19 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Maliyyə şəffaflığı bütün tərəflərə faydalıdır

Azərbaycanda Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanmasına başlanılıb. Açıq hökumətin əsas prinsiplərindən biri ictimai vəsaitlər üzərində şəffaflığın təmin edilməsidir. Bu məsələ dövlət büdcəsinin hazırlanması, icrası, təyinatı üzrə xərclənməsi, maliyyə nəzarət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və s. istiqamətləri əhatə edir. Mövzuya dair suallarımızı iqtisadçı ekspert Samir Əliyev cavablandırıb.

- Samir müəllim, söhbətimizə Açıq Hökumət Tərəfdaşlığı anlayışının izahından başlayaq: Açıq Hökumət Tərəfdaşlığı nədir?

- Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership) 2011-ci ilin sentyabr ayının 20-də BMT-nin 66-cı Baş Assambleyasında elan edilib. Bu təşəbbüs 8 ölkənin (Braziliya, ABŞ, Cənubi Afrika Respublikası, Filippin, Norveç, Meksika, İndoneziya, Böyük Britaniya) və 9 vətəndaş cəmiyyəti təmsilçisinin təsisçiliyi ilə yaradılıb. Təsisçi ölkələr Açıq Hökumət Bəyannaməsini (Open Government Declaration) imzalayıblar. Sonradan təşəbbüsə qoşulan ölkələrin sayı artıb. İndiyədək 79 ölkə Açıq Hökumət Bəyannaməsinə qoşularaq təşəbbüsə üzv seçilib.

Açıq Hökumət Tərəfdaşlığının missiyası açıqlıq təşəbbüsü vasitəsilə hökumətin və cəmiyyətin yeni formaya keçidi üçün öhdəlik götürmüş yerli səviyyədə islahat tərəfdarlarını bir-biri ilə əlaqələndirmək, onlara səlahiyyət vermək və onları həvəsləndirməkdir. Tərəfdaşlığa qoşulan hökumətlər öz üzərlərinə 4 mühüm istiqamətdə öhdəlik götürməyə hazır olmalıdırlar:

1) Hökumətin fəaliyyəti ilə bağlı məlumatlılığın artırılması;

2) Vətəndaş iştirakçılığının təmin edilməsi;

3) Dövlət idarəetməsində peşəkar dürüstlüyün yüksək standartlarının tətbiq olunması;

4) Açıqlıq və hesabatlılıq üçün yeni texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi.

Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı Bəyannaməsinə qoşulmaq niyyətini bəyan edən ilk ölkələrdəndir və 2011-ci ildə tərəfdaşlığa üzv seçilib. O vaxtdan ölkəmiz iki dəfə Milli Fəaliyyət Planı qəbul edib: birinci sənəd 2012-2015-ci, ikinci sənəd isə 2016-2018-ci illəri əhatə edir.

- Açıq hökumətin əsasını hansı amillər təşkil edir?

- Açıq Hökumət Təşəbbüsünün məqsəd və vəzifələri dörd əsas prinsip üzərində qurulub:

1) Hesabatlılıq. Hökumət strukturlarının fəaliyyətlərini əsaslandırmağa, onlara yönəldilən tənqidlərə və ya tələblərə reaksiya verməyə, qanunlara və ya öhdəliklərə əməl edilməməsinə görə üzərinə öhdəlik götürməyə çağıran normalar, qaydalar və mexanizmlər mövcud olmalıdır.

2) Texnologiya və innovasiya. Hökumətlər vətəndaşların texnologiyalara açıq çıxışını, aparıcı innovasiyalarda yeni texnologiyaların rolunun və vətəndaşların texnologiyalardan istifadə imkanlarının artmasının vacibliyini qəbul edir.

3) Vətəndaş iştirakçılığı. Hökumətlər vətəndaşları ictimai debatlarda iştirak üçün səfərbər etməyə, daha çevik, effektiv və innovativ idarəetməyə gətirib çıxaran töhfə verməyə çalışırlar.

4) Şəffaflıq. Hökumətin fəaliyyəti və qərarları barədə məlumatlar açıq, hərtərəfli olmalı, vaxtında verilməli, ictimaiyyət onları sərbəst əldə etməli və məlumatların açıqlığının əsas standartlarına uyğun gəlməlidir.

- Maliyyə şəffaflığının təmin edilməsi hökumətə və vətəndaşlara nə verəcək?

- Maliyyə şəffaflığı həm hökumət üçün, həm də əhali üçün faydalıdır, vacibdir. Hökumət üçün ona görə vacibdir ki, dövlət vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət edə bilsin. Çünki həmin vəsaitlər müxtəlif istiqamətlərə xərclənir. Dövlət isə vəsaitlərin səmərəli istifadə edilməsində maraqlıdır. Səmərəsiz istifadə nəticəsində görülən işlərin faydası az olur. İnsanların tələbatı ödənilmir, xərclər şişirdilir. Bir qayda olaraq iqtisadiyyatda resurslar məhdud olur. Burada məqsəd az vəsaitlə daha çox gəlir əldə etməyə nail olmaqdır. Beləliklə, şəffaflıq hökumətə maliyyə axınlarına nəzarət etmək və vəsaitlərin təyinatı üzrə xərclənməsinə nail olmaq baxımından lazımdır. Əhaliyə gəldikdə, vətəndaşlar vergi və rüsumları ödəyirlər. Onlar əmin olmaq istəyirlər ki, həmin vəsaitlər təyinatı üzrə şəffaf xərclənir. Digər tərəfdən, şəffaflıq nəticəsində insanlar qərar qəbulu prosesinə təsir göstərir və vəsaitlərin vacib olan istiqamətlərdə xərclənməsinə nail olurlar. Əlbəttə, burada söhbət vəsaitlərin ədalətli, bərabər bölünməsindən gedir. Bu baxımdan, maliyyə şəffaflığı hər iki tərəf üçün çox vacibdir. Azərbaycanda müxtəlif mexanizmlərdən istifadə edilir. Məsələn, informasiya texnologiyalarından istifadə geniş yayılıb. Azərbaycanda da yeni texnologiya və innovasiyaların rolu artıb. Son vaxtlar elektron hökumətin yaradılması ilə bağlı xeyli işlər görülüb.

Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür? VergiYaşayış binalarındakı mənzillər vergitutma obyekti sayılırmı?