8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yeni qanun biznes mühitinin əlverişliliyini artıracaq

Ölkəmizdə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılması, rəqabətliliyinin artırılması və istehlakçı hüquqlarının qorunması ilə "Texniki tənzimləmə haqqında" Qanun qəbul edilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə həmin sənədin mahiyyəti və məqsədlərini şərh edərək, Azərbaycan sahibkarı və istehlakçıları üçün gözlənilən avantajları barədə sualları cavablandırıb:

- "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikası Qanunu hansı zərurətdən yaranıb?

- Bildiyiniz kimi, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq biznesdə rəqabət mühitinin olması mütləqdir. Azərbaycanın milli məhsullarının buraxılışının artırılması və ixrac potensialının əhatə dairəsinin genişləndirilməsi istiqamətində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri"nin çağırışlarını rəhbər tutaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə dərin islahatlar aparılıb. Aparılan islahatların bir istiqaməti də yerli və milli məhsullarımızın daxili bazarda artırılması, o cümlədən mal və məhsullarımızın beynəlxalq bazarlarda reputasiyasının formalaşdırılması, ixrac diversifikasiyasına nail olmaqdır. Bu məqsədlə, son bir ay ərzində iki vacib qanun qəbul edilmişdir ki, bura "Texniki Tənzimləmə haqqında" və "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının Qanunları daxildir. Xüsusilə, vurğulamaq lazımdır ki, Strateji Yol Xəritəsinin 4.1.5-ci bəndində qeyd olunan "Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması, onların biznes mühitinə dəstək istiqamətində tətbiq edilməsi" tədbirinin çağırışına müvafiq olaraq Qanunlar üzrə yaradılan işçi qrupları səviyyəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində geniş müzakirələr keçirilib.

Aparılan islahatların bir istiqaməti də yerli və milli məhsullarımızın daxili bazarda
artırılması, o cümlədən mal və məhsullarımızın beynəlxalq bazarlarda
reputasiyasının formalaşdırılması, ixrac diversifikasiyasına nail olmaqdır

Beynəlxalq ticarətdə milli, yerli mal və məhsulların sərbəst dövriyyəsinin təmin edilməsi, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi üçün keyfiyyətli və beynəlxalq standartlara uyğun tənzimləmə tədbirlərinin görülməsi vacib amildir. Son illərə qədər Azərbaycanın bu sahədə hüquqi bazasının formalaşdırılması istiqamətində geniş təhlillər hazırlanıb və dövlət qurumları ilə səmərəli müzakirələr aparılıb. Qəbul edilmiş "Texniki tənzimləmə haqqında" Qanun mallar, onlarla əlaqəli proseslər və istehsal metodlarına dair məcburi tələblərin müəyyən olunması, qəbulu və tətbiqi, habelə uyğunluğun qiymətləndirilməsi ilə əlaqədar münasibətlərin hüquqi tənzimlənməsini müəyyən edir. Qanunun əsas məqsədi istehlakçıların hüquqlarının müdafiəsi və onların maraqlarının təmin edilməsi, istehsal edilən malların rəqabətini bazarda artırmaq, təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadə etməkdir. Əlavə olaraq qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatının prinsip və tələbləri mövcud qanunvericiliyə uyğunlaşdırılan və ÜTT tələbləri nəzərə alınıb.

- Qanunun qəbulu rəqabətliliyə necə təsir edəcək?

