20 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Uçotun dürüstləşdirilməsi ixracatçıların işini asanlaşdıracaq

Kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində uçotun dürüstləşdirilməsi ixracatçı şirkətlərin işlərini yüngülləşdirəcək. 

Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının nəzarət-təftiş komissiyasının sədri Tariyel Məhərrəmov "vergiler.az"a açıqlamasında bildirib ki, hazırda fındıq ixracı ilə məşğul olan şirkətlər yerli istehsalçılar və tədarükçülərdən məhsul alarkən onu rəsmiləşdirə bilmirlər. Bunun bir səbəbi kənd təsərrüfatı istehsalçılarının satışı rəsmiləşdirməkdə maraqlı olmamasıdırsa, digər səbəbi həmin təsərrüfatların rəsmi uçotunun aparılmamasıdır:

"Vergilər Nazirliyi artıq bu sahədə uçotun dürüstləşdirilməsinə başlayıb. Pilot layihə kimi Şamaxıda işlər aparılır. Əsas fındıq istehsalı regionlarında da kənd təsərrüfatı sahələrinin qeydiyyatına başlanılıb. Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə müsbət dəyişikliklər əldə edə biləcəyik".

T.Məhərrəmov satdıqları məhsullara görə alış sənədlərinin təqdim edilməsi üçün kənd təsərrüfatı istehsalçıları arasında maariflənmənin aparılmasına ehtiyac olduğunu vurğulayıb: "Onlar satdıqları məhsul barədə sənəd verməkdən çəkinir. Sənəd tələb etməyən, vergidən yayınaraq fəaliyyət göstərən tədarükçülər isə o məhsulu asanlıqla onlardan alırlar. Bu, kəndlilərə sərf etdiyinə görə sənədləşməyə maraq göstərmirlər. Bizim əsas çətinliyimiz bununla bağlıdır. Yerlərdə tədarükçülərin çox hallarda əhalidən fındığın toplanmasını sənədsiz həyata keçirməyi kənd təsərrüfatı məhsulları istehsalının vergilərdən azad olması ilə izah dilir və bu da həmin məhsulların alışının rəsmiləşdirilməsində böyük çətinliklər yaradır".

T.Məhərrəmov qeyd edib ki, Azərbaycanda istehsal edilən məhsulun 90 faizi xaricə ixrac edilir. Bu zaman Avropa ölkələrində həmin mallara görə beynəlxalq sertifikatlar tələb edilir: "Hər hansı məhsulla bağlı problem olanda Qida Təhlükəsizliyi Komissiyasına həmin məhsulun hansı bağdan və ya hansı ağacdan toplandığı barədə məlumat verə bilmirik. Çünki məhsulu tədarükçülər müxtəlif ünvanlardan sənədsiz topladıqlarına görə bizdə həmin məhsulun izlənməsi mümkün deyil".

Assosiasiya rəsmisi kənd təsərrüfatı torpaqlarının və istehsalçılarının qeydiyyata alınmasının bu problemlərin aradan qaldırılmasına təkan olacağını vurğulayıb. Bu məsələlərlə bağlı İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinə müraciət etdiklərini deyən T.Məhərrəmov problemlərin həlli üçün dövlət qurumlarının koordinasiyalı şəkildə birgə işləməli olduğunu deyib: "Bu məsələ tək fındıq tədarükündə deyil, digər sahələrdə də mövcuddur. Bağların identifikasıyası məsələsi aktualdır. Sadalanan problemlər üzündən Azərbaycanda istehsal edilən məhsullara Avropada komission haqları tətbiq edilir. Natural fındıq ləpəsinə görə 3,2 faiz, qovurmaya, fındıq ununa görə isə 11-12 faizə qədər məbləğ tələb olunur. Bu, bizə çətinliklər yaradır, Türkiyə və Gürcüstan kimi fındıq istehsalçısı olan ölkələrlə rəqabətdə geri qalırıq".

T.Məhərrəmov yerli fındıq emalı müəssisələri ilə əməkdaşlıqda da problemlər yarandığını qeyd edib: "Onlarla birbaşa ticarət əlaqələrinin yaradılması mümkün deyil. Səbəbi odur ki, həmin müəssisələrin ixracyönümlü müəssisələrə satdığı məhsullara ƏDV tətbiq edilir. Ancaq onlar ƏDV ödəyicisi olmadıqlarına görə həmin məbləğlərin əvəzləşdirilməsi mümkün olmur. Bizim işimizə bir maneə də buradan yaranır".

Fərqanə ALLAHVERDİQIZI

VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur? VergiHansı vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməz? Vergiİtirilmiş istifadəçi kodu, parol və şifrənin bərpası hansı qaydada mümkündür?