27 Sentyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tranzit yüklərin artımı Azərbaycana valyuta axınını təmin edir

Dünyanı bürüyən koronavirus pandemiyası və bununla yanaşı, neftin qiymətinin ucuzlaşması bir çox ölkələrin iqtisadi vəziyyətinə mənfi təsir göstərib. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı və milli iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar artıq öz müsbət nəticələrini göstərir. Azərbaycan Prezidentinin ölkəmizi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi və Cənub-Şərqi Asiyadan Avropaya və əks istiqamətə yüklərin Azərbaycan üzərindən daşınması deyilənləri sübuta yetirir.

Bəzi rəqəmlərə nəzər yetirdikdə Azərbaycanın logistika mərkəzinə çevrildiyini və neftdən asılı olmayaraq tranzit gəlirlər əldə etdiyini görürük.

İranın Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik şöbəsinin müdiri Zəhra Cəlili bildirib ki, cari ilin 3 ayı ərzində Rusiya və MDB-yə daxil olan digər ölkələrə 500 milyon dollar həcmində subtropik meyvə ixrac edilib. Həmin nazirliyin gülçülük şöbəsinin müdiri Cahid Qulamrza isə qeyd edib ki, İrandan Rusiya, Azərbaycan və digər MDB ölkələrinə 40 milyon dollar həcmində dekorativ ağaclar və gül ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz çoxdur. Ötən ilin müvafiq dövründə cəmi 15 milyon dollar həcmində ixrac həyata keçirilib.

Bu atımın əsas səbəbi Azərbaycanda qeyri-neft sektoru sahəsində aparılan islahatlardır. Azərbaycanda nəqliyyat infrastrukturunun yenilənməsi və gömrük-keçid məntəqələrinin işinin təkmilləşdirilməsi ölkəmiz üzərindən tranzit yüklərin daşınmasının artmasına səbəb olub ki, bu da dövlət büdcəsinə əlavə valyuta axınını təmin edib. İslahatlar çərçivəsində Ələt-Astara magistral yolunun və Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilməsini qeyd etmək lazımdır. Məhz bu infrastruktur layihələrinin həyata vəsiqə almasından sonra İranın ixrac potensialı və bununla yanaşı Azərbaycanın tranzit gəlirləri artıb.

İran Dövlət Dəmir Yolları İdarəsinin şimal departamentinin rəisi Qulamhüseyn Validi bildirib ki, cari ilin 3 ayı ərzində Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu ilə 81 min 967 ton yük yola salınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 faiz artım deməkdir.

Nəzərə çatdırmaq lazımdır ki, Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt-Astara yolunun davamıdır. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolu tam istifadəyə verildikdən sonra isə yalnız İran deyil, eləcə də Cənub-Şərqi Asiya ölkələri də Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirəcəklər ki, bu da ölkəmizin tranzit gəlirlərini 5 dəfə artıracaq. Yüklər gəmi ilə Hindistanın Mumbai limanından İranın Bəndər–Abbas limanına gətirildikdən sonra qatara yüklənir və İranın mövcud dəmir yolu ilə Qəzvin–Rəşt–Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu xəttinə ötürülür və birbaşa Azərbaycan ərazisindən Rusiyaya, oradan da Avropa ölkələrinə çatdırılır. Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il tarixli Fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. Bu sahədə ölkəmizdə aparılan islahatlardan sonra illik olaraq qeyri-neft sektoru üzrə yükdaşımalarda 65 faiz artım olub. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə ölkəmizə daxil olan yüklərin təxminən 85 faizi tranzit olaraq digər ölkələrə aparılır. Nəticə etibarilə ölkəmizdən nə qədər çox yük daşınırsa, bu da ölkəmizin gəlirlərini artırır. Digər tərəfdən bu layihə ölkəmizin ixrac imkanlarını da artırır və xüsusən də qeyri-neft sektorunda ixrac imkanlarımızı genişləndirir.