Təhsil haqqını nağd alan müəssisələr məsuliyyət daşıyırlar
Son illər ölkəmizdə müxtəlif formalı kursların təşkili ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı artıb. Sahibkarlar həm məktəbəqədər, həm məktəb proqramı, həm də mühasibat, proqram təminatı kimi hazırlıq kursları təşkil edirlər. Bu kursların əsas müştəriləri isə vətəndaşlar – fiziki şəxslərdir. Bəs həmin kurslar təhsil müəssisələri sayılırmı? Kurslarda ödənişlər hansı formada aparılmalıdır? Sualları sərbəst auditor Altay Cəfərov cavablandırıb.
"Təhsil Haqqında" Qanunun 1.0.43-cü maddəsində göstərilib ki, təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Həmin Qanunun 1.0.31-ci maddəsində isə qeyri-formal təhsil - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması kimi təsbit olunub. Qanunun maddələrindən aydın olur ki, təhsil təkcə ali, orta, orta ixtisas və bu yönümlü təhsil digər müəssisələrində verilən xidmətlərdən ibarət deyildir. Göründüyü kimi kurslar da təhsilin bir növüdür.
Hazırlıq kurslarında təhsil haqlarının ödənilməsi "Nağdsız hesablaşmalar haqqında" Qanunla tənzimlənir. Bu qanunun 3.4.8-ci maddəsinə əsasən, 3.3-cü maddənin müddəalarından asılı olmayaraq təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. Həmin müddəadan aydın görünür ki, təhsil haqları nağdsız formada aparılmalıdır.
"Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.1-ci maddəsində nağdsız hesablaşmaların bir neçə forması göstərilib və təhsil haqqı həmin formalarda ödənilə bilər. Ən azı vəsaitləri kursları təşkil edən şəxslərin birbaşa bank hesablarına ödəniş terminallarından köçürmək mümkündür.
Hazırlıq kurslarında təhsil haqlarının nağd formada qəbul edilməsi isə Vergi Məcəlləsi ilə tənzimlənir. Məcəllənin 58.7-1-ci maddəsinə əsasən, "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 58.7-1.7-ci maddədə bu tələbin həmin Qanunun 3.4.8-ci maddəsinin tələblərini pozmaqla təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə aid olduğu göstərilib.
Odur ki, tövsiyə edərdim ki, kursları təşkil edən şəxslər ödənişləri nağdsız formada qəbul etsinlər.
Fərqanə ALLAHVERDİQIZI