməzdən əvvəl həmin sahədə çalışan mütəxəssisləri, alimləri dinləyir, yerlərdəki vəziyyətlə şəxsən tanış olur və yalnız bundan sonra qərar verirdi. Mütəmadi olaraq, ölkədəki iri sənaye müəssisələrində çalışan işçilərlə görüşür, müşavirələr keçirir, insanları işləməyə ruhlandırırdı”.

Nazir müavini xatırlayır ki, 2002-ci il aprelin 25-də Ulu Öndər yerli, mayın 17-də isə əcnəbi sahibkarlarla iki mühüm qapalı görüş keçirmişdi və onların fəaliyyətinə əngəl törədən məsələlər barədə açıq söhbətlər aparmışdı. Bu, sahibkarların böyük marağına səbəb olmuşdu: “Mən o görüşlərdən birində iştirak etmişdim. Yaxşı xatırlayıram: Heydər Əliyev rəsmi açılışdan sonra Baş nazirlə Prezident Aparatının rəhbərindən başqa, bütün dövlət məmurlarını və mətbuat nümayəndələrini zaldan çıxardı ki, sahibkarlar heç kimdən çəkinmədən öz fikirlərini sərbəst şəkildə söyləyə bilsinlər. Bundan əlavə, sahibkarlar arasında sorğu keçirildi və onlara təklif olundu ki, fikirlərini anonim şəkildə yazıb təqdim etsinlər ki, dövlət orqanları öz fəaliyyətlərində onlardan istifadə etsinlər. Bu görüşdən sonra sahibkarlıq fəaliyyətinə maneə yaradan bir sıra amillərin aradan qaldırılması ilə bağlı mühüm qərarlar qəbul edildi və tapşırıqlar verildi”.

S.Ələkbərov Heydər Əliyevi daim öz üzərində işləyən, zəhmətsevərliyi ilə seçilən, mövcud problemlərin ən dərin qatlarına nüfuz edərək onları bütün incəliklərinə qədər öyrənməyə çalışan dahi bir şəxsiyyət kimi xarakterizə edərək qeyd edir ki, Ulu Öndər sovet Azərbaycanına rəhbərlik etdiyi 13 il ərzində ölkəmizin iqtisadi mənzərəsini və insanların işə münasibətini tamamilə dəyişdi. Bu isə o zaman dünyanın altıda birini əhatə edən nəhəng bir dövlətin rəhbərliyinin diqqətini cəlb etdi və Heydər Əliyev 1982-ci il noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi böyük və mühüm bir vəzifəyə irəli çəkildi: “Heydər Əliyev Moskvaya tam başqa bir Azərbaycan qoyaraq getdi. 1969-cu ildəki Azərbaycandan fərqli olaraq, bu Azərbaycanda əvvəlki dövrlərdən fərqli olaraq, maşınqayırma, elektrotexnika, ağır və yüngül sənaye, kimya sənayesi və digər sənaye sahəsinə aid olan onlarla iri müasir müəssisələr fəaliyyət göstərirdi. Ölkədə 1 milyon tondan çox pambıq, 2 milyon tondan çox üzüm istehsal edilirdi”.

“Xoşbəxt xalqsınız ki, belə bir lideriniz var…”

Sahib Ələkbərov 1983-cü ildə Moskvada İctimai Elmlər Akademiyasında təhsil alarkən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin professor-müəllim heyəti qarşısındakı çıxışını xatırlayıb: “Heydər Əliyev tribunada 3 saat, heç bir kağıza baxmadan, bir udum su içmədən danışdı. O vaxt Heydər Əliyevə vəziyyətin çox ağır olduğu sahələr - dəmir yolu, səhiyyə və digər sahələrə rəhbərlik etmək yenicə həvalə olunmuşdu. Orada əyləşən professorlar mat qalmışdılar, heç cür başa düşə bilmirdilər: necə olur ki, Moskva üçün nisbətən ucqar sayılan Azərbaycandan gələn bir şəxs cəmi iki ayda bu problemləri nəinki öyrənə bilib, hətta vəziyyətdən çıxmaq üçün yollar da göstərir. Bu görüşdən sonra müəllimlərimdən biri mənə, - “Siz çox xoşbəxt xalqsınız ki, belə bir lideriniz var”, - deyəndə böyük qürur hissi keçirdim”.