- Prezident İlham Əliyevin iqtisadi fəaliyyət sahəsində daim Avropa və mütərəqqi respublikaların təcrübəsini öyrənmək və yararlanmaq kimi əhəmiyyətli tapşırığına müvafiq olaraq qeyd etmək lazımdır ki, adıçəkilən qanun Azərbaycan məhsullarının yerli bazarda idxal məhsulları ilə birgə vahid texniki göstəricilərlə rəqabətliliyinin artırılması və xarici bazarlarda keyfiyyət bərabərliyi və daha da üstünlüyünün təmin edilməsi məqsədilə ÜTT-nin tələbləri və Avropa İttifaqının modeli üzrə mövcud standartlaşmanın tələblərinə uyğunlaşdırılıb. ÜTT-nin və Avropa İttifaqı təcrübəsinin beynəlxalq təcrübələr arasında ən mütərəqqi olduğunu nəzərə alaraq, yerli qanunvericiliyə həmin prinsip və tələblərin təhlil olunaraq inteqrasiyası ölkəmizin qısa və ortamüddətli dövrdə xarici bazarlarda daha geniş paya sahib olmasına şərait yaradacaq. Vahid texniki reqlament orta və uzunmüddətli dövrdə qeyri-neft sektorunun qeyri-qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsirlərini göstərəcəkdir. Xüsusilə, qeyri-qida sahəsində fəaliyyət göstərənlərin qeyri-neft ixracatçılarının tərkibində payının daha da artırılmasına öz əhəmiyyətli və müsbət təsirlərini göstərəcək.

Qanunun qəbul edilməsi ilə qeyri-qida məhsullarına müvafiq texniki
reqlamentlər dövlət tərəfindən müəyyənləşdiriləcək və bu zamana qədər
istifadə edilən "QOST" standartları texniki reqlamentlərlə əvəz olunacaq

- Yeni qanunun qəbulundan sonra "QOST" standartı necə olacaq?

- Qanunun qəbul edilməsi ilə qeyri-qida məhsullarına müvafiq texniki reqlamentlər dövlət tərəfindən müəyyənləşdiriləcək və bu zamana qədər istifadə edilən "QOST" standartları texniki reqlamentlərlə əvəz olunacaq. Bundan əvvəl "QOST" standartların qoyduğu tələblərə uyğun olaraq, malın hazırlanmasında yenilikçi yanaşma tətbiq edilməsi mümkün deyildir. Amma artıq hazırlanacaq texniki reqlamentlər nəticəsində məhsulun hazırlanmasında istifadə edilən xammalın yeni innovativ yanaşma əsasında digər xammalla rahat əvəz olunması mümkün olacaq və texniki reqlamentlər müəyyənləşdiriləcək.

- "Texniki tənzimləmə haqqında" Qanun istehlakçılara nə verəcək?

- Yeni qanunun qəbul edilməsindən sonra Azərbaycan istehlakçısı ilə Avropa İttifaqında yaşayan şəxsin istehlak edəcəyi məhsulun standartlarında fərq olmayacaq. Başqa sözlə, Almaniyada yaşayan şəxsin öz ölkəsində qeyri-qida təyinatlı marketə daxil olarkən əldə etdiyi məhsulun keyfiyyət və standartı ilə Azərbaycan vətəndaşının istehlak etdiyi məhsula yanaşma eynilik təşkil edəcək. İstehlakçıların hüquqlarının qorunması və bazarda haqqı olan keyfiyyətli məhsulu əldə etmək və ondan istifadəsinə inam artacaq. Bu da ölkəmizin milli və yerli məhsullarına güvəni artıracaq. Bundan əlavə, qeyd edilməlidir ki, bu prosesdə "İctimai iştirakçılıq haqqında" Qanuna müvafiq olaraq texniki reqlamentlərin hazırlanmasında müzakirələr keçiriləcək və ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələrinin rəyləri nəzərə alınacaq. "Texniki tənzimləmə haqqında" Qanunun qəbulu istehlakçılarla bərabər istehlakçılar qarşısında daha da məsuliyyətli olan subyektlərin, yəni sahibkarların da biznes fəaliyyətini təkmilləşdirəcək. Belə ki, sahibkarlar qeyri-qida fəaliyyəti ilə məşğul olarkən, dövlət tərəfindən müəyyənləşdirilən texniki reqlamentlərə uyğun öz məhsul, onlarla əlaqəli proseslər və istehsal proseslərini tənzimləyəcəklər. Yuxarıda verilən şərhə müvafiq olaraq, mövcud texniki reqlamentlərin beynəlxalq reqlamentlərə uyğunlaşdırılması ilə milli texniki reqlamentlər formalaşacaq. Bu, o deməkdir ki, Azərbaycan sahibkarının istehsal etdiyi qeyri-qida malı Avropa İttifaqında istehsal olunan mallarla eyni uyğunluq səviyyəsinə malik olacaq.

