Aparılan islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib
2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qaldı. 2018-ci il seçkilərində yenidən xalq tərəfindən Prezident seçilmiş möhtərəm İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında böyük islahatlara start verəcəyini bildirmişdi. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib. Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdı.
Bunu İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin iyunun 2-də keçirilən iclasındakı çıxışında deyib.
Tahir Mirkişili bildirib ki, aparılan iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib. Belə ki, qeyri-neft sənayesinin istehsalının 14 faiz, kənd təsərrüfatı istehsalının 7.3 faiz, əhalinin real gəlirlərinin 4.7 faiz, orta aylıq əməkhaqlarının 14 faiz artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olub. Şəffaflığın səviyyəsinin artırılması və kölgə iqtisadiyyati ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb. 2019-cu ildə iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb, çevik və əhatəli idarəetmə üçün təşkilati zəmin yaradılıb.
“Bütün bu müsbət nəticələr dövlətimizin başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaradıb. Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əməkhaqqı 2 dəfə artırılaraq yaşayış minimumunu keçib, minimum pensiya təminatı 200 manata çatdırılıb, müavinət və əməkhaqlar isə artırılıb. Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 milyard vəsait hesabına yerinə yetirilib. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin ehtiyatlı və imkanları hesabına yerinə yetirilib və inflyasiyanın proqnozlaşdırıldığından belə aşağı olmasına səbəb olub.
2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb. Bütün bunlarla yanaşı, bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər nəticəsində bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaqdır. Bax belə bir iqtisadi şəraitdə 2019-cu ilin dövlət büdcəsi icra olunub. Əlverişli iqtisadi zəmin büdcənin uğurla icrasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək verib”, -deyən komitə sədri 2019-cu il büdcəsinin yeni büdcə qaydalarına uyğun hazırlanmış ilk büdcə olduğunu da vurğulayıb.