12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Moody`s"in hesabatında Azərbaycan iqtisadi dayanıqlı ölkələr sırasındadır

“Moody`s” beynəlxalq reytinq agentliyinin son hesabatında Azərbaycanda iqtisadi dayanıqlılıqla bağlı analizləri müsbətdir. Baxmayaraq ki, COVID-19 pandemiyasının əhatə dairəsinin genişlənməsi, bundan doğan səbəblərdən ötrü neft və təbii qazın dünya bazar qiymətlərində son 3 ay ərzində müşahidə edilən mərhələli enişlər baş verdi, bu çərçivədə reytinq agentliyinin ölkəmizin xarici şoklara davamlılığının hazırkı dövrdə təminatlı qiymətləndirməsi müsbət amildir.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

N.Hacızadə bildirib ki, maliyyə və makroiqtisadi çərçivənin cari dövrlər üçün qiymətləndirən agentlik xarici investorların sərmayə qərarvericiliyinə təsir göstərir, birbaşa və dolayı rol oynayır. “Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanda makroiqtisadi dayanıqlılığın əsas qarantı kimi Azərbaycanın valyuta rezervlərini göstərir ki, bu da Beynəlxalq Valyuta Fondunun metodoloji təlimatına görə Neft Fondu və Mərkəzi Bankda yığılan ehtiyatlardır. Makroiqtisadi şoklar çərçivəsində yığılan və idarəolunan ehtiyatlar enerji qiymətlərinin enməsi fonunda məzənnə və fiskal siyasətin dayanıqlılığının və sabitliyinin qorunması üçün yeganə zəmindir desək yanılmarıq. Bundan əlavə, neft-qaz gəlirləri hesabına formalaşan ehtiyatların dövlət borcunu üstələməsi və ödənməli borcların bağlanması, habelə büdcə defisitini kompensasiya etmə kimi rahatlıq, əminlik və inam formalaşdırması makroiqtisadi dayanıqlılıq üçün əlavə zəmanət rolunu oynayır.

Onun sözlərinə görə, COVID-19 pandemiyasının birbaşa təsirləri nəticəsində dünya iqtisadiyyatında böyümə templərinin dayanması və ressesiyanın davam etməsi də iqtisadi canlandırmanı ləngidir. Dünya iqtisadiyyatında mənfi 5-10 faiz arasında qiymətləndirilən kiçilmə Azərbaycanın iqtisadiyyatına öz təsirlərini göstərməkdə davam edir. Bu ilin yanvar-may aylarında ÜDM istehsalı (27 milyard 480 milyon manat) 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz azalıb. Məhsul buraxılışında azalma templərinə təsir göstərən istehlakın düşməsi, daxili və xarici investisiyaların azalması və dayanması ilə bərabər xalis ixracın da azalmasıdır. Habelə, qeyd edilməlidir ki, ixracın azalması yalnız qlobal ticarətin diversifikasiyadan konsetrasiyaya doğru yönəlməsinə görə deyil, həmçinin makroiqtisadi sabitliyin qorunması ilə xarici ticarət tərəfdaşlarımızla əməliyyatlarda qiymət rəqabətinin zəifləməsidir. Başqa sözlə ifadə etsək, yerli və milli məhsullarımızın əsas xarici ticarət bazarında real bahalaşması, idxal əmtəələrinin isə ölkəmizdə real ucuzlaşması kimi vurğulana bilər. Təsadüfi deyil ki, Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfransda bu məsələlərə toxunulub. Xüsusilə, may ayında xarici ticarət balansında (neft ixracının iqtisadi azalması birbaşa təsiri nəticəsində) müşahidə olunan mənfi saldo da azalmanı şərtləndirən əsas amillərdən biridir.

“Buna baxmayaraq, mövcud təhdidlər və çağırışlar şəraitində “Moody`s” beynəlxalq reytinq agentliyinin dövlət rezervlərinin iqtisadi sabitliyin qarantı kimi vurğulaması, mövcud kiçilmələr fonunda risk zonasından ortamüddətli dövrdə uzaqda qalmamız kimi şərh edilə bilər. “Moody`s” cari əməliyyatlar hesabının ÜDM-ə nisbəti 4,6 faiz azalması ilə bağlı açıqlaması da birbaşa enerji bazarındakı enişlərlə əlaqədardır. COVID-19 pandemiyası ilə əlaqədar enerji qiymətlərinin, o cümlədən, qeyri-neft sahəsində əmtəə və xidmət ixracının azalması pandemiya davam etdiyi müddətdə aşağı rəqəmlərdə qalmasını şərtləndirəcək. Nəzərə alsaq ki, cari əməliyyatlar balansındakı profisit azalma birbaşa neft-qaz qiymətləri ilə əlaqədardır, bu baxımdan post-pandemiya dövründə qeyri-neft sənayesinin daha da böyüməsi üçün investisiya və biznes mühitinin də Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi və hüquqi islahatlar daha da dərinləşəcək. Xüsusilə, vurğulamaq yerinə düşər ki, Dünya Bankı ilə həyata keçirilən videokonfransda dövlət investisiya yönümlü modellərdən özəl investisiya yönümlü modelə keçidlə bağlı təklif irəli sürüldü. 2019-cu ilin sonuncu müşavirəsində dövlət başçısı da hökumət qarşısında özəl investisiyayönümlü modelə keçid ilə əlaqədar tapşırıq qoydu. Bundan əlavə, mövcud iqtisadi təhdidlər şəraitində zamanında qəbul edilən, neft gəlirlərindən daxil olan xarici valyutaların rezerv şəklində toplanması və risksiz idarəedilməsi dövlət tərəfindən aparılan siyasətin nəticəsidir”, - deyə o qeyd edib.

N.Hacızadə deyib: “Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən 2021-ci ildə bu ölkələr arasında yalnız Azərbaycanın dövlət büdcəsində profisit yaranması ilə bağlı proqnozunu müsbət xəbər hesab etmək olar. 2020-ci ildə xüsusilə neft hasilatçıları və ixracatçıları ölkələrinin büdcələrinə yenidən baxılmanın həyata keçirilməsi (xüsusilə, fiskal stimul paketləri, pandemiya nəticəsində neft-qazın satışın əldə olunan gəlirlərin və transfertlərin azalması, həmçinin zəifləyən aktivlik nəticəsində vergi tətilləri və yığımın azalması) və optimallaşdırılması həyata keçirilir. Bu baxımdan mövcud dövrdə kəsrlərin olması gözlənilən proqnoz kimi qiymətləndirilir. Buna baxmayaraq, agentlik 2021-ci il üçün neft hasilatçıları və ixracatçıları ölkələri arasında müsbət profisit proqnozunu yalnız Azərbaycanla bağlı təqdim edib. Bunun təməlində fiskal idarəetmə və inzibatçılığın, dövlət büdcəsi xərclərinin idarə olunmasındakı yeni yanaşmaların həyata keçirilməsinə inam, etibar və etimaddır. Həmçinin qeyd etmək yerinə düşər ki, vergi və gömrük adminstrasiyasında aparılan şəffaflıq, səmərəlilik və düzgün idarəetmə siyasəti nəticəsində ilk 5 ayın büdcə prosfisiti 1,1 milyard manat olub. Xüsusilə, ortamüddətli xərclər çərçivəsinin hazırlanması və nəticəəsaslı büdcəyə keçid istiqamətində aparılan siyasətə və siyasi iradəyə beynəlxalq agentlik tərəfindən inam və etibar formalaşıb”.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?