29 Mart 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici investorların gəlməsi üçün qeyri-neft sektorunda iri layihələrin önə çəkilməsinə ehtiyac var

Son 2-3 ildə müşahidə olunan iqtisadi tendensiyalar: dövlət büdcəsinə vergi daxilolmalarının strukturunda qeyri-neft-qaz sektorunun mütəmadi olaraq artması, regionlarda iqtisadi infrastrukturun genişlənməsi, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, şəffaflaşma proseslərinin sürətləndirilməsi və digər məqamlar ölkə iqtisadiyyatının artıq yeni mərhələyə qədəm qoymasından xəbər verir.

İqtisadçı ekspert Ruslan Atakişiyev bildirib ki, 2016-cı ildə qəbul olunmuş "Milli iqtisadiyyat üzrə Strateji Yol Xəritələri" və bunun çərçivəsində iqtisadiyyatın 11 ən əsas sahəsi üzrə inkişaf planları ölkəmizdə islahatların əsas istiqamətini müəyyənləşdirmişdir: "İqtisadi sahədə aparılan islahatların başlıca nəticələrindən biri makroiqtisadi sabitliyin formalaşdırılmasıdır. Makroiqtisadi sabitlik dedikdə maliyyə sabitliyi, işsizlik dərəcəsinin aşağı səviyyədə saxlanması, məşğulluğun təminatı məsələləri, eləcə də fiskal siyasətin tənzimlənməsi nəzərdə tutulur. Ümumiyyətlə, bu çərçivədə Azərbaycan son dövrlərdə beynəlxalq reytinq agentliklərinin göstəricilərində də əhəmiyyətli irəliləyişlərə nail olub. Dünya Bankının "Doing Business-2020" hesabatına əsasən, Azərbaycan dünya ölkələri içərisində 34-cü yerdədir və ən islahatçı 20 ölkə sırasındadır. Bu onu göstərir ki, son dövrdə ölkədə aparılan iqtisadi siyasətin daha da təkmilləşməsi, aparılan islahatların dərinləşməsi istiqamətində görülən işlər beynəlxalq reytinq qurumları tərəfindən izlənilir və yüksək qiymətləndirilir. Bu, həm də bizə imkan verir ki, Azərbaycan iqtisadiyyatının güzgüsünü təşkil edən bu agentliklərin nəticələri əsasında islahatları davam etdirək".

R.Atakişiyev son dövrdə aparılan islahatlar çərçivəsində vergitutma sahəsində şəffaflığın və hesabatlılığın təmin olunması, o cümlədən "kölgə iqtisadiyyatı"nın həcminin azaldılması istiqamətində də işlər aparıldığını bildirib: "Görülən işlər çərçivəsində əsas məsələlərdən biri "kölgə iqtisadiyyatı"nın həcminin azaldılmasına istiqamətlənmiş müəssisələrdə uçotun aparılmasının şəffaflaşdırılmasıdır. 2019-cu ildə 100 min nəfərə yaxın insanla əmək müqaviləsinin bağlanması onu göstərir ki, görülən tədbirlər öz bəhrəsini verir.

Təbii ki, bütün bu işlərin aparılması fonunda hələ də bir sıra problemlər qalmaqdadır. Bu gün Azərbaycanda ÜDM göstəriciləri təkcə 9 ayın nəticələrinə görə, 59 milyard manata çatır ki, bu da gözlənilən rəqəmdən aşağıdır. Çünki devalvasiya prosesindən əvvəl – 2014-cü ildə ÜDM göstəricisi 50 milyard dollardan yuxarı idi. Yəni bu istiqamətdə problemlərdən biri də ölkə iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoru üzrə investisiya cəlbinin aşağı olmasıdır. Məsələ bundadır ki, neft sektoruna beynəlxalq maliyyə institutları, o cümlədən xarici ölkə müəssisələri maraq göstərdikləri halda, qeyri-neft sektorunda həmin marağı görmək çətindir. Çalışmaq lazımdır ki, qeyri-neft sektoruna xarici investisiyalarla yanaşı, daxili investorlar da təşviq edilsin. Bu gün bir sıra şəxslərin "yastıqaltı" pullarının investisiya şəklində iqtisadiyyata yönəldilməsinə böyük zərurət vardır. O da nəzərə alınmalıdır ki, maliyyə institutları bu gün istehlak kreditlərinin verilməsini real sektordan daha çox ev təsərrüfatlarına yönəldirlər".

R.Atakişiyev qeyd edib ki, Azərbaycanda iqtisadiyyata 2019-cu ilin sentyabr ayına qədər 13 milyard 680 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 43 faizi ev təsərrüfatlarına və istehlak kreditlərinə yönəldilmişdir. Burada iqtisadiyyatın inkişafında əsas rol oynayan kənd təsərrüfatı və sənayenin payı birlikdə heç 12 faizə çatmır: "Xarici investorların gəlməsi üçün qeyri-neft sektorunda iri layihələrin önə çəkilməsinə ehtiyac var. Çünki xarici investorlar daha çox xarici valyuta ilə 50 milyondan yuxarı məbləğdə və quracaqları iş vasitəsilə istehsal olunan məhsulun daha çox ixrac edilə biləcəyi investisiyalara daha çox maraq göstərirlər. Qeyri-neft sektorunda iri hədəf bazarları onlar üçün çox maraqlıdır".

Ekspert Azərbaycanda rəqabət mühitinin inkişaf etdirilməsinə ehtiyac olduğunu və qeyri-neft sektorunda rəqabət mühitinin inkişaf etdirilməsi üçün əvvəlki dövrlərdən indiyə kimi qalan və hələ də təzahür edən inhisarçı amillərin tamamilə aradan qaldırılmalı olduğunu xüsusi vurğulayıb: "Haqsız rəqabət addımlarının qarşısı qətiyyətlə alınmalıdır. Bütün bu işlərin aparılmasında əsas hədəflərdən biri əhalinin real gəlirlərinin artırılmasıdır. Ölkə əhalisinin çoxçeşidli, ucuz və keyfiyyətli məhsullarla təminatı, daxili bazarın bolluğu, yeni iş yerlərinin açılması, özəl sektorun inkişafı üçün azad rəqabət mühitinin formalaşdırılması, bunun vasitəsilə ölkədə insan kapitalının inkişaf etdirilməsi, dayanıqlı iqtisadi inkişafa nail olmaq son nəticədə ölkə əhalisinin ləyaqətli yaşam tərzinə nail olmaq deməkdir".

Fəxriyyə İKRAMQIZI

Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı? İqtisadiyyatEldəniz Əmirov: “Dövlət zəmanəti ilə verilən kreditlər daha etibarlıdır” VergiFaizsiz borclar hansı formada vergiyə cəlb olunur? VergiHansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər? İqtisadiyyatXalid Kərimli: “Daxildə emal prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır” İqtisadiyyatPərviz Heydərov: “Daxildə emal proseduru ixracın xüsusi çəkisinin artmasına səbəb olacaq” İqtisadiyyatEyyub Kərimli: “Rəqabət Məcəlləsi iqtisadiyyat üçün yeni imkanlar yaradacaq” VergiQeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 898 minə çatıb VergiAktiv ƏDV ödəyicilərinin sayı 14,4 faiz artıb