Güzəştlər sahibkarların öz vəsaitlərinə qənaət etməsinə imkan verir
Koronavirus pandemiyası yayılmazdan əvvəl 2020-ci ilin yanvar və fevral aylarında ölkəmizdə sahibkarlıq fəaliyyətində müsbət artımlar baş verirdi. Lakin dünyada və ölkəmizdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə müəyyənləşdirilən məhdudiyyətlər mənzərəni xeyli dəyişdi.
İqtisadçı ekspert Mahmud Abasquliyev bildirib ki, ölkəmizdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən qoyulan məhdudiyyətlər fonunda mart ayının sonlarından başlayaraq biznes strukturlarında müəyyən geriləmələr müşahidə edildi. Buna baxmayaraq, ötən ilin ilk 5 ayı ilə müqayisədə rəsmiləşən dövriyyədə bu il il 6,8 faiz artım olub.
Pandemiya ilə bağlı fəaliyyəti dayandırılan sahələrdə mikro sahibkarlara dəstək məqsədilə Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında yardımlar, əsasən, üç istiqaməti əhatə edib. Birinci dəstək paketində fərdi və mikro sahibkarlıq subyektlərinə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Məşğulluğun təmin olunması üçün sahibkarlara muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün maliyyə yardımı verilib. Dəstək paketi çərçivəsində sahibkarların 2019-cu ildə ödədikləri verginin bir hissəsi onlara geri qaytarılıb.
İkinci istiqamət biznes kreditlərinin verilməsini nəzərdə tutur. Sahibkarlara təqdim etdikləri biznes planına uyğun ayrılan kredit portfelinin müəyyən hissəsini dövlət öz üzərinə götürüb. Bununla yanaşı, güzəştli kreditlərdən daha asan yararlanmaq üçün yeni onlayn sistem – Elektron Kredit Platforması yaradılıb.
Üçüncü istiqamət isə vergi və sosial ödənişlərdə güzəşt və tətillərin verilməsini əhatə edir.
Bəzi sahələrdə ilinci rüb üçün cari vergi arayışları tələb olunmur. Fəaliyyətinə icazə verilməyən sahələrdə isə bu ilin sonunadək mənfəət vergisinin 75 faizi vergidən azad edilib. Mənfəət vergisinin ödəyiciləri üçün son ödəmə tarixi 2020-ci il sentyabrın 1-dək uzadılıb. Bundan başqa, əmlak icarəsinə görə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılaraq 7 faizə endirilib. Ticarət və xidmət sektorunda çalışan sahibkarların aylıq sosial sığorta ödənişləri 50 faiz azaldılıb, icbari tibbi sığortanın tətbiqi isə təxirə salınıb. Bu, sahibkarların öz vəsaitlərinə qənaət etməsinə imkan verir.
Belə düşünürəm ki, sahibkarlıq subyektlərinə göstərilən dəstəyin öz işini şəffaf quran bütün orta sahibkarlarlıq subyektlərinə tətbiq edilməsi lazımdır. Çünki pandemiyanın davam etməsi onların da işinə mənfi təsir edib. Ona görə də həmin sahibkarlar özünü doğruldana qədər onlara 2019 və 2020-ci illərin dövriyyələri qarşılaşdırılmaqla müəyyən güzəşt olunmasını təklif edirəm.
Bundan əlavə, sahibkarların işçilərə və öz gəlirlərinə görə ödədiyi sosial sığorta məbləğlərinə də yenidən baxmaq olar. Bununla məşğulluğun təmin olunmasına, işçilərin işdə saxlanılmasına əlavə imkan verilə bilər.
Fərqanə ALLAHVERDİQIZI