13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan neft hasilatının məhdudlaşdırılması ilə bağlı öhdəliklərinin icrasına başlayıb

Azərbaycan bu gündən etibarən “OPEC+” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb. May-iyun aylarında “OPEC+” üzrə öhdəliklər gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 23 faiz az olmaqla 9,7 milyon barrel, Azərbaycan üçün isə 164 min barrel azaldılmasını nəzərdə tutur.

Energetika Nazirliyindən bildirilib ki, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycanın öhdəlikləri bu ilin iyul-dekabr aylarında həmin göstəricidən 18 faiz az olmaqla yəni, 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 14 faiz olmaqla yəni, 98 min barrel müəyyənləşib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq hasilatın azaldılması kvotaları SOCAR-ın neft və qazçıxarma qurumlarının və ölkəmizdə hasilatın pay bölgüsü sazişləri, habelə bu qəbildən olan müqavilələr üzrə fəaliyyət göstərən neft istehsalçılarının hasilat həcmlərinə proporsional qaydada bölüşdürülüb. 2018-ci ilin oktyabr ayında gündəlik neft hasilatının “Azəri-Çıraq-Günəşli” üzrə 567 min barrel, “Azneft” İB üzrə 125 min barrel, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə isə 26 min barrel təşkil etdiyini nəzərə alaraq, hasilatın bu səviyyələrdən cari ilin may-iyun aylarında 23 faiz, iyul-dekabr aylarında 18 faiz, 2021-ci ilin yanvar-2022-ci ilin apreli dövründə isə 14 faiz azaldılması nəzərdə tutulur. Eyni zamanda, qeyd edilməlidir ki, bu rəqəmlər yuvarlaqlaşdırılıb, müxtəlif hasilat quyularından çıxan neftin ton/barrel çevirmə əmsalları fərqlənir və kondensat həcmlərinin azaldılması öhdəliklərə daxil deyil.

Energetika naziri Pərviz Şahbazov deyib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması tədbirləri Azərbaycanın öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək: “Bu gündən dünya neft sənayesi tarixində hasilat həcmlərinə və müddətinə görə ilk ən böyük razılaşmanın icrasına başlanılır. İkinci rübdə dünyada neftə gündəlik tələbatın 15-25 milyon barrel, 2020-ci ildə isə 10,3 milyon barrel həcmində azalması gözlənilir. Belə bir vəziyyətdə “OPEC+” ölkələri, o cümlədən Azərbaycan üzrə öhdəliklərin yerinə yetirilməsi neft bazarına ilk dəstəyi təmin edəcək. Neft bazarının sabitləşdirilməsi üçün milli və qlobal səviyyədə nümayiş etdirilən həmrəyliyin nəticələri tədricən neftin qiymətində də öz əksini tapacaq”.

Nazir onu da əlavə edib ki, Azərbaycanda hasilatın azaldılması ilə bağlı bu tədbirlərdə məqsəd həm də SOCAR və ölkəmizdə fəaliyyət göstərən digər neft istehsalçılarının, nəticədə dövlətin gəlirlərinin artırılmasına nail olmaqdır.

Qeyd edək ki, öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?