19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Pul-kredit siyasəti ilə bağlı ciddi islahatların aparılması gözlənilir

"Dövlət başçısının yeni təyin edilən İqtisadiyyat naziri ilə görüşdə səsləndirdiyi fikirlər Azərbaycan iqtisadiyyatının hazırkı durumunu və potensial inkişaf imkanlarını dəqiqliklə özündə əks etdirir. Bu baxımdan universal makroiqtisadi göstəricilər üzrə ölkə iqtisadiyyatındakı vəziyyətin stabilləşməsi eyni zamanda artıq müəyyən mənada iqtisadi artımla bağlı olan irəliləyişlərin mövcud olması onu deməyə əsas verir ki, iqtisadi vəziyyət sabitləşib".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı ekspert Elşad Məmmədov "vergilər.az"a açıqlamasında bildirib ki, 2014-2015-ci illərdə dünya bazarında enerji daşıyıcılarının qiymətlərinin kəskin enməsindən sonra baş verən iqtisadi proseslər tədricən sabitləşməyə doğru gedib. Ölkə başçısının tamamilə haqlı olaraq bildirdiyi kimi, indi əsas məqsəd qabaqlayıcı iqtisadi artıma nail olmaqdır. Bu artım, ilk növbədə, yüksək texnoloji tutumlu iqtisadi fəaliyyət növlərinin əsasında reallaşdırılmalıdır.

İndi əsas məqsəd qabaqlayıcı iqtisadi artıma nail olmaqdır. Bu artım, ilk növbədə,
yüksək texnoloji tutumlu iqtisadi fəaliyyət növlərinin əsasında reallaşdırılmalıdır

E.Məmmədovun fikrincə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payının artırılması üçün qabaqlayıcı trayektoriya, inkişaf istiqaməti müəyyən edilməlidir: "Bu baxımdan, həmin sahəyə investisya axınlarının kəskin şəkildə artımına çox ciddi ehtiyac var. İnvestisiyaların artımı dedikdə, sözsüz ki, prioritet olaraq ölkə iqtisadiyyatına tələb olunan investisiya axınlarının daxili investisiya mənbələrinə söykənməsi və bunun üçün daxili kredit institutunun real şəkildə formalaşdırılması tələb olunur. Bu, ölkə iqtisadiyyatının universal makroiqtisadi göstəricilər üzrə artımına və qabaqlayıcı artımına şərait yaratmalıdır".

İqtisadi inkişaf meyillərinin çox ciddi sosial məna kəsb etdiyini deyən ekspert qeyd edib ki, artan investisiyalar regionlarda yeni iş yerləri deməkdir. İlin əvvəlindən başlayaraq sosial paketə daxil olan tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi zəruridir. "Sosial siyasət ölkə iqtisadiyyatının idarə edilməsi və aparılan islahatlar çərçivəsində prioritet olmaqda qalacaq. Bu da ölkə əhalisinin geniş təbəqələrinin sosial rifahının yüksəlməsinə xidmət edəcək".

Xatırladaq ki, Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə iqtisadi münasibətlərdə mövcud olan inhisarçılıq amillərinin aradan qaldırılması, "kölgə iqtisadiyyatı"nın xüsusi çəkisinin kəskin azaldılması ilə bağlı tapşırıqlarını və bu istiqamətdəki fikirlərini bölüşüb. Bunun son dərəcə önəmli olduğunu vurğulayan E.Məmmədov inhisarçılıq meyillərinin maksimum şəkildə aradan qaldırılmasının yeni yaradılan nazirliyin birbaşa səlahiyyət çərçivəsinə daxil olacağını deyib: "Bu, milli iqtisadiyyatın dayanıqlığı üçün, eləcə də sosial nöqteyi-nəzərdən son dərəcə önəmlidir.

İlin əvvəlindən "ağarma" prosesinin ölkə iqtisadiyyatına xeyli
dərəcədə maliyyə resursu gətirməsinin şahidi olmuşuq

İlin əvvəlindən "ağarma" prosesinin ölkə iqtisadiyyatına xeyli dərəcədə maliyyə resursu gətirməsinin şahidi olmuşuq. Bu, iqtisadi sahədə neqativ halların aradan qaldırılması ilə bağlı son dərəcə mühüm addımdır. Bununla yanaşı, iqtisadi cəhətdən çox ciddi nəticələri var - fiskal orqanlar tərəfindən 700 milyon manatdan çox əlavə yığımların əldə olunması məhz "kölgə iqtisadiyyatı"nın xüsusi çəkisinin azalması ilə bağlıdır. Düşünürəm ki, bu istiqamətdə artıq Vergilər Nazirliyinin müstəsna xidmətləri var. Heç şübhəsiz ki, yeni yaradılan strukturda da bu məsələlər prioritet olacaq".

Qeyd edilib ki, dövlət başçısı ölkə iqtisadiyyatının diaqnostikasını, strukturlaşmış və sistemli təhlilini tam şəkildə verib. İqtisadiyyat Nazirliyinin və bütövlükdə Nazirlər Kabinetinin fəaliyyətinin effektivliyinin yülsəldilməsi üçün növbəti mərhələdə pul-kredit siyasəti ilə bağlı ciddi islahatların aparılması gözlənilir.

Fərqanə ALLAHVERDİQIZI

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?