Qanunun tələblərinə riayət etməklə istehlakçıların həm milli, həm də idxal
məhsullarına olan inamı artacaq, sahibkarlıq subyektləri arasında rəqabət
güclənəcək, insanların qeyri-qida sahəsinə məxsus olan mallarla
təmasında sağlamlıq və təhlükəsizliyi təmin olacaq və enerji resursları və
təbii ehtiyatlardan səmərəli istifadə daha da təkmilləşəcək

- Bu qanun yalnız qeyri-qida məhsullarına tətbiq olunur?

- Bəli, bu qanunda qeyri-qida məhsullarına yanaşma tətbiq olunur. Qeyd edək ki, "Texniki tənzimləmə haqqında" Qanunun 5.4-cü maddəsinə müvafiq olaraq, heyvan və insan sağlamlığı, heyvan xəstəliklərindən və təhlükəli yemlərdən, bitki sağlamlığını zərərli orqanizmlərdən, həmçinin zərərvericilər nəticəsində yarana biləcək digər zərərdən qorunmaq məqsədilə məhsullara, onlarla əlaqəli proseslərə və istehsal metodlarına müəyyən edilən məcburi tələblərə şamil edilmir. Qida məhsulları qida təhlükəsizliyini özündə əhatə edən hüquqi aktlar, fitosanitar və baytarlıq haqqında qanunlarla tənzimlənir. Qeyd edək ki, bu ÜTT-nin əsas tələbləri olmaqla və nəzərə alınmaqla müəyyən edilib. Habelə, adıçəkilən qanun dövlətin təhlükəsizliyi və müdafiəsi ilə bağlı fəaliyyətinin həyata keçirilməsinə də şamil edilmir.

- "Texniki tənzimləmə haqqında" Qanun sertifikatlaşdırma şirkətlərinin fəaliyyətinə necə təsir edəcək?

- "Texniki tənzimləmə haqqında" Qanun texniki reqlamentin tələblərinə uyğunluğu qiymətləndirəcək ki, bu sertifikatlaşdırma şirkətlərinin fəaliyyətini stimullaşdıracaq. Belə ki, akkreditasiyadan keçən şirkətlərin uyğunluğunun qiymətləndirilməsi və uyğunluq sertifikatının verilməsi səlahiyyəti olacaqdır ki, bu da onların kommersiya fəaliyyətinə birbaşa təsir edəcək. Bu istiqamətdə dövlət nəzarəti yoxlama və ictimai nəzarətin çağırışlarına cavab olaraq həyata keçiriləcək. Texniki reqlamentə riayət etməyən fəaliyyət növü aşkarlanarsa və nöqsan olarsa, uyğunluğun qiymətləndirilməsinə məsul kommersiya qurumunun akkreditasiyasına yenidən baxıla və ya ləğv oluna bilər. Əlavə olaraq qeyd edilməlidir ki, yalnız yüksək riskli mallar məcburi sertifikatlaşdırılır, orta və aşağı riskli malların uyğunluğunun qiymətləndirilməsi isə istehsalçıların özləri tərəfindən aparılır.

Özəl sektorun da bu fəaliyyətdə yer tutması dövlət idarəetmə xərclərinin rasionallaşdırılmasına və sahibkarlıq fəaliyyəti üçün zəruri olan minimum müdaxilənin təmin edilməsinə, istehsalata dövlət nəzarətinin bazara dövlət nəzarəti ilə əvəzlənməsinə, milli standartlaşdırma sistemində özəl sektorun aktiv iştirakına səbəb olacaq. Analizin nəticəsi olaraq, müvafiq qanunun tələblərinə riayət etməklə istehlakçıların həm milli, həm də idxal məhsullarına olan inamı artacaq, sahibkarlıq subyektləri arasında rəqabət güclənəcək, insanların qeyri-qida sahəsinə məxsus olan mallarla təmasında sağlamlıq və təhlükəsizliyi təmin olacaq və enerji resursları və təbii ehtiyatlardan səmərəli istifadə daha da təkmilləşəcək. Bütün bunlar Prezident İlham Əliyevin sahibkarlar və istehlakçıların biznes və həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi növbəti islahatların tərkib hissəsidir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?