1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Doing Business 2020"də ölkəmizin mövqeyinin güclənməsi islahatların davamlılığı ilə bağlı beynəlxalq qiymətdir

Azərbaycan Dünya Bankının nüfuzlu "Doing Business 2020" hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb. Hesabata əsasən, Azərbaycan "Doing Business 2020" hesabatında dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir. İqtisadçı ekspert Vüqar Bayramov ölkəmizin "Doing Business 2020"də ən islahatçı 20 ölkə sırasında yer almasını AZƏRTAC-a şərh edib.

V.Bayramov bildirib ki, "Doing Business" hesabatında Azərbaycanın 20 ən islahatçı ölkədən biri elan olunması ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara verilən beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Nəzərə alsaq ki, xüsusən 2015-ci ildən etibarən Azərbaycanda dərinləşmiş iqtisadi islahatlar aparılır. Bu da beynəlxalq hesabatların reytinqlərində, eləcə də Dünya Bankı kimi aparıcı qurumun "Doing Business" hesabatında özünü əks etdirir.

Həmin hesabat həm dövlət, həm də sahibkar və xüsusən də investisiya həyata keçirmək niyyətində olan iş adamları üçün vacibdir. Çünki onlar investisiya qərarları verən zaman bir neçə mühüm hesabata diqqət ayırırlar ki, həmin hesabatların ən vaciblərindən biri də məhz "Doing Business" hesabatıdır. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim olunmasına yardım edir, həm də islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu baxımdan "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması birbaşa 2015-ci ildən dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır.

Dərinləşdirilmiş islahatların davam etdirilməsi ilə bağlı möhkəm siyasi iradə var

Ekspert deyib: "Doing Business 2020"yə dair islahat icmalının təqdim edilməsi ondan xəbər verir ki, Azərbaycan hökuməti növbəti illərdə də islahatları davam etdirmək və dərinləşdirmək niyyətindədir. "Doing Business"in əsas fəlsəfəsi və qiymətləndirmə meyarı ondan ibarətdir ki, xidmətlərin alınması üçün tələb edilən günlərin, prosedurların sayında azalmalar olsun, iş adamları, vətəndaşlar daha az xərclər və xidmətlərdən faydalana və yararlana bilsinlər. Məqsəd beynəlxalq hesabatlarda mövqeyimizin yaxşılaşdırılması ilə yanaşı, iş adamlarının daha yaxşı biznes mühitindən faydalana, xidmətlərdən elektron qaydada yararlana bilmələridir. Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər. Bütün bu uğurlar isə Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət olmaqla yanaşı, milli sahibkar üçün də yeni imkanların yaradıldığından xəbər verir".

Dörd istiqamət üzrə islahatların dərinləşməsi hesabata təsiredici amillərdəndir

V.Bayramov qeyd edib ki, 2020-ci il üçün hazırlanan "Doing Business" hesabatında Azərbaycanla bağlı mövqeyə diqqət yetirsək, 4 istiqamət üzrə ölkəmizdə islahatların dərinləşməsi müşahidə olunur. Onlardan biri də əmlakın qeydiyyata alınmasıdır. Əmlakın qeydiyyata alınmasının elektronlaşması və xüsusən Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha çevik və elektron xidmətlərin təklif olunması daha qısa zamanda vətəndaşların öz əmlaklarını qeydiyyata alınmasına imkan yaratdı. Eləcə də cari ildə ölkə başçısı tərəfindən bir sıra çoxmərtəbəli yaşayış binalarının qeydiyyatının asanlaşdırması ilə bağlı ayrıca bir fərmanın imzalanması da qeydiyyatın asanlaşdırılması prosedurunun sadələşdirilməsinə imkan verdi. Nəticə etibarilə çoxlu sayda vətəndaşımız bu ilin ötən aylarında istər yeni tikililərdə olan mənzillərin, istərsə də fərdi yaşayış sahələrinin, evlərinin qeydiyyatını həyata keçirə bildi ki, bu da Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə təsir göstərib. Eyni zamanda, əmlakın qeydiyyata alınması ilə bağlı tələb edilən prosedurların, günlərin sayının azaldılması müşahidə olundu. Bu da “Doing Business” qiymətləndirməsinin əsas meyarlarından biridir. Belə ki, Dünya Bankı bu hesabatı hazırlayan zaman ən çox önəm verdiyi meyarlar prosedur və günlərin saylarının, eyni zamanda, tələb olunan xərclərin azaldılmasıdır. Əmlakın qeydiyyatı ilə bağlı aparılan islahatlar bunların reallaşmasına imkan yaratdı.

Perekladatsiyanın təmin edilməsi istiqamətində aparılan islahatların Azərbaycanın mövqeyinə təsir göstərdiyini deyən iqtisadçı ekspert bildirib ki, bu, xüsusən kredit bürolarının yaradılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi, elektron xidmətlərin təklif olunması, nəticədə həm vətəndaş, həm də biznesin daha qısa zamanda kredit əldə etmək imkanı yaranmasına gətirib çıxarır. Bu da kreditə əlçatanlığın genişləndirilməsi və xüsusən də sahibkarlıq subyektlərin daha qısa zamanda kreditalma imkanının yaranmasına səbəb oldu: "Digər azsaylı səhmə malik olan sahibkarların hüquqlarının qorunması ilə bağlı aparılan islahatlar da "Doing Business" hesabatındakı mövqeyimizə birbaşa təsir göstərib. Bu, uzun müddət müzakirə olunan məsələlərdən biridir. Belə ki, Azərbaycanda əvvəlki dövrlərdə özəlləşmə dövrü kiçik səhmdarların hüquqlarının qorunması məsələsi ən çox müzakirə edilən məsələlərdəndir. Bu istiqamətdə addımların atılması, islahatların həyata keçirilməsi imkan verdi ki, Azərbaycan aparıcı islahatlar aparan ölkələr arasında ilk 20-yə daxil ola bilsin. Daha qısa zamanda müqavilələrin bağlanması, icrası, bu istiqamətdə prosedurların sadələşdirilməsi ilə bağlı aparılan islahatlar da Azərbaycanın mövqeyinə təsir göstərən amillərdəndir".

"Bütövlükdə hesabat göstərir ki, xüsusən elektron xidmətlərin daha çox istifadə olunması vətəndaşların, eləcə də biznesin dövlət xidmətlərinin elektron olaraq əlçatanlığın təmin edilməsi Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə birbaşa təsir göstərib. Bu da bir tərəfdən təbii ki, 2015-ci ildən etibarən aparılan iqtisadi islahatların dərinləşməsinin qiymətləndirilməsidir. Nəticə olaraq bu, islahatların davamlılığı ilə bağlı beynəlxalq qiymətdir. Bu da onu göstərir ki, Azərbaycan növbəti dövrlərdə də dərinləşmiş islahatları davam etdirəcək", - deyə V.Bayramov vurğulayıb.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