26 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Altı ölkəni və iki qitəni birləşdirən meqalayihə

Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasına, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasına imkan yaradacaq. Xüsusilə Cənub-Şərqi Avropa regionunda Azərbaycan qazı böyük əhəmiyyət daşıyır. Çünki bu regionda yerləşən ölkələrin qaz mənbələrinin diversifikasiyasına böyük ehtiyac var. Məsələn, Bolqarıstan 100 faiz bir mənbədən - Rusiyanın "Qazprom" şirkətindən asılıdır. Bu asılılığın yumşaldılması üçün Cənub Qaz Dəhlizi ilə ixrac olunacaq 16 milyard kubmetr qazın 1 milyard kubmetrini Bolqarıstan alacaq.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, bu layihə dünyanın ən böyük sənaye layihələrindən biridir. Daha öncə Azərbaycan qazının Avropa bazarına çıxarılması üçün müxtəlif marşrutlar irəli sürülsə də, yekun qərar qəbul edilmədi. Azərbaycan və Türkiyənin həmrəyliyi sayəsində alternativ olaraq Cənub Qaz Dəhlizi layihəsi həyata keçirildi. Bu layihə üç hissədə bir-birinə bitişik olan boru kəmərlərinin tikintisindən ibarətdir. Bunlar Cənubi Qafqaz qaz boru kəməri, TANAP və TAP layihələridir.

Cənub Qaz Dəhlizinin ən böyük hissəsi olan TANAP-ın uzunluğu 1.840 kilometrdir: "TANAP Azərbaycan və Türkiyə ilə yanaşı region və Avropa ölkələri üçün tarixi əhəmiyyət daşıyır. Ötən ildən etibarən TANAP vasitəsilə Türkiyəyə 3,3 milyard kubmetrə yaxın qaz ixrac edilib, yəni TANAP artıq tam işləkdir. Yaxın günlərdə Avropaya qaz ötürülməsi üçün TANAP TAP boru xətti ilə birləşdiriləcək. Azərbaycan bütün dünyaya göstərdi ki, nəinki ölkə daxilində, xarici ölkələrdə də bu tipli nəhəng layihələri uğurla, vaxtında həyata keçirməyə qadirdir".

İbrahim Əhmədov bildirib ki, adətən bu cür layihələrdə xərclər əvvəl ehtimal edilən məbləğdən daha yüksək olur. Cənub Qaz Dəhlizi layihəsində isə əksinə oldu, səmərəli idarəetmə nəticəsində proqnozlaşdırılan xərclər aşağı salındı: "Özü də xərclərin nə az, nə çox 45 faiz aşağı salınmasına nail olduq. TANAP-ın 11,7 milyard dollara başa gələcəyi proqnozlaşdırılsa da, layihə 6,5 milyard dollara reallaşdırıldı. Bununla biz 5 milyard dollardan çox vəsaiti qənaət edərək Azərbaycan və Türkiyə xalqlarına qazandırmış olduq.

Ümumilikdə Cənub Qaz Dəhlizinin investisiya həcmi 45 milyard dollar idi. Biz məhz TANAP layihəsində 5 milyard dollara qənaət edərək xərci 40 milyard dollara sala bildik. Azərbaycan 10 milyard dollarlıq öz payının maliyyələşməsini artıq, demək olar ki, tam başa çatdırıb, maliyyələşdirməmiz 95 faizin üzərindədir. Lazım olan qədər kənardan da vəsait cəlb etmişik. Layihənin icrası zamanı xeyli vəsaitə qənaət etdiyimizə görə kənardan cəlb etdiyimiz vəsaitlərin bir qismindən imtina etməli olduq.

Cənub Qaz Dəhlizinin seqmentləri arasında sadəcə TAP layihəsində işlərin tam yekunlaşması qalıb. Artıq TAP boru kəmərində sınaqlara başlanılıb. Bu günlərdə TANAP-dan TAP-a qazın ötürülməsinə başlanılacaq".

Qeyd edək ki, altı ölkənin ərazisindən keçərək iki qitəni birləşdirən Cənub Qaz Dəhlizi gələcək 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və bu meqalayihənin milli iqtisadiyyatın inkişafında mühüm faktor olacağı proqnozlaşdırılır.

Səbuhi TURAN

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?