8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Büdcədə investisiya və cari xərclərə yenidən baxılır

XX əsrdə ən sərt qlobal iqtisadi böhran, ən aşağı neft qiyməti və ən miqyaslı pandemiya Azərbaycanda icmal büdcənin gəlirlərinə təsir edir.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, bu ilin ilk rübündə dövlət büdcəsinin mədaxili 7 milyard 811 milyon manat, xərcləri 5 milyard 255 milyon manat olmaqla profisit 2 milyard 556 milyon manat təşkil etsə, ilin qalan hissəsində vəziyyətin əlverişliliyi azalır: “İlk rübdə vergi və gömrük orqanları gəlir proqnozunu 312,2 milyon manat artıqlaması ilə təmin etsə də, dərinləşən qlobal resessiya və pandemiya ilə bağlı qeyri-müəyyənlik gəlirlərə mənfi təsir edir. Qlobal şoklar davam etdikcə, milli iqtisadiyyata fiskal dəstək siyasəti çərçivəsində gəlirlərə və xərclərə yenidən baxılır”.

“Artıq Rusiya 2020-2022-ci illərdə büdcə parametrlərinin dəyişdirilməsinə getdi. Qlobal şokların təsiri altında Qazaxıstan hökuməti də 2020-ci ilin büdcəsində həm gəlirlərin, həm də xərclərin artırılması barədə təklifləri hazırlayıb. Ukrayna hökuməti müəyyən güzəştlər müqabilində Beynəlxalq Valyuta Fondundan EFF tranşı çərçivəsində 5 milyard dollar borc almaqla büdcə kəsirini örtməyə ümid edir. Qlobal şokların təsiri altında 4,3 milyard dollarlıq gəlirinin 1 milyard dollarını itirəcəyini gözləyən Gürcüstan hökuməti beynəlxalq maliyyə qurumları ilə borc almaq barədə danışıqlara başlayıb. Azərbaycan, Rusiya və Qazaxıstan kimi “təhlükəsizlik yastığı” olan dövlətlərdən başqa, bütün digər region ölkələri xarici dövlət borcunu artırmaq və büdcə kəsirinə yenidən baxmaq hesabına 2020-ci ilin dövlət büdcəsini balanslaşdırmağa cəhd edir. Xarici borc hesabına böhranla mübarizə bahalıdır. Azərbaycan isə region ölkələrindən fərqli olaraq korona-böhranla mübarizə çərçivəsində nə xarici borclanmaya, nə də devalvasiyaya getmədi, yalnız öz ehtiyatlarına arxalandı”, - deyə V.Qasımlı qeyd edib.

İcraçı direktor əlavə edib ki, mövcud büdcə qanunvericiliyi çərçivəsində büdcə xərclərinin prioritetliyi yenidən qiymətləndirilərək bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondunun və digər ehtiyat mənbələri hesabına korona-böhranla mübarizəyə 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb. Bununla yanaşı, maliyyə yükü 2,5 milyard manatı aşan korona-böhranla mübarizə büdcəsinin təmin edilməsi üçün investisiya və cari xərclərin səmərəliliyini daha da artırmaq, həmçinin yeni maliyyə mənbələrinin tapılması gözlənilir: “Azərbaycanda büdcə parametrlərinə yenidən baxmaqla yanaşı, həm də makroiqtisadi çərçivə dəyişir. Çünki büdcə çərçivəsinə dəyişiklik üçün fiskal çərçivəyə və buna da uyğun olaraq makroiqtisadi çərçivəyə yenidən baxmaq zərurəti yaranır. Makro parametrlərin düzgün tərtibi büdcə göstəricilərinin proqnozlaşdırılmasını şərtləndirir. Bunun üçün Milli Hesablar Sistemində (MHS) istehsаl, ilkin və təkrаr bölgü və sоn istifаdə hesabları təhlil olunmalıdır. Biz ÜDM-in xərclər üsulu əsasında yenidən qiymətləndirilməsini aparmalıyıq ki, ona müvafiq də dövlət büdcəsinin funksional təsnifatına uyğun proqnozlaşdırma edək. Funksional təsnifat öz növbəsində iqtisadi təsnifatı da ehtiva edir. ÜDM-in xərclər üsulu ilə təhlili göstərir ki, ilin qalan hissəsində ev təsərrüfatlarının və dövlət idarələrinin istehlakı, həmçinin xalis ixrac azalmağa meyilli olacaq. Digər tərəfdən aşağı qiymətlər hesabına neft sektorundan, həmçinin qeyri-neft sektorunda pandemiyanın ən çox təsir etdiyi 20 sektordan gəlirlər azalacaq”.

“Əslində Prezident İlham Əliyev bu il üçün iqtisadi siyasətin əsas üç hədəfini müəyyənləşdirib: iqtisadi sabitlik, məşğulluq və rifah, iqtisadi artım. Bu hədəflərdən irəli gələrək büdcə siyasətində xərclərin prioritetləşdirilməsi, şəffaflığın daha da artırılması və xərcləmələrin səmərəliliyinin yüksəldilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilib. Fiskal dayanıqlılığın təmin olunmasında kapitalın və əmlakın amnistiyası, özəlləşdirmə, dövlət müəssisələrinin idarəetmə səmərəliliyinin yüksəldilməsi yolu ilə “büdcə yük”ünün azaldılması, investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, dövlət satınalmalarının şəffaflığının daha da artırılması kimi tədbirlər də müəyyənləşdirilib. Bundan başqa, özəl sərmayələrin cəlbi davamlı iqtisadi artımın təmin olunmasında həlledici olacaq”, - deyə o vurğulayıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?