29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Energetik" siyasətin görünən və görünməyən tərəfləri

İyirminci əsrin əvvəllərində ingilis tədqiqatçısı Smit Klyayn Biçmon reqbi oyunçularının fiziki dözümlülüyünü artırmaq məqsədilə onlara energetik içki verir. Nəticə gözlənildiyindən ağır olur: bütün komanda heyəti zəhərlənərək yarışdan çıxarılır. Ötən əsrin altmışıncı illərində yaponlar da Biçmonun ənənələrinə sadiq qalaraq öz energetik içkilərini yaradıblar və bu içkilər 1987-ci ildə Avropa, 1997-ci ildə isə Amerika bazarına daxil olub.

Bu sahədə maarifləndirmə vacib şərtdir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Keyfiyyətə nəzarət departamentinin müdiri Xalid Bayramlı bildirir ki, energetik içkilərlə mübarizəyə, ilk növbədə, maarifləndirmədən başlamaq lazımdır: "İnsan orqanizminin gündəlik kofein norması 400 milliqramdır. Əgər bu normaya bir qram belə əlavə olunursa, toksiki effekt əmələ gəlir. Nəticədə ürək-damar, qaraciyər-böyrək pozuntuları, əsəb sarsıntıları, depressiv hallar yaranır. Energetik içkilər reseptsiz satılan yeganə psixoaktiv dərmandır. Belə içkilər bizə enerji vermir, təhlükəyə qarşı süni adrenalin hormonu yaradır. Yalançı oyandırma metodu ilə, əslində, öz enerjimizin uyğunsuz şəkildə istifadəmizə şərait yaradır. Təhlükə ilə qarşı-qarşıya olanda insan hansı hissləri keçirirsə, energetik içkidən sonra da bədən eynilə o hissləri yaşayır".

X. Bayramlı qeyd edib ki, Avropa Birliyi 2002-ci ildən başlayaraq energetik içkilərin risk qiymətləndirməsi ilə bağlı tədbirlər həyata keçirir: "Artıq dünya üzrə bir çox ölkələrdə 18 yaşadək yeniyetmə gənclərə, əhalinin həssas qrupu sayılan hamilə qadınlara, uşaqlara və xəstə insanlara bu içkinin satışı qadağandır. Energetik içki qəbulu idmançıların da orqanizminə ciddi ziyan vurur. Məşq zamanı ürəyin ritmi yüksək olduğundan, bu içkinin qəbulu ritmi daha da artırır, qəfil ürək tutmasına və infarkta səbəb ola bilir. Ümumdünya Səhiyyə Təşkilatının bu məhsulla bağlı hesabatında deyilir ki, energetik içkilərin tərkibindəki kofeinin tərkibi dəqiqləşdirilməlidir.

Bizim yanaşmamız odur ki, bütün enerji içkilərinin üzərindəki etiketlənmə düzgün aparılmalı, tərkibi dəqiq şəkildə yazılmalıdır. Uşaq proqramları olan televiziya kanallarında belə içkilərin reklamı qadağan edilməlidir. Məktəblərdə, ali təhsil ocaqlarında, həmçinin onların yerləşdiyi əraziyə yaxın yerlərdə satışına icazə verilməməlidir. Biz yalnız sağlam qidalardan istifadə etməklə, enerjimizi təbii yolla yüksəltməliyik. Düzgün iş rejimi, normal yuxu, sağlam qida və idman insan orqanizmi üçün əsl enerji mənbəyi olmalıdır".

Qanunvericilikdə dəyişikliklər edilməlidir

Millət vəkili Elçin Quliyev Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsinin tövsiyə olunmasını təqdirəlayiq hal hesab edir: "Hesab edirəm ki, bu sahədə hətta bir qədər gecikmişik. Energetik içkilərin məhdudlaşdırılması və imkan daxilində qadağan edilməsi lazımdır. Çünki bütün dünya kardioloqları bu içkilərdən ölüm hallarının artması və insanların ağır xəstəliklərə düçar olması barədə həyəcan təbili çalırlar. Təəssüf ki, bu içkilər son illərdə Azərbaycanda gənclər, yeniyetmələr, hətta uşaqlar arasında geniş yayılıb. Norveç, Finlandiya kimi ölkələrdə artıq onların satışı qadağandır, bir çox ölkələrdə isə belə içkilər "18+" məhsulları sırasına daxil edilib".

