11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəştlərinin və tətillərinin verilməsi sahibkarlar üçün böyük stimul və motivasiya oldu

Koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargahın yaradılması dövlətin sahibkarlara və eləcə də əhalinin həssas təbəqələrinə yönəldilmiş fəaliyyətləri barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasına şərait yaratdı. 

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) vitse-prezidenti, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib ki, sahibkarlara dəstək məqsədilə son iki ayda ən çox verilən sual və müraciətlərin mövzularına uyğun olaraq, sosial media kanalları vasitəsilə 30-dan çox canlı məlumatlandırıcı vebinar təşkil edilib və bu iş hazırda həftəlik əsasda davam etdirilir: "Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara, həmçinin ümumilikdə ölkədə dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktlarının, qərarların qəbul edilməsi, videotəlimatların, ən çox verilən suallar və cavabların ictimailəşdirilməsi, digər faydalı məlumatların hazırlanması təqdirəlayiqdir. Biz bu məlumatları sahibkarlara təkcə sosial media kanalları vasitəsilə deyil, həm də "WhatsApp"da yaradılmış "İş Komissiyaları" qrupları vasitəsilə də çatdıra bilirik.

Koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmi barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən onlayn maarifləndirmə tədbirlərinin təşkil edilməsi mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyətinə müsbət təsir göstərir. Bu tədbirlər məsafədən iş vasitələrinin tətbiqi ilə, o cümlədən qurumun "Facebook" səhifəsi üzərindən canlı yayımlar vasitəsilə həyata keçirilir ki, sahibkarlar suallarını müvafiq dövlət qurumu əməkdaşlarına birbaşa verə bilsinlər. Maarifləndirmə tədbirlərində eyni ASK, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, həmçinin regionlarda "KOB dostları" sahibkarların suallarına açıqdırlar və onlara mümkün dəstəyi göstərirlər".

J.Hacıyeva qeyd edib ki, dövlət tərəfindən hazırlanmış çoxşaxəli dəstək komponentləri əhalinin və sahibkarların mühafizəsi baxımından diqqət mərkəzində olmaqla yanaşı, onların məruz qala biləcəyi risklərin yumşaldılması üçün cavab tədbirləri, bir çox sahibkarlar üçün isə öz fəaliyyətlərinin dayanıqlılığı məsələlərinə yeni bucaqdan baxmaq üçün bir çağırış oldu: "Tədbirlər çərçivəsində sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, sahibkarların sosial sığorta haqları üzrə yüklərinin azaldılması, muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara birbaşa maliyyə dəstəyinin göstərilməsi xüsusi karantin rejiminin təsirindən ziyan çəkmiş sahibkarlar üçün böyük stimul və motivasiya verib.

Bu dəstəkləyici tədbirlər sahibkarlara biznesləri üçün ən dəyərli olan insan kapitalını saxlamağa, illərlə sərmayə yatırıb inkişaf etdirdikləri təcrübəli işçiləri itirməməyə şərait yaradır. Bu, işəgötürənləri gələcək sahibkarlıq fəaliyyətini davam etdirməyə həvəsləndirir, onlara dövlətin sahibkarların qayğılarına şərik olduğunu hiss etdirir, beləliklə, onlarda mənəvi və psixoloji cəhətdən əhəmiyyətli dərəcədə özünə inam yaradır.

J.Hacıyeva qeyd edib ki, fərdi mikro sahibkara qısa müddət ərzində dövlət tərəfindən operativ şəkildə köçürülən maliyyə yardımı minlərlə iş yerinin qorunmasına imkan yaradıb. Maliyyə dəstəyi proqramının regionlarda və kənd yerlərində pandemiyadan zərər çəkmiş fərdi mikro sahibkarlara şamil olunması minlərlə ailə təsərrüfatının rifahına müsbət təsirini göstərib və ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verib: "İnanıram ki, yaxın zamanda pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli, eləcə də yeni verilən kreditlər üzrə kredit-zəmanət dəstəyi proqramı ölkədə sahibkarlarda özlərinə inam hissinin güclənməsinə xidmət edəcəkdir.

Bu çətin dövrdə ASK risklərin idarə edilməsində biznes birliklərinin rolunu bir daha nümayiş etdirməyə nail olub. Biz həm sahibkara çətin vəziyyəti necə idarə etmək barədə tövsiyələr verir, həm dövlətin maliyyə dəstəyi proqramlarının icra mexanizmlərinin istifadə imkanlarından faydalanmasına yardım edir, həm də sahibkarların çətinlik və təkliflərinin dövlət orqanlarına çatdırılmasında əlaqələndirici kimi fəaliyyət göstəririk".

Fəxriyyə İKRAMQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?