14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Türk Şurasının iqtisadiyyat nazirlərinin videokonfrans formatında görüşü keçirilib

Mayın 6-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.

Videokonfransın məqsədi aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilmiş Türk Şurasının fövqəladə Zirvə görüşündə dövlət başçıları tərəfindən qaldırılan məsələlərin icrası üçün birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi idi.

Tədbiri hazırda təşkilata sədrlik edən ölkə olaraq Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov aparıb. Görüşdə tərəfdaş ölkələrdə mövcud iqtisadi vəziyyət, COVID-19 pandemiyasının mənfi sosial-iqtisadi təsirlərinə qarşı birgə təkliflərin və praktik tədbirlərin hazırlanması, həmçinin postpandemiya dövründə aidiyyəti sahələr üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər nəticəsində ölkəmizdə koronavirusa yoluxma hallarının məhdudlaşdırıldığını vurğulayıb. Qeyd edib ki, düşünülmüş və məqsədyönlü siyasəti ilə nümunə olan Azərbaycan bu məsələdə də müsbət mənada fərqlənir. İqtisadiyyat naziri ilk növbədə, sıx dövlət-vətəndaş həmrəyliyinə söykənməklə insanların sağlamlığının qorunması ilə yanaşı, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə həyata keçirilən operativ və sistemli tədbirlər barədə məlumat verib.

Azərbaycanın İqtisadiyyat naziri üzv dövlətlər arasında ikitərəfli sərbəst ticarət haqqında sazişlərin yaratdığı üstünlüklərdən səmərəli istifadə edilməsini, elektron ticarətin inkişafı məqsədilə Türk Şurası dövlətləri arasında elektron imzaların qarşılıqlı tanınması üçün tədbirlərin görülməsini, Türk Ticarət Evinin yaradılmasında Azərbaycanın təcrübəsindən yararlanmağı, həmçinin Türk Şurası çərçivəsində üzv ölkələrdə mövcud sərhəd və tranzit rejimlərinin kataloqunun hazırlanmasını, eləcə də nəqliyyat və tranzit rejimində hər hansı təxirəsalınmaz və ya planlaşdırılan dəyişiklik barədə üzv dövlətlərin məlumatlandırılmasını, həmçinin yaxın gələcəkdə ölkələrimizdə malların və prosedurların izlənilməsinə imkan verən onlayn məlumat mübadiləsi sisteminin yaradılmasını təklif edib. Mikayıl Cabbarov üzv ölkələrdə ticarət və investisiyalara mənfi təsirin aradan qaldırılması istiqamətində Türk Şurasının Dövlət başçılarının keçirdiyi fövqəladə Sammit zamanı Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi və Birgə İnvestisiya Fondunun yaradılması məsələsini xatırladaraq, belə bir fondun yaradılmasının qarşılıqlı investisiya imkanlarını artırmaqla ölkələrimizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların dəstəklənməsinə, son nəticədə ölkələrin ümumi iqtisadi və sosial inkişafına geniş təkan verə biləcəyini bildirib. Nazir Bakı şəhərində yerləşməklə Birgə İnvestisiya Fondunun yaradılmasına Azərbaycan tərəfinin hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. Rəqəmsal iqtisadiyyatdan danışarkən Mikayıl Cabbarov cari ilin əvvəlində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının Azərbaycanda yaradılması barədə qərar qəbul edildiyini xatırladıb və Mərkəzin fəaliyyətindən qardaş ölkələrin də faydalana bilməsi, Mərkəzin regional əhəmiyyət kəsb etməsi üçün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Mikayıl Cabbarov qeyd edib ki, ərzaq məhsulları üzrə dövlət ehtiyatlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan bütün üzv ölkələr üçün vahid siyahının formalaşdırılması məqsədəuyğundur.

Videokonfransda iştirakçı ölkələrin müvafiq qurumlarının rəhbərləri COVID-19 pandemiyasının iqtisadi inkişafa və ticarət əlaqələrinə mənfi təsirinin azaldılması üçün təmsil etdikləri ölkələrdə görülən işlər barədə məlumat verib, Türk Şurası çərçivəsində həyata keçirilə biləcək birgə tədbirlərlə bağlı təkliflərini bildiriblər.

Görüşdə həmçinin, Türk Şurasına üzv və müşahidəçi ölkələrin gömrük xidməti rəhbərləri arasında fikir mübadiləsi aparılıb, gömrük orqanlarının rəhbərləri pandemiya dövründə praktiki addımların icrası barədə təkliflərini səsləndiriblər.

Türk Şurasının Baş katibi Bağdad Amreyev tədbirin operativ təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Videokonfransda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Baş katibin müavinləri Ömər Kocaman və Qismət Gözəlov, Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, Özbəkistanın Baş nazirinin müavini, İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakov, Qazaxıstanın Milli İqtisadiyyat naziri Ruslan Dalenov, Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torebayev, Xarici İşlər Nazirliyinin İnvestisiyalar üzrə komitəsinin sədri Rustam İsatayev, Qırğızıstanın İqtisadiyyat naziri Sanjar Mukanbetov, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto, həmçinin Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Marat Sultanqaziyev, Qırğızıstan Dövlət Gömrük Xidmətinin sədri Altınbek Torutayev, Özbəkistanın Dövlət Gömrük Komitəsinin sədri Murotjon Azimov, Macarıstanın Milli Vergi və Gömrük Administrasiyasının gömrük üzrə baş direktoru Kriştof Bokoi iştirak ediblər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?