1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür

Bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 25 ili tamam olur. 1994-cü il sentyabrın 20-də Bakının "Gülüstan" sarayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında" Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanıb.

"Əsrin müqaviləsi"ndə 8 ölkənin - Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Yaponiya, Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanının - 13 neft şirkəti ("Amoco", BP, "McDermott", "Unocal", SOCAR, "LUKoil", "Statoil" (hazırda "Equinor"), "Exxon", "Türkiye Petrolleri", "Pennzoil", "Itochu", "Remco", "Delta") iştirak edib. Bununla da, müstəqil Azərbaycanın neft strategiyası və doktrinasının əsası qoyulub.

Heydər Əliyevin rəhbərliyi və səyi nəticəsində hazırlanaraq imzalanmış müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarı, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən sayılır.

"Əsrin müqaviləsi"ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb. Müqavilə Azərbaycanda neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatıb – hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəqlinə dair Rusiya ilə Azərbaycan arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verilib. 1998-ci ildə AÇG neftinin fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməsinə başlanılıb.

1997-ci ildə neftin Qara dənizə çıxarılması üçün Bakı-Supsa marşrutu ilə nəqlinə dair Azərbaycan və Gürcüstan arasında saziş imzalanıb. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilib.

Bununla belə, "Əsrin müqaviləsi" çərçivəsində hasil olunmuş neftin ixracı üçün yeni kəmərə ehtiyac yaranmışdı. Odur ki, Ümummilli Lider Heydər Əliyev yeni neft kəmərinin tikilməsi təşəbbüsü ilə çıxış edib. Müxtəlif siyasi, iqtisadi və xarici maneələrə baxmayaraq, 2002-ci ildə Heydər Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin təməli qoyulub. 2006-cı ilin mayında Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırılıb. Hazırda BTC, nəinki respublika və region, eyni zamanda beynəlxalq səviyyədə də mühüm əhəmiyyət kəsb edən layihə sayılır.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur, bunun gələcəkdə 60 milyon tona çatdırılması mümkündür. Uzunluğu 1768 km olan BTC ilə hazırda Azərbaycandan, əsasən, AÇG nefti və "Şahdəniz" kondensatı daşınır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.

"BTC Co."nun səhmdarları bunlardır: BP (30,1%), “AzBTC” (25%), "Chevron" (8,9%), "Equinor" (əvvəlki "Statoil") (8,71%), TPAO (6,53%), "Eni" (5%), "Total" (5%), "Itochu" (3,4%), "Inpex" (2,5%), "ExxonMobil" (2,5%) və "ONGC (BTC) Limited" (2,36%).

Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30 ölkəsinə, qaz isə Gürcüstan, Türkiyə, Rusiya, İran və Yunanıstana nəql edilir.

2017-ci il sentyabrın 14-də isə Bakıda növbəti saziş imzalanıb. Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yataqlar blokunun və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsini nəzərdə tutan və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. "Yeni əsrin müqaviləsi" adı alan saziş Azərbaycan Hökuməti, SOCAR, BP, "Chevron", "Inpex", "Equinor", "ExxonMobil", "TP", "Itochu" və "ONGC Videsh" şirkətləri tərəfindən imzalanıb.

Bununla da, AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. Növbəti 31 il müddətində AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

Hazırda AÇG-də tərəfdaşların iştirak payı belədir: BP – 30,37 faiz, "AzACG" (SOCAR) – 25 faiz, "Chevron" – 9,57 faiz, "Inpex" – 9,31 faiz, "Statoil" – 7,27 faiz, "ExxonMobil" – 6,79 faiz, TP – 5,73 faiz, "Itochu" – 3,65 faiz və "ONGC Videsh Limited" (OVL) – 2,31 faiz.

Ümumilikdə 1997-ci ilin noyabr ayından 2019-cu ilin 1 sentyabrına AÇG-dən 492 mln. ton neft hasil edilib ki, bunun da 287 mln. tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. Bu dövr ərzində AÇG-dən 161 mlrd. kubmetr təbii qaz hasil olunub.

Qeyd edək ki, "Əsrin müqaviləsi"nin Azərbaycan üçün iqtisadi-sosial əhəmiyyəti qədər, siyasi əhəmiyyəti də çox böyükdür. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dünya dövlətləri sırasında layiqli yerini tutmasında "Əsrin müqaviləsi"nin müstəsna rolu var.

"APA-Economics"

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