Nazir müavini deyir ki, 1993-cü ildə Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayarkən tamam başqa bir Azərbaycan – müharibədə məğlub edilmiş, torpaqlarının bir hissəsini itirmiş, xəzinəsi boş, sənayesi, kənd təsərrüfatı tamamilə dağıdılmış, vətəndaş müharibəsi ilə xəritədən silinmək təhlükəsi ilə üzləşmiş bir ölkə ilə qarşılaşmışdı: “Ölkənin belə bir vəziyyətində Heydər Əliyev nədən başladı? “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ulu Öndər ilk növbədə əsas diqqətini iqtisadiyyatımızın dirçəldilməsinə yönəltdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” bu istiqamətdə atılmış ən uğurlu addım sayılır. Bugünə qədər bir çox dünya alimləri, diplomatlar anlaya bilmirlər ki, Heydər Əliyev buna necə nail ola bildi. Cavab isə çox sadədir, çünki bu işin başında dünya siyasətini dərindən bilən, dünya güclərinin maraqlarını başa düşən və bundan məharətlə istifadə etməyi bacaran, özünü etibarlı tərəfdaş kimi tanıtmış Heydər Əliyev kimi müdrik bir siyasətçi dururdu. Məhz bu müqavilə və bundan sonra imzalanmış neçə-neçə sazişlər iqtisadiyyatımızın dirçəldilməsində əsas rol oynadı və sonrakı illərdə bu bazaya söykənərək müstəqil Azərbaycanın sürətli inkişafını təmin etdi.

Həyata keçirdiyi siyasi-iqtisadi islahatların dayanıqlığını təmin etmək üçün ilk növbədə ölkədə siyasi sabitliyin qorunmasına diqqət çəkən Heydər Əliyev 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində xalqa müraciətində vurğulayırdı: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. İndi hər birimiz bu böyük şəxsiyyətin uzaqgörənliklə dediyi bu sözlərin gerçəkləşdiyinin şahidiyik. Ulu Öndərinn arzularını böyük uğurla həyata keçirən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olmuş torpaqlarımızda iqtisadiyyatın yenidən qurulması , Azərbaycanda mühüm nəqliyyat habının yaradılması , Avropanın bir çox ölkələrinin təbii qaza və elektrik enerjisinə olan tələbatını nəzərə alaraq, respublikamızın bu sahədə aparıcı dövlətlərdən birinə çevrilməsi, ölkəmizdə mühüm yaşıl enerji layihələrinin icrası istiqamətində görülən məqsədyönlü işlər bunun bariz nümunəsidir”.

“Bugünkü uğurların kökündə məhz Heydər Əliyev siyasəti dayanır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə sovetlər dövründə məhz Heydər Əliyevin Azərbaycanın əmək ehtiyatlarının müəyyən edilməsi istiqamətində mühüm işlər gördüyünü söyləyir: “O dövrdə digər respublikalar kimi, Azərbaycan da özünün əmək balansını tərtib edirdi, amma o, qapalı qalırdı. Heç kim bilmirdi ki, Azərbaycanın əmək ehtiyatları nə qədərdir. Məhz Heydər Əliyevin prinsipiallığı sayəsində bu məsələyə son qoyuldu. Ulu öndərin 1970-ci illərdə dediklərinə diqqət edək: “Əmək ehtiyatlarından səmərəli istifadə ictimai istehsalın dinamik və proporsional inkişafını, onun sosial-iqtisadi səmərəliliyinin yüksəlməsini təmin edən mühüm amildir. Bu problem respublikamız üçün çox kəskin problem olmuş və elə də qalır”. Həmin illərdə biz əmək ehtiyatlarından istifadəni yaxşılaşdırmaq, 60-cı illərdə bu sahədə yol verilmiş kobud səhvləri düzəltmək üçün Heydər Əliyevin rəhbərliyi ilə çox iş görmüşük və həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verib”.

1970-ci illərdən başlayaraq, 80-ci illərə qədər Heydər Əliyevin bütün çıxışlarında demoqrafiya, məşğulluq problemlərinin əsas məsələ olduğunu nəzərə çatdıran Z.Səmədzadə Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın müstəqil, dinamik inkişaf edən ölkəyə çevrildiyini vurğulayır. Onun sözlərinə görə, Heydər Əliyev Azərbaycana rəhbər təyin ediləndə ölkə iqtisadiyyatının göstəriciləri digər ittifaq respublikaları arasında ən aşağı səviyyədə idi: “Böyük potensiala malik olmasına, 20-ci əsrin əvvəlində dünya neftinin 50 faizini hasil etməsinə baxmayaraq, ölkə milli gəlir göstəricisinə görə xeyli geridə qalırdı. Bütün bunlara son qoymaq üçün Heydər Əliyev Azərbaycanın iqtisadçı alimlərinin, Dövlət Plan Komitəsinin əməkdaşlarının iştirakı ilə geniş müzakirələr apardı və 1973-cü ildən bu araşdırmaların nəticəsi olaraq, konkret tapşırıqlar verildi. 1980-ci ildən isə Heydər Əliyev ittifaq respublikaları arasında Azərbaycanın milli gəlirin artımına görə birinci yerdə olduğunu elan etdi”.

Tanınmış iqtisadçı xüsusilə vurğulayır ki, müstəqillik illərində də əldə etdiyimiz uğurların kökündə məhz Heydər Əliyev siyasəti dayanır: “Heydər Əliyevin uzaqgörən siyasəti olmasaydı, ölkəmiz müstəqil bir dövlət kimi fəaliyyət göstərməyəcəkdi, iqtisadi təhlükəsizliyi olmayacaqdı və nəhayət, Azərbaycan öz ərazi bütövlüyünü təmin edə bilməyəcəkdi…”.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?