Millət vəkili bildirib ki, bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilməlidir: "Birinci, onlara aksiz vergiləri tətbiq olunmalıdır ki, əlçatanlıq aşağı düşsün. Yəni bu içkilərin üzərinə "18+" işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun; yalnız lisenziya ilə müvafiq mağazalarda satılsın; reklamına qadağa qoyulsun; məktəblərdə, ümumiyyətlə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda satışının qarşısı alınsın".

Həkimlər də həyəcan təbili çalır

Həkim-qastroenteroloq Tərlan Qasımovun sözlərinə görə, energetik içkinin gənc orqanizmə vurduğu zərər son dərəcə böyükdür: "Dünya alimlərinin apardıqları araşdırmalar sübuta yetirib ki, əsas təhlükə yeniyetmələr arasında bu içkiyə tez alışqanlıq və sonrakı dövrdə ona aludəçiliklə bağlıdır. Alkoqol və narkotik qəbulundan heç nə ilə fərqlənməyən bu aludəçilik əsəb sisteminin pozulması nəticəsində depressiya, özündənnarazılıq, hər şeydən qıcıqlanma, emosiyalar üzərində nəzarətin itirilməsi kimi mənfi hallara səbəb olur. Bütün bunlar nəticəsində narkoloji dispanserdə uçota götürülən gənclərin gələcək həyatında müəyyən mənada çətinliklər və problemlər olur. Tərkibində taurin olan içkidən istifadə edənlər orqanizmin günlük norma enerjisini 100 dəfədən çox tükətdiklərinin fərqində olmurlar. Taurinlə birlikdə içkinin tərkibində olan digər zərərli maddələr isə qarın boşluğunda ağrılara, bədən temperaturunun qəfil qalxmasına, qastrit tutmalarına, aritmiyalara, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına, xora xəstəliyinin kəskinləşməsinə, yaddaş pozğunluğuna və s. kimi ağır fəsadlara səbəb olur".

Mütəxəssis rəyi

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, energetik içkilərin insan orqanizminə ziyanı barədə təkzibolunmaz faktlar var: "Dörd il bundan əvvəl Azərbaycanın mövcud standartlarına görə bu içki zərərli ərzaq məhsulları siyahısına daxil edilib və məktəb yaşlı uşaqlar üçün ziyanlı olması sübuta yetirilib. Dünya təcrübəsinə görə, istənilən malın, məhsulun keyfiyyətini əvvəlcə zəif orqanizmlər üzərində yoxlayırlar. Əgər bu içki enerji verir və insanı gücləndirirsə, niyə uşaqlara və hamilə qadınlara içilməsi qadağandır?

Yeri gəlmişkən, Rusiya Səhiyyə Nazirliyi şirin qazlı içkilərə 20 faiz aksizin müəyyən edilməsi ilə bağlı dövlət yanında ekspert qrupun təklifini dəstəkləyib. Bu təklif "Cəmiyyətin sağlamlığının möhkəmləndirilməsi" layihəsinə daxil edilib. Italiyada da şirin qazlı içkilərə vergi tətbiq edilə bilər. Ölkənin hakim partiyalarından olan "Hərəkat" belə bir təkliflə çıxış edib. Əldə olunan vəsait isə özünü işlə təmin edənlər üçün vergi güzəştləri nəticəsində büdcədə yaranan kəirin kompensasiyasına xərclənəcək. Çox təəssüflər olsun ki, Azərbaycanda bu içkinin 15-dən çox növü satılır. Hətta xarici ölkə ştrix-kodu ilə burda da istehsal olunması halları məlumdur. Biz bu içkilərin reklamının qəti əleyhinəyik. Bununla bağlı həyəcan təbili çalınmalıdır".

F. İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb